Bia.Az

"20 yanvar qətliamının məqsədi Azərbaycan xalqını qorxutmaq və Qarabağı Azərbaycandan qoparmaq idi"

Gündəm
 20-01-2024, 16:31     303

"20 yanvar faciəsi sovet dövründə azərbaycanlıların öz ərazilərinin bütövlüyünü, hüquq və azadlıqlarını tələb edərək etiraz etməsinə qarşı törədilmiş sovet rejiminin qanlı qırğınıdır. Təpədən dırnağa qədər silahlanmış, əsasən ermənilərin iştirak etdiyi bu qırğının səbəbi Azərbaycan xalqını qorxutmaq və ermənilərin Qarabağı Azərbaycandan ayıraraq Ermənistanla birləşdirmək üçün arzularını həyata keçirmək istəyi ilə bağlı olmuşdur. "Bakı əməliyyatı" adlandırılmış bu qırğına Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi başçılıq etmiş və bir gecədə 82 mülki insan vəhşicəsinə qətlə yetirilmiş, 20 şəxs ağır yaralanmışdı".

BİA.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, ümumiyyətlə ölkənin müxtəlif istiqamətlərindən edilmiş hücumlarla yanvar ayında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, qanunsuz həbslər aparılmış və vətəndaşların əmlaklarına külli miqdarda ziyan vurulmuşdu.
Azər Badamov 
Azər Badamov
“20 yanvarda xalqı küçələrə çıxardaraq qırğına verən Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra bu qırğını unutmuş və ona siyasi qiymət verilməsi üçün öz imkanlarından istifadə etməyib. Amma Heydər Əliyev heç nədən qorxmayaraq, 20 yanvar faciəsinə öz etirazını açıq şəkildə bildirərək hüquqi-siyasi qiymət verilməsini tələb etmişdir. 20 yanvar cinayəti ilə aparılan bütün araşdırmaları Ümummilli Lider öz nəzarəti altında saxlamış və araşdırılmışdır”-deyə deputat qeyd edib.

Azər Badamov bildirib ki, 20 yanvar faciəsinin qurbanları hər il dövlət səviyyəsində böyük ehtiramla anılır.

“Bu qətliam sadəcə bir faciə deyildi. Bu, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 yanvar qətliamı həm də sovetlər ittifaqının cinayətkar rejiminin sonlanmasını sürətləndirdi. Məhz bu faciədən sonra dünyada yaşayan azərbaycanlılar birləşməyə və vətənin azadlığı haqqında düşünməyə başladılar.

Prezident İlham Əliyev 20 yanvar şəhidlərin xatirəsini əziz tutaraq demişdir: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.”

Şəhidlər ölmürlər. Onlar öz adlarını qanları ilə tarixə yazıblar. Allah bütün şəhidlərə rəhmət eləsin. 20 yanvar şəhidlərinin yad edilməsini, onların ruhuna dövlət səviyyəsində ehtiram göstərilərək hər il ümumxalq hüzn gününün layiqincə qeyd edilməsini və onların xatirəsinin əbədiləşdirilməsini yüksək dəyərləndirirəm”-deyə deputat əlavə edib.

Azər Badamov hesab edir ki, xalq öz torpağını sevir və onun yolunda hər zaman canından keçməyə hazırdır.

Azər Badamovun fikrincə, müstəqillik tariximizdə igid oğullarımızın və qızlarımızın göstərdikləri qəhrəmanlıqlar xalqımızın böyüklüyünü və mübarizliyini göstərir.

“Bu gün artıq Azərbaycan dövləti daim arzuladığımız kimi müstəqildir, bütün ərazilərində suverenlik təmin olunmuşdur. Vətən uğrunda canından keçmiş şəhidlərin arzuları həyata keçmişdir. Bu gün müstəqil Azərbaycan dövləti öz şəhidinin ailəsinin və qazisinin yanındadır və onlara hər bir diqqət göstərilir. Məhz, hər bir vətəndaşını düşünən bu güclü və yeni Azərbaycanın memarı, Prezident İlham Əliyevdir”-deputat bildirib.скачать dle 12.1