ALÇAQ DÜŞMƏN GƏNCƏNİ VURDU! - 9 nəfər həlak olub, 33 yaralı ... + FOTO/VİDEO (Yenilənir)
Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.
***
"Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb".
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
"Qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla 33 nəfər ağır yaralanıb. Ermənistan Azərbaycanın mülki əhalisinə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir", - deyə, paylaşımda qeyd olunub.
***
“Gəncədə insanlar yüksək əhval ruhiyyədədir, heç kim qorxmur, insanlar təşvişə düşməyib, hər şey qaydasındadır”. Bunu Musavat.com-a verdiyi açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov bildirib.
O, qeyd edib ki, Gəncənin mərkəzi hissəsinə atılmış raket nəticəsində üç binaya zərər dəyib:
“Həmin ərazidə üç bina var. Biri iki mərtəbəli 16 mənzillidir. İkisi də birmərtəbəlidir. Birində 9 mənzil, digərində 6 mənzil var. Ümumi orda 84 ailə yaşayır. 5 nəfər həlak olub. 34 yaralı var. 2 nəfərin dağıntılar altında qaldığı bildirilir. Bütün yaralılar xəstəxanadadırlar. Əlavə məlumat veriləcək”.
***
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
Bununla bağlı Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
***
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub. “Report”un Qərb Mərkəzinin verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.
Nəticədə bir neçə sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, infrastruktura külli miqdarda ziyan dəyib. Ölənlərin olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
BİA.az