Bia.Az

Türkiyə separatizmə qarşı mübarizədə Azərbaycanın təcrübəsindən yararlanacaq? – Bakıdan və Ankaradan cavab

Gündəm
 20-01-2024, 01:04     213

Azərbaycan 44 günülk İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə faktiki olaraq Qarabağda işğalı və separatizmi sonlandırdı. Ən uzun ömürlü separatizm ocaqlarından biri həmişəlik söndürüldü. 

Qardaş Türkiyə də 40 ildən çoxdur separtizmdən və terrorçuluqdan əziyyət çəkir. Hər il Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarında itki verir. Azərbaycan ordusunun separatizmə və terrorçuluğa qarşı uğurlu təcrübəsindən Türkiyə də yararlana bilərmi? Məlumdur ki, son illər Azərbaycan ordusu Türkiyə ordusunun təcrübəsindən bir çox şeylər əxz edib. Bu, birgə təlimlərdən tutmuş, bir çox məsələlərdə özünü göstərir.

Maraqlıdır, Azərbaycan PKK, PYD, PYG ilə Türkiyədə və Türkiyə xaricində mübarizədə Ankaraya dəstək verə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan ilə Türkiyə hər il bir neçə dəfə hərbi, texniki, təhlükəsizlik, müdafiə sahələrində müzakirələr aparırlar:

“Sonuncu müzakirə keçən ilin dekabrın 14-də Türkiyə XİN başçısı Hakan Fidanın ölkəmizə səfəri zamanı baş tutub. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Hakan Fidan hərbi sahədə bir neçə məsələni müzakirə edib.
Bu kimi görüşlərdə həm PKK, həm ASALA, həm də erməni terroru ilə birgə mübarizə məsələsi müzakirə edilib. Digər tərəfdən iki ölkə arasında Şuşa Bəyannaməsi var. Bu Bəyannamənin bir bəndində hər iki ölkənin Təhlükəsizlik Şuralarının məsləhətləşməsi nəzərdə tutulub. Onu da deyim ki, Şuşa Bəyannaməsində qeyd edilən bu məqamın bir bənzərinə başqa ölkələrdə rast gəlmək olmaz.

Ədalət Verdiyev
İki ölkə rəsmilərinin görüşü zamanı adətən təhlükəsizlik məsələləri qapalı qapılar ardında aparılır. Buna görə də bir çox məqam mediaya yansıdılmır. Lakin iki ölkənin terrorla mübarizə məsələsində ortaq çalışmaları var. Təhlükəsizlik tədbirləri iki ölkənin də başlıca prioritetidir”.
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz isə deyib ki, Azərbaycan və Türkiyə hər nə qədər strateji tərəfdaş və hərbi müttəfiq ölkələr olsa da iki ölkənin terrorla mübarizəsi eyni deyil:

Yücel Karauz
“Ümumiyyətlə həm ətraf ölkələr, həm motiv, həm də əməliyyatların miqyası kəskin fərqlənir. İki ölkə tez-tez təlimlər keçirir, rəsmilər bir araya gəlir. Bu həm də iki ölkənin təcrübə mübadiləsinə xidmət edir. Amma yenə də terrorla mübarizə məsələləri çox fərqlidir və eyniləşdirməyi doğru hesab etmirəm”.скачать dle 12.1