Bia.Az

“Ermənistanın bəzi əraziləri Azərbaycana məxsusdur” - Artamonov

Gündəm
 24-10-2023, 12:40     353

Ermənistan Rusiya münasibətlərinin kəskinləşməsi fonunda iki ölkə arasındakı siyasi körpülər də zədələnir. Proseslərin episentrindəki personaj Nikol Paşinyandır və Qərbin dəstəyi ilə hakimiyyətə gələn bu adam Rusiyanın maraqlarına cavab vermir. Daha doğrusu, Nikol Paşinyan Qərbin adamıdır və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq üçün Qərblə ciddi əməkdaşlığa başlayıb.

Rusiyanı bir çox məsələdə ittiham edən Paşinyan müttəfiqini müharibə zamanı ermənilərə kömək etməməkdə günahlandırır. Əslində 5 il əvvəl Sorosun hakimiyyətə gətirdiyi Paşinyanın ruslara qarşı çıxması və onları Ermənistandan sıxışdırmaq cəhdi, demokratiya adı altında düşmən ölkədə siyasi prosesləri dəyişməsi, Rusiyanın maraqlarına cavab verməyən işlər çevirməsi, rəsmi Moskvanın diqqətindən yayınmır və ermənilərin hər bir addımı analiz edilir. Rusiya üçün qırmızı xətti tapdalayan Nikol Paşinyanın Avropa Parlamentində Rusiya əleyhinə çıxışı və müttəfiqini ittiham etməsi Rusiyanın səbr kasasını doldurub. Paşinyan isə dayanmaq bilmir.

Dünən Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransa ilə hərbi saziş imzalayıb. Deməli, Rusiyanın maraqlarına daha bir zərbə vuran Ermənistanın Fransadan silah tədarük etməsi Şimal qonşumuzun xoşuna gəlmir. Cənubi Qafqazda əsas dayaq nöqtəsi olan Ermənistanda xoşagəlməz proseslərin cərəyan etdiyini həzm edə bilməyən Rusiya müttəfiqini hər an cəzalandıra bilər. Bunu üçün ruslar ilkin addımlar atmağa başlayıb.

Məsələyə əvvəlcə təbliğat maşınları qoşulub. İctimai fikrə təsir edən bu təbliğat əslində geniş bir kampaniyanın başlanmasına işarədir. Rusiyada hər kəs Ermənistanın Qərb yönümlü siyasətini qınayır və Gürcüstan, Ukrayna nümunələrini gətirməklə Paşinyan rejimini təhdid edirlər. Bu hədələr, təhdidlər Paşinyanı zərrə qədər də qorxutmur. O, Qərbə arxayındır və İrəvanda məskunlaşan ABŞ-ın təhlükəsizlik xidməti əməkdaşları baş naziri Rusiya təhlükəsindən qoruyur. Deməli, məsələ ciddidir və Rusiya öz məqsədinə nail olmaq üçün planlar cızır. Artıq Rusiyada anti-Ermənistan təbliğatı başlayıb və missiyanı dövlət kanalları öz üzərilərinə götürüb. Oktyabrın 23-də Rusiyanın İctimai kanalında Ermənistanla bağlı proqram bütövlükdə Nikol Paşinyana həsr olunub. Əsas məqsəd Paşinyanı yararsız siyasətçi kimi təqdim etmək və onun ABŞ-la bağlılığını göstərmək idi.

ORT telekanalının Paşinyana həsr etdiyi proqramda çıxış edən ekspertlərin hamısı Ermənistan baş nazirinin anti-Rusiya siyasətini sərt tənqid ediblər. İllərdir Cənubi Qafqazda bəslədikləri “ilanın” öz üzərlərinə hücum etməsini qəbul edə bilməyən ruslar Ermənistanın əldən getməsi ilə barışa bilmirlər. Proqramın qonaqlarından biri politoloq Malek Dudakov bildirib ki, Roma statunu qəbul edən Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiyadan asılıdır. “Təkcə Rusiyadan Ermənistana pul köçürmələrinin miqdarı ayda 30 milyard rubl təşkil edir. Əgər bu köçürmələr olmasa, Ermənistanın bütün iqtisadiyyatı sadəcə çökər. Ermənistan hakimiyyəti anti-Rusiya siyasətini davam etdirsə, onları yaxşı heç nə gözləmir”.

Verilişə dəvət olunan digər qonaq-hərbi və beynəlxalq ekspert Aleksandr Artamonov isə bildirib ki, Ermənistan bu gün KTMT-dən çıxmaq vəziyyətində deyil: “Ermənistanda Rusiyanın 4 hərbi bazası var. Bunlar Gümrüdə, Artaşatda, Armavirdə və Meğridədir. Həmin hərbi bazalarda 4 min Rusiya sərhədçisi qulluq edir. Deməli, onların sərhədlərini bizim əsgərlər qoruyur. Azərbaycanla hələ sərhədlərin delimitasiyası həyata keçirilməyib və hətta sülhü təbliğ edən politoloqlar deyirlər ki, Ermənistanın bəzi əraziləri Azərbaycana məxsusdur”.

Daha sonra Paşinyanı Levon Ter-Petrosiyanın komandasına aid edənlər 25 il əvvəlki siyasətin davam etdirildiyini bildiriblər. “Mən belə hesab edirəm ki, Paşinyan Ter-Petrosyanın həyata keçirə bilmədiyi xətti davam etdirdi və başa çatdırdı. Levon Ter-Petrosyan hesab edirdi ki, Qarabağ ən yaxşı halda Azərbaycanın tərkibində muxtariyyat ala bilər”. Bunu politoloq Andrey Arşeyev deyib. Ekspert əlavə edib ki, 90-cı illərdə Petrosyanın müşaviri Jirayr Lipartyan bu məsələ ilə bağlı danışıqlarda iştirak edib və razılıq əldə olunub: “İndi Paşinyan bu siyasi xətti davam etdirir. 5 il əvvəl hakimiyyətə gələndən sonra “Qarabağ Ermənistandır və nöqtə” deməklə Azərbaycanı müharibəyə başlamağa sövq etdi. Bununla da hər şey bitdi”.

Rusiyalı analtiklər və ekspertlər Paşinyanı tənqid etməklə sanki Qarabağın azad olunmasına da təəssüflənirlər. Ermənistan baş nazirini buna görə tənqid edənlər Rusiyanın Qarabağla bağlı çirkin planlarının başa çatdığının fərqindədirlər və bununla da barışmaq istəmirlər.
//konkret.az//скачать dle 12.1