Bia.Az

MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR? - Yaxud maliyyə sabotajı yaradanlar kimlərdir?

Gündəm / İqtisadiyyat
 9-07-2020, 22:02     553



Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bankın – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”-ın lisenziyasının ləğv olunmasından sonra bu bankların əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun(ADİF) “əlinə baxmalı” olublar. Bu fond isə sözün əsl mənasında əmanətçilərin başına ip salıb fırlamaqla məşğuldur. İnsanlar halal pullarını geri ala bilmirlər. Baxmayaraq ki, bu əmanətlərini tam olaraq Azərbaycan qanunlarına uyğun şəkildə sığortaladaraq həmin banklara yerləşdiriblər və ADİF həmin vəsaitləri qaytarmağa borcludur!

Təsadüfi deyil ki, ADİF hazırda ən çox narazılıq və şikayət edilən qurumlardan biridir. Hal-hazırda bağlanmış 4 bankın sığortalanmış əmanətçilərinin xeyli hissəsi vəsaitini geri ala bilmirlər ki, bu vətəndaşları da iki qrupa bölmək olar. Birinci qrupa bəhanə olaraq deyilir ki, onların əlavə yatırımları qəbul olunarkən banklar tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi pozulub. İkinci qrupa aid əmanətçilərə isə bildirilir ki, bağlanan 4 bankın bəzilərinə vaxtiləəmanət qəbul etmələri qadağan edilibmiş. Buna baxmayaraq, banklar əmanət qəbul etməyə davam edib. Odur ki, bu banklara son dövrlərdəəmanət yerləşdirən vətəndaşlar pullarından “vaz keçməlidirlər”.

Hər iki bəhanənin tam qanunsuz və insanları “yola vermək” cəhdi olduğunu görmək üçün heç hüquqşünas, yaxud maliyyəçi olmağa ehtiyac yoxdur. Çünki bankların qorunan, yəni tam sığortalanmış əmanətləri hansı faizlə qəbul etmələrinə, eləcə də onların əmanət qəbulu hüquqlarının olub-olmamasına vətəndaş deyil, bank nəzarəti orqanları, yəni Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət etməli, eləcə də ADİF bu işdə iştirak etməli idi. Çünki qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi barədə qərarı məhz ADİF qəbul edir və bankları məlumatlandırır – məhz bankları, əmanətçiləri yox!

Əmanətçi bunu bilməyə borclu deyil! Əmanətçi ilə bank arasında müqavilə tam qanuni şəkildə bağlanır, problem əgər varsa, məhz bankla bank nəzarəti qurumları, həmçinin ADİF arasındadır.

Deməli, məsuliyyət də onların boynundadır, vətəndaşın yox! Əlbəttə ki, hüquqşünas Əkrəm Həsənovun ADİF-i “ən savadsız və qeyri-dürüst qurum” adlandırması da təsadüfi deyil..

Digər tərəfdən, hazırkı biabırçı durumun yaranmasının əsas səbəbkarlarından biri Azərbaycan Mərkəzi Bankıdır(AMB). Çünki AMB bu banklara əmanət qəbulunu qadağan etməsinə dair heç açıqlama verməyib və vətəndaşların bundan xəbəri olmayıb. Əvəzində, AMB sədri bəlkə də dünyada analoqu olmayan bir formada günahı əmanətçilərin üzərinə yıxaraq, onları bank seçəndə səhv etməməyə çağırıb: “Hər bir müştəri bankı özü seçir. Tanış olduğumuz situasiyalardan görürük ki, bankı seçəndə müştərilər subyektiv amillərlə seçirlər. Tanışlıqla, hansısa filial müdiri qonşusudur və.s gəl hesabı bizdə aç. Bizim sistem əhəmiyyətli banklarımız var...”

Bu, birinci növbədə bank sistemindəki pinti idarəçiliyin məsuliyyətinin vətəndaşların üzərinə atılması cəhdidir.


BİA.azскачать dle 12.1