Bia.Az

Hərbi ekspert deputatın bu təklifini tənqid etdi – “Bunun vaxtı deyil”

Gündəm
 3-02-2024, 20:48     208

Bir neçə gün öncə Globalinfo.az Azərbaycanda ödənişli hərbi xidmətlə bağlı araşdırma məqalə dərc edib. Bu məqalə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Hətta Milli Məclisin yaz sessiyası üzrə keçirilən ilk iclasında deputat Elnur Allahverdiyev bu məsələni müzakirəyə çıxarıb.

Millət vəkili ilə yanaşı bir çox ekspertlər də məsələnin iqtisadi baxımdan önəmli olduğunu bildirirlər.

Ödənişli hərbi xidmət Azərbaycanda tətbiq edilməlidirmi? Edilərsə, bu, effektiv ola bilərmi?

BİA.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, belə məsələdə Azərbaycan Türkiyə ilə müqayisə edilməməlidir. O deyib ki, bu fikri səsləndirənlər Azərbaycanın insan resurslarını nəzərə almırlar:

“Azərbaycan əhalisi və ordumuzun sayı arasında olan nisbətdə böyük fərq var. Məsələn, Türkiyə bunu rahat şəkildə tətbiq edə bilir. Çünki Türkiyənin insan resursları 80 milyondur, ordusu yarım milyondan çoxdur. Bizdə isə 10 milyon əhalinin 100 mindən çoxu ordu sıralarında, Silahlı Qüvvələrdə xidmət edir. Hazırda ödənişli əsaslarla ordu sıralarına çağırışdan azad olunma Azərbaycan üçün aktual məsələ deyil”.

Hərbi ekspertin sözlərinə görə, ödənişli hərbi xidmətlə bağlı müzakirə aparmaq hələ çox tezdir:

“Ümumiyyətlə, hazırda biz ordu sıralarını genişləndiririksə, orduya ayrılan vəsaiti artırırıqsa, deputatlarımız da belə bir mövzuya müraciət etməməlidirlər. Onların verdiyi təklif erkən verilmiş təklifdir. Azərbaycanda alternativ xidmətin və ya ödənişli əsaslarla çağırışdan yayınmanın vaxtı deyil. Hesab edirəm ki, belə bir gündəm nə dövlət, nə də mütəxəssislər səviyyəsində müzakirə olunmamalıdır”.скачать dle 12.1