Bia.Az

Beynəlxalq agentlikdən “İran - Azərbaycan müharibəsi” proqnozu

Gündəm
 15-02-2023, 09:01     278

STM-in sektor rəhbəri: “Hər iki dövlət professional davranaraq bu gərginliyin aradan qaldırılmasına çalışmalıdır, əks təqdirdə...”

Ötən həftə “Fitch” reytinq agentliyi Bakı ilə Tehran arasında münasibətlərin xüsusilə Azərbaycan səfirliyində baş vermiş son terror aktından sonra gərginləşməsi haqda analiz dərc edib.  Xarici analitiklər hətta iki ölkə arasında birbaşa hərbi toqquşmaların baş verə biləcəyini də istisna etmirlər. “The Quint” qəzetində dərc olunan məqaləyə görə isə Azərbaycan və İslam Respublikası arasında gərginliyin artması fonunda Hindistan İrana yaxınlaşır. Dehlinin məqsədi Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan yox, Ermənistandan keçməsidir.
Məqalənin müəllifi olan hindistanlı analitik Aditi Bhaduri yazır ki, Azərbaycanın 2020-ci ilin payızında öz ərazilərini azad etməsi İran üçün ciddi geosiyasi nəticələrə gətirib çıxarıb. Üstəlik, bu müharibədən sonra Bakı Ermənistanın nəzarətində olmayacaq Zəngəzur dəhlizini açmağa çalışır. Bu dəhliz açılsa, Şimal dəhlizi ilə yanaşı, Mərkəzi Asiyanı Aralıq dənizi regionu ilə birləşdirən və Azərbaycandan keçən başqa bir marşrut yaranacaq. Bu halda Bakı Asiyadan Avropaya tranzit yükdaşımalarına nəzarəti ələ keçirəcək, həmçinin İranın Ermənistanla sərhədlərinə də nəzarət edəcək. Müəllif yazır ki, Hindistan regionda baş verən dəyişiklikləri diqqətlə izləyir və 2020-ci ildən sonra daha da güclənən Azərbaycan, Pakistan və Türkiyənin müttəfiqliyinə qarşı çıxmaq üçün Ermənistanla münasibətlərini inkişaf etdirir. Eyni zamanda Dehli İranla münasibətlərini dərinləşdirir.
Aydın olur ki, Hindistanın Ermənistan və İranla yaxınlaşması təkcə “Pakistan faktoru” ilə deyil, həm də ölkənin öz iqtisadi maraqları ilə bağlıdır. Hindistanın Çabahar limanı beynəlxalq Şimal-Cənub dəhlizinin bir hissəsidir və Hindistan bu dəhliz vasitəsilə Əfqanıstan, Mərkəzi Asiya və Rusiya, daha sonra isə Avropa ilə ticarət əlaqələrini gücləndirmək istəyir.
Bakının İslamabadla yaxınlaşması fonunda və Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi fonunda Hindistan və İslam Respublikası tərəfindən nəqliyyat dəhlizinin Azərbaycan üzərindən deyil, Ermənistan ərazisindən çəkilməsi planı hazırlanıb ki, bu da ilkin razılaşmalara ziddir. Bu o deməkdir ki, Hindistan Tehranın “regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi” ilə bağlı mövqeyini dəstəkləyir. Hindistanın da İrana şərq sərhədlərindən Pakistana təzyiq etməsi lazımdır. Bu baxımdan, Məqalənin müəllifi Aditi Bhaduri İranla Azərbaycan arasında hərbi münaqişə yaranarsa, Dehlinin biganə qalmayacağını və İranı dəstəkləyəcəyini proqnozlaşdırır. Bəs mümkün müharibə iddiaları ciddi sayıla bilərmi? 
Alternativ düşüncəyə sahib liderlərlə fikir mübadiləsi aparılması siyasi  çoxfikirliliyin inkişafını təşviq edir"-İlyas Hüseynov
 İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycana qarşı təhdidləri, eləcə də Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra terrorçu Yasin Hüseynzadənin İran qurumları tərəfindən faktiki olaraq müdafiə edilməsi terror aktının arxasında İran dövlətinin dayandığı barədə şübhələr yaradır: "Digər tərəfdən, bir neçə gün öncə İranın Ermənistandakı səfiri Abbas Bədaxşan Zohurinin Azərbaycanın ünvanına hədələyici açıqlamalar verməsi, İran mediasında Azərbaycana qarşı ağır təhqirlərin yağdırılması münasibətləri daha da korlayıb və gərginliyi artırıb. Bu xüsusda həm də Azərbaycanla İran arasında hərbi qarşıdurma ssenarilərinə dair də fikirlər səslənir. Xüsusilə İranda belə bir fikir formalaşıb ki, İsrail Azərbaycanı ciddi dəstəkləyəcək və İranla Azərbaycan arasında hərbi qarşıdurma yaranacaq. Düşünürəm ki, hər iki dövlət professional davranaraq siyasi diplomatik münasibətləri işə salaraq bu gərginliyin aradan qaldırılmasına çalışmalıdır. Əks təqdirdə, regionda böyük, dəhşətli müharibə meydana gələ bilər. Ona görə də artıq müxtəlif xarici analitiklərin məqalələri dərc olunur. Bu xüsusda məhz Hindistanla İranın Azərbaycana qarşı fəaliyyəti, bunun arxasında Ermənistanın qızışdırıcı mövqedə dayanması istisna deyil. Çünki biz görürük ki, Hindistan da, İran da Ermənistanın gizli silahlandırılmasında iştirak edir. Ermənistan bütün gücü ilə çalışır ki, İranla Azərbaycan arasında müharibə olsun, çünki bundan qazanan Ermənistan olacaq”.
Ekspert hesab edir ki, Ermənistanın Azərbaycan-İran müharibəsi arzusunun və planlarının həyata keçməsinə yol vermək olmaz. Azərbaycan praqmatik davranaraq uzagörən hərəkətləri ilə həm İranın bölgədəki təsirini neytrallaşdıracaq, həm də hərbi ssenarinin inkişaf etməsinə icazə verməyəcək. Digər tərəfdən də İranın və Hindistanın Ermənistana hərbi yardımlarının qarşısının alınması üçün də tutarlı addımlar atılmalıdır. Hindistanın bölgədə hər hansı müharibəyə qoşulması barədə iddialar isə reallaşacaq deyil. İran da bilməlidir ki, Azərbaycan ondan ərazicə kiçik olsa da, müharibə İranın daha böyük fəlakətlərlə üz-üzə qalması və darmadağın olması ilə nəticələnər. İranın bu müharibədə yeganə müttəfiqi Ermənistan ola bilər ki, Ermənistan da sonda onu satacaq. Hindistan isə kənardan siyasi dəstək versə belə, bilavasitə müharibəyə qatılmaz.   скачать dle 12.1