İrəvan Kremllə “razılaşdırılmış döyüş” aparır – Məxfi plan
Son zamanlar Ermənistanın Rusiya ilə ritorik olaraq gərginləşən münasibətləri rəqəmsal formada özünü büruzə vermir. Hətta bəzi hallarda insanda bunun “danışıqlı döyüş”ə bənzədiyi haqqında təsəvvür yaranır.
Bu sözləri Axar.az-a Ermənistanın Aİİ-yə ixracının kəskin artması haqqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq məsələsində dəstək verən əsas ölkələrdən olduğunu, iqtisadi artımın arxasında bunun dayandığını vurğulayıb:
“Obrazlı şəkildə desək, antirusiya ritorikası artıq biznesə çevrilib. Çünki ritorika sərtləşdikcə, Qərbin Ermənistana dəstəyi də artır. Məsələnin ikinci tərəfi isə odur ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı 12 sanksiya paketi qəbul edilib, lakin rəsmi Moskva müxtəlif ölkələr vasitəsilə sanksiyalardan yayınmağa müvəffəq olur. Belə ölkələrdən biri də məhz Ermənistandır. Sanksiyalara məruz qalan bir sıra Rusiya şirkətləri bizneslərini Ermənistana köçürərək orada törəmə şirkətlər açıblar. Ona görə də Ermənistanda iqtisadi göstəricilərdə yaxşılaşma var. Son vaxtlarda təqribən 120 minə yaxın Rusiya vətəndaşı Ermənistana köçüb, 500-ə yaxın şirkət burada filial və nümayəndəlik açıb. Hətta strateji əhəmiyyəti olan “Yandex” və “Sberbank” kimi təşkilatlar da bəhs etdiyimiz yolla sanksiyalardan yayınmağın yollarını tapıb. Rusiya üçün ən vacib məsələ yarımkeçirici və mikrosxemlərdir. Çünki hərbi təyinatlı olduqları üçün ən çox sanksiyaya məruz qalan belə məhsullardır. Ermənistan son iki ildə Rusiyaya təqribən 3,7 milyard dollarlıq yarımkeçirici, mikrosxem və digər elektron avadanlıqları “ixrac edib”. Orada sözügedən məhsulların istehsalı yoxdur və Ermənistan bunu həm Uzaq Şərq ölkələri, əsasən Sinqapur, hətta Fransa kimi bəzi Avropa dövlətləri vasitəsilə alaraq Rusiyaya ötürür. Bütün bəhs etdiklərimiz Ermənistanın Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biri olduğunu göstərir. Ermənistan eyni zamanda KTMT-nin, AİB-in üzvüdür, mobil operatorlardan tutmuş nəqliyyat və enerji infrastrukturunadək bir çox əsas gəlir gətirən sahə Rusiyanın əlindədir. Son statistika Ermənistan iqtisadiyyatının 72%-nin Rusiyanın nəzarətində olduğunu göstərir. Ermənistanın bu ilin 9 ayında Aİİ ölkələri ilə ticarət dövriyyəsi 5 milyard dolları ötüb ki, bu da bütövlükdə ötən ilin nəticələrindən 50% çoxdur. İl sonuna qədər bu rəqəmin daha1,5 milyard artacağı və tarixi rekorda imza atılacağı gözlənilir. Ermənistan tarixində ilk dəfədir ki, Aİİ ölkələri ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. Bütün bunlar Rusiyaya sanksiyaların dəlinməsində Ermənistanın rolunun nəticəsidir. Bu baxımdan sanki Rusiya ilə razılaşdırılmış siyasi gərginlik yaşanır: “siyasi gərginlik” Ermənistanı sanksiyaları yarması istiqamətində fəaliyyətini genişləndirməsinə görə Qərbin təzyiqlərindən qoruyur”.