Bia.Az

"BİZ AXIRA QƏDƏR GEDƏCƏYİK, DAYANMAMIŞIQ!" - "Paşinyan Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi"

Gündəm
 11-10-2020, 15:53     331

"Biz sabah başlamağa hazırıq. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır. Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən, deməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb.
Bəyanatın ilkin variantı tamam fərqli idi. Dünən mən onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. 
Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır. 
Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni, biz mümkün qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə qayıtmalarına imkan verəcək"
Bu sözləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
Prezident daha sonra deyib:   "Biz axıra qədər gedəcəyik. Biz dayanmamışıq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyikBizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə, bu məqsədə doğru necə getməliyik?
Dövlət başçısı bildirib: "Biz siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar daha 30 il davam edərdi. O vaxta qədər nələr baş verərdi? Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarının pozulmasıdır.
Təəssüf ki, buna heç kəs – nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermədi. Azərbaycanın tarixi irsinin dağıdılması, bizim mədəni, tarixi, dini abidələrin məhv edilməsi, toponimlərin dəyişdirilməsi, rayonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi. Yəni, biz daha 30 il gözləməli olardıq, sonra da bizə deyərdilər ki, bilirsiniz, iş belə gətirib, bununla barışın. Bizə belə də deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama mərhələsinə çatmışıq.
Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə bizə məxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasətimizi bundan sonra da dəstəkləyəcək. Çünki biz həmişə xalqa həqiqəti demişik. Həmişə xalqın mənafelərini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamıya sübut etdi".
İlham Əliyev deyib erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib: ndiki eskalasiyaya qədər atəşkəs uzun müddət, onilliklər boyu davam etdi. Təmas xəttində müəyyən toqquşmalar olub, bu il iyul ayında dövlət sərhədində erməni tərəfinin təxribatları olub. Lakin son 30 ilə yaxın müddətdə bu qədər genişmiqyaslı əməliyyatlar olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən, yəni, bu gecə və səhər mənim aldığım məlumata görə, erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni, onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir.
Dövlət başçısı bildirib: "Bundan heç də az əhəmiyyətli olmayan ikinci amil indicə haqqında danışdığım məsələdir. Biz danışıqlar masası arxasında Ermənistan tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki, onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər. Son bir il ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi. Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır".

Prezidenti İlham Əliyev daha sonra qeyd edib: " Böyük etimad bəsləmədiyin adamla danışmaq çətindir. Mən onun sələfləri, müharibə cinayətkarları hesab etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim. Çünki onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, biz bu münaqişənin nizamlanması yolunu tapmalı idik".
Dövlət başçısı bildirib: "Ermənistanda yeni iqtidar, yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidverici idi. Mən bir dəfə bu barədə danışmışam, təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi, yəni, biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki, rəqiblə danışıqlar aparırıq, lakin hətta rəqiblə, düşmənlə də münasibətdə vicdanlı qalmaq, heç olmasa öz qarşısında vicdanlı olmaq, öz sözünə hörmət etmək lazımdır. Bunlar baş verəndə təbii ki, bizim bu mənasız fəaliyyəti davam etdirmək istəyimiz aradan qalxdı. 
Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə danışmaq olar? Yəqin onlar öz ölkələrində yalan danışmağa adət ediblər. Lakin internet dövründə tarix barədə, münaqişənin mahiyyəti barədə yalan danışanda bu yalan çox tezliklə ifşa olunur. Buna görə mən belə imkanı istisna etmirəm, lakin bunun üçün müəyyən şərait lazımdır. İndiki mərhələdə mən bunu səmərəli hesab etmirəm. Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi".
Prezident deyib ki, Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir: "Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır. Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə, həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna əsaslanır. Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusiyanın imkanları bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır".
Dövlət başçısı bildirib: "Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq".скачать dle 12.1