Berlin platformasını Tiflis əvəzləyir: Danışıqlar üçün yeni məkan - GƏLİŞMƏ

Azərbaycan və Ermənistan arasında sülhə nail olunması üçün Gürcüstan paytaxtı danışıqlar məkanı kimi seçilə bilər.
Artıq rəsmi Tiflis bu istiqamətdə siyasi fəallıq nümayiş etdirməyə başlayıb. Martın 12-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb. Baş nazir səfirlərlə regiondakı mövcud vəziyyəti müzakirə edib.Görüş zamanı bölgədə sülh və sabitliyin vacibliyi vurğulanıb.
Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb. Lakin sözügedən müzakirələrdə daha çox Azərbaycan və Ermənistan arasında sülh platformasının yaradılması üçün Tiflisin konkret təşəbbüslə çıxış etdiyi güman olunur.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti iki qonşu ölkənin sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu dəfələrlə bildirib. 2023-cü ildə Fransanın siyasi müdaxiləsi nəticəsində Ermənistanın danışıqları Rusiyada aparmaqdan imtina etməsi, eyni zamanda Brüssel və Vaşqintonda əldə olunmuş razılaşmaları pozması fonunda Azərbaycan müzakirələri neytral məkan kimi Gürcüstan paytaxtında davamını təklif etmişdi.
Ancaq Ermənistan ciddi səbəb göstərmədən Tiflis platformasından imtina etdi. Buna baxmayaraq, fevral ayında Almaniyanın təşkilatçılığı ilə danışıqların bəprasından sonra danışıqlara ev sahibliyi etmək uğrunda rəqabətin artması müşahidə olunur.
Xatırladaq ki, bu yaxınlarda Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Gürcüstanın “Dinc qonşuluq” təşəbbüsünü irəli sürməklə Azərbaycan və Ermənistan arasında səmərəli ünsiyyətə dəfələrlə töhfə verdiyini deyib.
“Biz qonşu ölkələrin istəklərinə uyğun olaraq bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq”,-deyə Gürcüstan XİN rəhbəri bildirib. Bu baxımdan, Gürcüstanın Baş nazirinin səfirlərlə görüşü də çox güman ki, Münxendə və Berlində aparılmış sülh danışıqlarının Tiflisdə davam etdirilməsinə hesablanıb. Böyük ehtimalla, Kobaxidze hökuməti Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün Tiflisdə keçirilməsinə səy göstərir.
Lakin bu təklifin gerçək müəllifinin Gürcüstan olduğu şübhə doğurur. Almaniyanın diplomatik fəallığının artması fonunda bunun Avropa İttifaqı, Fransa, Rusiya və ABŞ tərəfindən adekvat rəqabətə səbəb olacağı gözlənilən idi.
Gürcüstanın təşəbbüsü artıq Berlin platformasını Tiflis platforması ilə əvəz etmək cəhdlərindən xəbər verir.
Əvvəllər görüşlərin Tiflisdə keçirilməsində ABŞ əsas maraqlı tərəf hesab edilirdi. Yəni Tiflis platformasının müəllifi ABŞ sayılarsa, o zaman Kobaxidzenin təklifinin Vaşinqtondan gəldiyi istisna edilmir. Ancaq son vaxtlar Gürcüstanın xarici siyasətinə Avropa İttifaqının təsirləri də artıb. Ümumilikdə isə sülh təşəbbüsünün Berlindən Tiflisə transfer edilməsi üçün Gürcüstan vasitəsilə diplomatik alətlərin işə salındığı görünür.