Türkiyə bu hadisədən sonra müstəqilliyini itirə bilər – Cəlal Şəngördən SENSASİYA

“İstanbulda baş verməsi gözlənilən dəhşətli zəlzələdən sonra Türkiyə müstəqilliyini itirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin dünyaca məşhur geoloqu Cəlal Şəngör deyib.
O, Mərmərə dənizində gözlənilən zəlzələnin İstanbul və Bursa şəhərlərində ciddi dağıntı və tələfata səbəb olacağını iddia edib:
“Mərmərə dənizində 7,2 və ya 7,4 bal gücündə zəlzələnin olacağı gözlənilir. Fay xətti, demək olar ki, dənizin tam ortasından keçir. İstanbula yaxın yeni bir fay xətti daha aşkarlandı. Çınarcık hövzəsinin ortasından keçir. Bu xətlərdən hər hansının qırılması İstanbulda fəlakətə, dağıntılara səbəb olacaq. Xüsusilə də Terkidağ-İstanbul arasındakı ərazi tamamilə dağılıb yox olacaq. İstanbulun sənaye mərkəzlərinin yerləşdiyi şərq hissəsi də eyni taleyi yaşayacaq. Bursa, Balıkesir bölgələri də ciddi zərər görəcək”.
C.Şəngör bildirib ki, İstanbul zəlzələsi Türkiyənin müstəqilliyini itirməsi ilə nəticələnə bilər, çünki ölkənin iqtisadi gücü, məlumat bazası və sahib olduğu bacarıqlar bu zəlzələnin altından qalxmaq üçün kifayət etmir:
“Türkiyə dünyadan kömək istəyəcək, dünya da sevə-sevə kömək göstərəcək. Nə də olmasa burada İstanbuldan söhbət gedir. Xatırlayın, Sevr müqaviləsinin bəndlərindən biri də İstanbulun Millətlər Cəmiyyəti tərəfindən ortaq idarə edilən bir şəhərə çevrilməsini nəzərdə tuturdu. Biz fərqində deyilik, lakin bu məsələ hələ də gündəmdədir”.