Bia.Az

TƏCİLİ! Xarici kəşfiyyatdan terror xəbərdarlığı - Azərbaycan təhlükəni haradan gözləməli...

Gündəm
 15-02-2023, 09:25     358

Arzu Nağıyev: “Düşünürəm ki, Azərbaycan vətəndaşı daim ayıq-sayıq olmalıdır”   

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin əldə etdiyi “mötəbər məlumatlara” görə, ABŞ ordusu Rusiya ərazisində və MDB ölkələrində terror aktları həyata keçirmək üçün ""İŞİD" və "Əl-Qaidə" ilə əlaqəli cihadçı yaraqlıları fəal şəkildə cəlb edir" deyə, bu qurumun internet saytında yerləşdirilmiş məlumatda deyilir.
“Rusiya, Şimali Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan insanların əməkdaşlığa cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu ilin yanvarında Yaxın Şərqdə döyüş əməliyyatlarında təcrübəsi olan 60 belə terrorçu seçilib. Onlar hazırda Suriyadakı Əl-Tanfdakı Amerika bazasında sürətləndirilmiş təlim keçirlər. Orada onlara əldəqayırma partlayıcı qurğuların hazırlanması və istifadəsi vərdişləri, eləcə də təxribat və təxribat fəaliyyətinin aparılması üsulları öyrədilir. Yaxşı mühafizə olunan obyektlərə, o cümlədən xarici diplomatik nümayəndəliklərə hücumların planlaşdırılmasına xüsusi diqqət yetirilir. Yaxın vaxtlarda yaraqlıların kiçik qrupların tərkibində Rusiya və MDB dövlətlərinin ərazisinə köçürülməsinin həyata keçirilməsi planlaşdırılır. Amerikalıların planına əsasən, onlar beynəlxalq terror qruplaşmalarının, o cümlədən "Hizb ut-Təhrir", “Camaat Ənsarullah” əməkdaşlıq edərək müvafiq planları həyata keçirəcəklər. Maraqlıdır ki, ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.
ABŞ vətəndaşlarına Rusiyaya getməmək tövsiyə olunub. Rusiyada yaşayan Amerika vətəndaşlarına isə ölkəni tərk etmək barədə xəbərdarlıq edilib.
Azərbaycanın vəziyyəti Şimali Qafqaz və digər MDB ölkələrində olduğu kimi deyil. Geopolitik nöqteyi-nəzərdən terrorçuların, tək radikal islamçıların deyil, erməni terrorunun və qonşu dövlətlərin hədəfi olan dövlətdir. Eləcə də radikal islamçılarla əlaqəli, o cümlədən İŞİD-ə bağlı azərbaycanlıların müxtəlif illərdə döyüş əməliyyatlarında iştirak etdiyi faktdır. İranla münasibətlərdəki gərginlik fonunda demək olar ki, Azərbaycan bir neçə istiqamətdən təhdid altındadır. Rusiyanın xəbərdarlığını nə qədər ciddiyə almalıyıq, hansı tədbirlər görülməlidir?
Arzu Nağıyev: Ermənistanda seçki öncəsi siyasi böhran daha da dərinləşəcək  - AZƏRTAC
 Arzu Nağıyev
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Arzu Nağıyev burada olan əsas məqamlara toxundu: “İlk növbədə, onu qeyd etmək istəyirəm ki, ümumiyyətlə, bu xəbərlər Rusiya və Birləşmiş Ştatlar arasında gedən soyuq müharibənin təzahürüdür. Məlum məsələdir ki, İŞİD, "Əl-Qaidə" və digər qruplaşmalar, məsələn, İranın inhisarında olan “Hizbullah” onsuz da Suriyada qarşı-qarşıya gəlmişdilər. Hər bir dövlət, qurum bundan istifadə edirdi. Rusiyanın özü də “Vaqner”dən istifadə edir. Aydın məsələdir ki, adını necə qoyursa-qoysun, bunların özləri terror təşkilatlarına uyğun təşkilatlardır. Şimalı Qafqazda, Mərkəzi Asiyada bunlar ciddi şəkildə fəaliyyət göstərə biləcək qurumlardır. Burada əsas məqam ondan ibarətdir ki, bu qruplaşmaların qarşı-qarşıya gəldiyi əsas ərazi Suriya idi. İndi də istər Amerika, istər Rusiya, istərsə də Türkiyə olsun, bu məsələlərdən istifadə edirlər. Rusiya dəfələrlə xəbərdarlıq edir ki, guya MDB dövlətləri ərazisində bunların köçürülməsində onlardan istifadə olunacaq. Düşünürəm ki, onlar MDB ölkələri dedikdə Orta Asiya, eyni zamanda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanı nəzərdə tuturlar. Çünki əsas məsələ məhz bu gün gələcəkdə “Anakonda planı”nı həyata keçirmək üçün Orta Asiyadır. Ona görə burada əsas məsələ o regiondan gedir. Bu regionda amerikanlar daha ciddi şəkildə işləyirlər. Əfqanıstan istiqamətindən çox ciddi işlər görürlər".
Deputat ABŞ-ın vətəndaşlarına etdiyi tövsiyədən də söz açdı: “Amerikanın vətəndaşlarına Rusiyaya getməməklə əlaqədar belə bir tövsiyə xarakterli çağırışlar etməsi daha çox Rusiya-Ukrayna müharibəsindən sonra Amerikaya, Qərbə olan münasibətdən doğur. Azərbaycana gəldikdə isə təbii ki, bizim Rusiya, Cənubi Qafqaz istiqamətində sərhədimiz var. Bizdə bu proseslər bir neçə il əvvəl baş qaldırmağa başlayıb. Cinayət Məcəlləsində ciddi maddələr oldu. Geri qayıtdıqdan sonra həbs edilmələr oldu. Onların məhvi istiqamətində ciddi addımlar atıldı. İranla münasibətlərdə gərginlik var idi deyə İranın buradakı nümayəndələrinin həbsi ilə nəticələnən əməliyyatlar aparıldı. Düşünürəm ki, Rusiya və Amerika arasında olan münasibətlər burada əsasdır. Cəhdlər var ki, MDB ölkələri bu istiqamətə daha çox diqqət ayırsınlar. Bir növ ona görə tövsiyə xarakterli çağırışlar olunur. Aydındır ki, Rusiya və Amerikanın xüsusi xidmət orqanlarının Azərbaycanla kardinal şəkildə məlumat mübadiləsi aparılır. Digər xüsusi xidmət orqanları ilə də bu edilir. Ona görə də deyilən qədər burada terrora təhdid yoxdur. Amma bu o demək deyil ki, Azərbaycan xüsusi xidmət orqanları fəaliyyətlərini ancaq bu istiqamətdə qururlar. Təbii ki, bütün əməliyyat şəraitinə nəzarət olunur. Hər bir xüsusi xidmət orqanı olduğu ərazidən məlumatlıdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Xəbərdarlıq etmək çox mühüm məsələdir. Biz bu proseslərə hazırıq. 30 il Ermənistanla müharibə şəraitində yaşadıq. Müharibə apardıq. Agentura əməliyyat tədbirləri aparılır. Əməliyyat şəraiti də nəzarətdə saxlanılır. Belə tədbirlər ən çox maarifləndirmə istiqamətində aparılır. Düşünürəm ki, Azərbaycan vətəndaşı daim ayıq-sayıq olmalıdır. Unutmaq olmaz ki, hər an düşmənlə üz-üzə gəlinə bilər. Ona görə də vətəndaşlarımız hüquq-mühafizə orqanları ilə hər zaman əlbir, təmasda olmalıdırlar”./Musavat.com/скачать dle 12.1