Bia.Az

30 İLLİK "KƏPƏZ" MÜNAQİŞƏSİ DƏ HƏLLİNİ TAPDI - Tarixi Anlaşma Memorandumu imzalanıb

Gündəm
 21-01-2021, 14:55     310

Azərbaycan Xəzərin karbihijdrogen ehtiyatlarının istismarı işində daha bir nailiyyət əldə edib. Uzun illərdər Türkmənistanla Azərbaycan arasında mübahisə predmeti olan “Kəpəz” (türkmən versiyasına görə “Sərdar” ) yatağının karbihiderogen ehtiyatlarının birgə istismarına dair iki ölkə hökumətləri arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iki ölkənin xarici işlər nazirləri imzalayıb və xəbər verildiyi kimi, bu mühüm anlaşmanın imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.


Həmin yatağın özü kimi adı da mübahisə doğurduğundan tərəflər daha əvvəl aparılmış danışıqlarda onu iki ölkənin dostluğunun və getdikcə dərinləşən tərəfdaşlığının rəmzi olaraq “Dostluq” adlandırmağı qərara almışdılar. Və imzalanan sənəddə də yataq belə adlandırılır. Simvolikdir ki, Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini azad edib Qarabağ münaqişəsini həll etdiyi kimi təxminən elə həmin müddətdir mövcud olan daha bir münaqişəli məsələni yoluna qoyub, öz qonşusu ilə Xəzərdəki mübahisəli yatağın birgə istismarına dair tarixi anlaşma əldə edib.
İndiki adı “Dostluq” olan bu iri karbohidrogen yatağı ilə bağlı mübahisələr Azərbaycanın və Türkmənistanın müstəqilliyini əldə etməsindən az sonra başlamışdı. Yataq iki ölkənin dəniz sərhədində yerləşir və Bakı yatağın SSRİ dövründə Azərbaycan geoloqları tərəfindən kəşf olunduğunu əsas gətirərək ona öz iddiasını ortaya qoyub.
Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. Xəzərdəki ən iri neft-qaz yataqlarını onlar kəşf ediblər, sonradan “Əsrin müqaviləsi” əsasında istismar edilən və Azərbaycanın neft-qaz strategiyasının əsasını qoyan “Azəri-Çıraq-Günəşli” yataqlar bloku da məhz sovet dövründə kəşf edilmişdi.

Qeyd edək ki, yataq 4 kilometr dərinlikdə yerləşən layda aşkar edilib və 1989-cu ildə azərbaycanlı neftçilər tərəfindən orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün ittifaq sənədlərində "Promejutoçnoe", yəni “Aralıq” adlanırılırdı. Lakin türkmən tərəfi də “Kəpəz” yatağını Xəzərin Türkmənistan sektoruna daha yaxın olduğunu əsas gətirərək onu özününkü hesab edirdi. Nəticədə hər iki ölkənin müstəqilliyini əldə etməsindən sonra yataq Azərbaycanla Türkmənistan arasında başlıca mübahisə predmetinə çevrilmişdi. Türkmən tərəfi bir neçə dəfə yataqda təkbaşına hasilat işləri aparmağa cəhd etsə də Azərbaycan tərəfinin etirazlarından sonra bu baş tutmamışdı.
Yatağın neft-qaz ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir və mütəxəssislərin hesablamalarına görə həmin ehtiyatların ən azı 50 milyon tonu hasil edilə bilər. Bu isə 35-40 milyard dollarlıq gəlir deməkdir. Lakin yataq ətrafında davam edən mübahisələrə görə onun işlənməsi uzun illər mümkün olmayıb, tərəflər on illər ərzində yataqla bağlı danışıqlar aparırdılar.

Bu danışıqların birinci mərhələsində tərəflər Xəzər dənizinin orta xətti koordinatlarını müəyyən etmək üçün 1998-ci ildə ekspert qrupu formalaşdırıblar. Nəhayət Xəzərin bölgüsü və statusu məsələsi sahilyanı dövlətlər tərəfindən uzun sürən danışıqlardan sonra öz həllini tapdı. Daha sonra Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin inkişafının yeni mərhələsi başladı. Dövlət başçıları arasında qarşılıqlı təmaslar, qarşılıqlı səfərlər iki qonşu və dost ölkə arasında bütün məsələlərin, o cümlədən mübahisəli neft-qaz yatağına dair məsələnin hər iki tərəfin maraqlarını qane edəcək formada həlli üçün zəmin formalaşdırdı.
İlham Əliyev öz prezidentliyi dövründə üç dəfə Türkmənistana rəsmi səfər edib (28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il), eləcə də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana 6 səfərləri ( 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il) olub. Təbii ki, bütün bu qarşılıqlı səfərlər, yüksək səviyyəli danışıqlar zamanı “Kəpəz” yatağına dair danışıqlar da aparılırdı. Danışıqlarda yatağın birgə istismarı kompromis variant kimi müzakirə olunurdu.

Nəhayət tərəflər hər iki ölkənin maraqlarına, Xəzər regionundakı mövqelərinin gücləndirilməsinə xidmət edən tarixi anlaşmanı əldə etdilər. Anlaşmaya əsasən “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi hesab edilməlidir.
Bundan əvvəl Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Görünür “Dostluq” yatağına dair anlaşma da bu yeniliklərdən biri kimi nəzərdə tutulurdu.
Memorandumun imzalanması şübhəsiz ki, tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Çünki söhbət kifayət qədər böyük ehtiyatlara malik yataqdan gedir, nəticədə Azərbaycan hələ uzun müddət Xəzərin iri karbohidrogen hasilatçılarından biri kimi öz mühüm geosiyasi mövqeyini qoruyub saxlaya biləcək. Digər tərəfdən yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu da neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Digər tərəfdən sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Sirr deyil ki, yataqla bağlı mübahisə iki ölkə arasında bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə də mənfi təsir göstərirdi. İndi isə Azərbaycanla Türkmənistan arasında heç bir anlaşılmamazlıq qalmır.
Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Memorandumun imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər.
Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.
2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi hesab edilə bilər.

BİA.AZ
скачать dle 12.1