Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakını qəbul edir
Rusiya Türkiyə və digər tərəfdaşlarla birlikdə Cənubi Qafqazda gərginliyin səngiməsi üzrə çalışmaq ovqatındadır. Bu barədə RF XİN-in informasiya və mətbuat şöbəsi rəhbərinin müavini A. Zaytsev iyulun 30-da Moskvada keçirilən brifinqdə bildirib.
“Bizə dost olan Ermənistan və Azərbaycan sərhəddində bu yaxınlarda vəziyyətin gərginləşməsi Rusiyada böyük təşvişlə qarşılanıb. Əminik ki, beynəlxalq arenadakı hər hansı digər fikir ayrılıqları kimi, Dağlıq Qarabağ münaqişəsi də yalnız dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ və Fransa, eləcə də BMT, MDB və digər beynəlxalq təşkilatlar da bizim mövqeyimizi hər zaman bölüşürlər.
Rusiya rəhbərliyi gələcək eskalasiyaya yol verilməməsi üçün bütün lazımi səyləri göstərib, o cümlədən regiondakı əsas tərəfdaşlarla operativ qarşılıqlı əməkdaşlıq vasitəsilə. Bu yaxınlarda Rusiya Federasiyasının xarici işlər naziri S. V. Lavrovun azərbaycanlı və erməni həmkarları ilə telefon danışıqları zamanı biz növbəti dəfə Bakı və Yerevanın bu cür yanaşmanın dəstəklənməsinə dair razılığını aldıq.
Türkiyə tərəfi ilə iyulun 27-də dövlət başçıları, iyulun 23-də isə xarici işlər nazirləri səviyyəsində Zaqafqaziyada və konkret olaraq Dağlıq Qarabağ nizamlanmasında cari vəziyyəti predmetli şəkildə müzakirə etdik. Regionda hadisələrin təhlükəli inkişafı ilə bağlı ciddi narahatlıq qarşılıqlı olaraq nəzərə çatdırılıb.
Rusiya və Türkiyə mövcud problemlərin Azərbaycan və Ermənistan xalqlarının maraqlarına uyğun beynəlxalq hüquq prinsipləri əsasında siyasi-diplomatik həllinin alternativsizliyindən çıxış edir.
Bundan sonra da tərəfdaşlarla, o cümlədən Türkiyə ilə birlikdə yeni gərginliyin aradan qaldırılması, Zaqafqaziyada ümumi vəziyyətin sabitləşdirilməsi məqsədilə işləmək, Yerevanla Bakı arasında siyasi dialoqun qurulmasına fəal kömək etmək niyyətindəyik”, - Zaytsev Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Türkiyənin rolu haqda suala cavabında deyib.
Ermənistan sərhəddi yaxınlığında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri haqda sualın cavabında Zaytsev deyib: “Əldə olan məlumata görə, hərbi əməkdaşlıq haqqında mövcud Azərbaycan-Türkiyə sazişinə uyğun olaraq iyulun 29-dan avqustun 10-dək Azərbaycan ərazisində birgə planlı əməliyyat-taktiki və uçuş-taktiki təlimləri keçirilir. Ümumilikdə, təlimlərdə 5000-ə yaxın hərbi qulluqçu, 150 ədəd zirehli texnika, 150-dək artilleriya və HHM vasitələri, həmçinin 30-dək taktiki aviasiya təyyarəsi, çoxməqsədli vertolyotlar, kəşfiyyat və zərbəçi pilotsuz uçuş aparatları iştirak edir.
Əlbəttə ki, biz regionda vəziyyəti, xüsusilə bu yaxınlarda Ermənistan-Azərbaycan sərhəddindəki münaqişəni nəzərə alaraq, diqqətlə izləyirik və bütün tərəfləri təmkinli olmağa, o cümlədən onların cari hərbi fəaliyyətində təmkinliliyə çağırırıq”.Turan