Bakı Moskvanı belə bitirdi – 40 illik ssenari Putin üçün gerçəkləşir / VİDEO

Rusiya bu regionda ənənəvi qaydada qala bilmir. Amiranə ton keçmir daha. Heç provokasiya edib, ortalığı qarışdırmaq gücü də yoxdur. Nə edirsə, daha çox əleyhinə işləyir. Ona görə də belə sərt reaksiya verir.
Geopolitik reallıqlar Rusiyanın əleyhinədir. Gələcəyin dünyasında özünə yer etmək istəsə də, çabaları boşuna gedir. Müqavimət göstərir. Dirəşir. Hər dəfə də bu müqavimət cinayətlə, qanla, ölümlə müşayiət olunur. Günahsız insanlar Rusiyanın bu yersiz və mənasız dirənişinə görə bədəl ödəyir. Amma gələcəkdə daha böyük itkilərin olmaması üçün indidən addımlar atılmalıdır və atılır.
İmperiya xislətli Rusiyanın 200 ildən çox hökm etdiyi coğrafiyadan uzaqlaşması asan olmayacaq. Necə ki deyil. Rus hara giribsə, orada qan dizə çıxıb. Rus hardan çıxıbsa, oranı viran qoymağa çalışıb. Amma qovulduğu, məcburiyyətdən çıxdığı əksər yerlər sonra abad olub, inkişaf edib.
Azərbaycanla münasibətlərin bu həddə çatmasının günahkarı Rusiyadır. Ortaya qan düşüb – günahsız insanların qanı… Təyyarə faciənin ağrısı canımızdan çıxmamış, Yekaterinburq hadisələri başladı. Qan üstünə qan gəldi. Dahası da var: Moskvadan yönləndirilən kiber hücumlar, ideoloji təxribatlar, media üzərindən yersiz hücumlar Bakını cavab tədbiri görməyə vadar etdi. Biz bu rəftarı gözardı edə bilməzdik. Ona görə də Prezident İlham Əliyevin təyyarə faciəsinə kəskin reaksiyası Rusiyaya yerini göstərdi. Moskva belə sərt cavab gözləmirdi, 200 illik ənənə demək olar, pozulmuşdu. Ona görə də psixoloji tarazlığını itirdi. Onların raketinə sözlü cavab Kreml sahibinin mövqeyini, ritorikasını alt-üst etdi.
AZAL-ın təyyarə qəzası, 25 dekabr 2024-cü il
İlham Əliyevin 9 May Qələbə Paradında iştirak etməməsi isə Rusiyaya gerçəkləri tam mənası ilə anlatdı. Vladimir Putin yeni mərhələnin başladığını gördü. Amma qəbul edə bilmədi. Cənubi Qafqaz əldən çıxır, üstəlik Azərbaycan kimi önəmli dövlətlə münasibətlər kəskinləşir. Bakı geri çəkilmir, güzəştə getmir, gözməzdən gəlmir. Kreml sahibi səhvlərini düzəltmək əvəzinə növbəti yanlışa yol verir.
Rusiya hazırda çox zəifdir. Ukrayna ilə müharibə Moskvanın qəddini əyib. Sanksiyalar bir yandan, savaşda hər gün itirdiyi maddi itkilər başqa yandan, ardıcıl PUA hücumları isə onun “qüdrətli dövlət” imicini yerlə bir edib. İki sutkadır Ukraynanın hava hücumlarına görə Rusiyanın üç böyük aeroportunda 400 reys ləğv edilib və ya gecikib. Moskvanın gözünü açmasına imkan verilmir.
Həmçinin oxuyun:
“Azərbaycan hiss edir ki, Rusiya Zəngəzur dəhlizinə zorla soxulmaq istəyir” – Amerikalı diplomatdan SENSASİYARusiyanın özünü daim komfortda hiss etdiyi Cənubi Qafqaz regionu artıq nəzarətindən çıxıb. Ermənistan Kremlin təsirini azaltmaq üçün Qərbə üz tutub. Nikol Paşinyanın hakimiyyətə gəldiyi gün Moskva İrəvanı itirdi. Paşinyan müharibəni uduzdu, erməni işğalçıları torpaqlarımızdan qovuldu, Miatsum “ideologiyası” iflas edildi, ordusu zəiflədildi, iqtisadiyyatı çöküş yaşadı. Amma Paşinyan, özünün ifadə etdiyi kimi, “Real Ermənistan“ı qazana bildi. “Real Ermənistan” həm də Rusiyasız Ermənistan deməkdir.
Azərbaycan isə müharibədə qalib gələrək, separatizmin kökünü kəsərək, suverenliyini bərpa edərək Rusiyanı öz ərazisində bitirdi! Artıq Azərbaycan Kremlin ürəyi istədiyi vaxt təzyiq göstərə biləcəyi dövlət statusundan çıxıb. Təsəvvür edin, Ermənistanla Azərbaycan düşmən ölkələr olsalar da, Rusiya amilinə görə ortaq maraqlardan çıxış edirlər. Bakı-İrəvan təmasları birbaşadır – vasitəçilərsiz. Sülh sazişini əhatə edən maddələr böyük ölçüdə razılaşdırılıb. Prezident Əliyevin iradəsi ilə artıq nə Brüssel masasına ehtiyac qalıb, nə Vaşinqton təmasına, nə də Moskva, Soçi formatına. İlk gündən rəsmi Bakı deyirdi ki, tərəflər bütün məsələləri öz aralarında həll etməlidirlər. O mərhələ başlayıb və uğurla yekunlaşacağına şübhə etmirik.
Gürcüstan da Moskva ilə məsafəli davranır. Tbilisi Moskvadan heç bir direktiv almır. Daha ora da rusun əli girmir.
Azərbaycan məhəlli dövlətdən regional oyunçuya çevrilib. Geopolitik proseslərdə fəal iştirakçıdır. Bəzən diqtə edir. Müasir dünyada dəhliz savaşları uğrunda gedən rəqabət rəsmi Bakını daha əlverişli mövqeyə çıxarıb. Zəngəzur dəhlizi faktoru Çin kimi dünya nəhəngini Azərbaycana daha da yaxınlaşdırıb. Hələlik tam olaraq özünü göstərməsə də, Britaniya da bu geopolitik cərəyanın əsas aktorlarındandır.
İranla münasibətlərin düzəlməsi istiqamətində ciddi addımlar atılır. Prezident Məsud Pezeşkian Şuşada İlham Əliyevlə türkcə danışır. Dövlətimizin başçısı ona Şuşanın işğal yaralarını göstərir. O yaralarda İranın da izi var. İndi azad Şuşada, azad Xankəndidə İlham Əliyev geoplitik proseslərə yön verir.

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif Xankəndidə, 4 iyul 2025-ci il
Bakının Türkiyə, Pakistan, İsrail kimi region dövlətləri ilə də münasibətləri yüksək səviyyədədir. Amerika Birləşmiş Ştatları burdan nə qədər uzaqdırsa, bir o qədər də yaxındır. Vaşinqtonu Bakı ilə strateji maraqlar birləşdirir. Azərbaycan ABŞ üçün hava, su və torpaq dəhlizi kimi əhəmiyyətli coğrafiyadır. Necə deyərlər, Azərbaycan Ağ Evə hava-su kimi lazımdır. Ölkəmiz NATO üçün də eyni statusdadır.
Belə müttəfiqləri, tərəfdaşları olan Azərbaycana Rusiya nə edə bilər?! Putini, ölkəsini xəfifə almırıq, amma daha əvvəlki kimi ehtiyat da etmirik!
Rusiya müttəfiqlərinə, qonşularına yuxarıdan aşağı baxmağı dayandırmasa, onlara bərabərhüquqlu və hörmətli münasibət göstərməsə, məğlubiyyətdən və iflasdan sığortalana bilməyəcək.
Donald Tramp hakimiyyətə gəldikdən az sonra ölkəsini Rusiya ilə yaxınlaşmış kimi göstərdi. Vladimir Putinlə dostlaşdığı görüntüsünü yaratdı. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Ronald Reyqan da 1980-ci illərin sonlarına yaxın SSRİ rəhbəri Mixail Qorbaçovla “dostlaşdı”, Vaşinqtonla Moskva arasında gərginlik azaldıldı. Sonra SSRİ dağıdıldı – məhz ABŞ-ın yaxından dəstəyi və iştirakı ilə…

Azər Ayxan
Globalinfo.az