Bia.Az

XANKƏNDİNDƏKİ 250 RUS HƏRBÇİSİ KİMİ KİMDƏN QORUYUR? - Şəhərin ətrafının minalardan təmizlənməsi xəbəri inandırıcıdırmı?

Gündəm
 25-12-2020, 20:42     324

Rusiya sülhməramlılarının mühəndis birləşmələri Qarabağın ermənilər yaşayan ərazilərində, xüsusilə Xankəndi ətrafında mina axtarmaq işini davam etdirirlər. Son məlumata görə, Dağlıq Qarabağda 280 hektardan çox ərazi minalardan təmizlənib və 9 mindən çox partlayıcı qurğu zərərsizləşdirib.

Rusiya Müdafiə Nazirliyinin saytı xəbər verir ki, sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayıb. 
"Əməliyyat zamanı 280 hektardan çox ərazi, 107 kilometrə yaxın yol, 452 yaşayış binası təmizlənib. 9 mindən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib”,- məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlıları minaların təmizlənməsində müasir robot texnikalarından istifadə edirlər. Ərazilərin minalardan və partlayıcı obyektlərdən təmizlənməsi zamanı müasir çoxfunksiyalı "Uran-6" robot sistemləri işə salınır.
Musavat.com-un məlumatına görə, ümumilikdə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 175 hektar ərazini, 49 kilometrdən çox yolu, 400-dən çox yaşayış binasını və sosial obyekti təmizləyib və 5000-ə yaxın partlayıcı obyekt aşkar edərək zərərsizləşdirib.
Tapılan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları, bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilir.
Xankəndi ətrafının minalardan təmizlənməsi haqda xəbərlər diqqət çəkir. Çünki 29 ilə yaxındır Xankəndi və ətraf rayonlar erməni işğalı altında olub və o zaman şəhər ətrafının niyə minalanması haqlı sual doğurur. Sözügedən əraziləri Azərbaycan tərəfi məntiqlə heç vaxt minalaya bilməzdi. 
Ermənilər də uzun illər işğal zonasında kefləri istədikləri kimi gəzib-dolaşdıqlarından “öz ayaqlarının altını” minalaması məntiqsiz görünərdi. O halda anlaşılan budur ki, ermənilər müharibə başlayandan, bəlkə də artıq Şuşa işğaldan azad edildikdən sonra Xankəndi ətrafını özləri minalayıblar.
Ya da mina yoxdur, sadəcə Rusiya sülhməramlıları bölgədə iş apardıqlarını göstərmək, ermənilərə xidmət etdiklərini dünyaya nümayiş etdirmək üçün "axtarış" həyata keçirirlər.  

Rusiya sülhməramlılarının neçəsinin Xankəndi şəhərində yerləşməsi də maraqlı suallardan biridir. Rusiya rəsmi mənbələri bu rəqəmin 250 nəfərlik heyətdən ibarət olduğunu deyir.
Bu yaxınlarda Xankəndində 250 nəfərlik sülhməramlı kontingent üçün blok-modullu şəhərciyin tikintisi başa çatıb. Şəhərcik idman zalı, zabit evi, hamam, tibbi yardım məntəqəsi, yeməkxana, mətbəx, silah saxlama otağı və s.ibarətdir. Şəhərcikdən +35 və -45 dərəcə arasın açıq hava temperaturunda istifadə edilməsi mümkündür.
Qeyd edək ki, Xankəndində hələ də Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanmır. Orada Rusiya və Ermənistanın bayraqları ilə yanaşı, separatçıların rəmzi asılıb. Bu isə öz-özlüyündə çox mətləblərdən xəbər verir...
Odur ki, təbii olaraq sual yaranır: qərargahı Xankəndində yerləşən Rusiya sülhməramlıları kimi kimdən qoruyur?
Rusiya sülhməramlı kontingentinin nəqliyyat vasitələri və zirehli texnikaları üçün qaraj Xocalıda işə başlayıb. Burada nəqliyyat və hərbi texnikanın vəziyyətinin izlənməsi, texniki qulluq və təmir işlər aparılacaq.

6 min kvadratmetr ərazidə 360-dan çox avadanlıq yerləşdirmək mümkündür. Burada yanacaqdoldurma məntəqəsi və zirehli texnika üçün qaraj da var. Parkın texniki təchizatı gündə 10-dan çox avtomobil və zirehli texnikanın təmirinə imkan verir.скачать dle 12.1