Bia.Az

ÇİN İRANDAN İMTİNA ETMƏK QƏRARINA GƏLİB – Birgə Bəyanatda İranın ərazi bütövlüyü şübhə altına alınıb

Gündəm
 24-01-2023, 01:41     260

Çinin ondan üz döndərdiyini düşünən İran, dekabrın 9-da Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) iclasından sonra qəbul edilən Birgə Bəyanatla bağlı bu ölkənin Tehrandakı səfiri Çanq Huanı İran XİN-ə dəvət edərək narazılığını bildirib.

“The Times of İsrael” yazır ki, Birgə Bəyanatda İran regional terror qruplaşmalarının dəstəkçisi, ballistik raketlər və pilotsuz təyyarələrin yayılmasına rəvac verən ölkə kimi göstərilib. Daha da önəmlisi olan odur ki, bəyanatda “İranın nüvə dosyesi və regional sabitliyi pozan fəaliyyətlərə” toxunmağın vacibliyi qeyd olunur.
Çinin bu yaxınlarda Səudiyyə Ərəbistanı və digər Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə qol-boyun olması Tehrana xəbərdarlıq siqnalı göndərdi. Tehran indiyə qədər Çinin İranın Səudiyyə Ərəbistanı ilə Körfəz regionunda rəqabətində neytral mövqe tutduğuna inanırdı. İran üçün məsələnin əsas məqamı Hörmüz boğazında yerləşən, Böyük Tunb, Kiçik Tunb və Əbu Mussa adlanan üç adanın İran tərəfindən idarə olunduğu, lakin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu adalara iddia etdiyinin Birgə Bəyanatda qeyd edilməsidir.
Birgə Bəyanatda deyilir ki, liderlər sülh yolu ilə həllə nail olmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü və səyləri də daxil olmaqla, bütün dinc səyləri dəstəklədiklərini təsdiq ediblər. Prezident Si Cinpinin 2022-ci il 7-10 dekabr tarixlərində Səudiyyə Ərəbistanına səfəri və keçirdiyi silsilə görüşlər İran hakimiyyətində Çinin regiona münasibətini dəyişib-dəyişdirməməsi ilə bağlı sual yaratdı, xüsusən də Amerikanın burda mövcudluğunun azalması fonunda.

İranın problemi ondan ibarətdir ki, Prezident Si Cinpinin Səudiyyə Ərəbistanına səfərindən açıq şəkildə məyus olsa da, Çinlə münasibətləri korlaya bilmir. Bunun səbəbləri isə ilk növbədə iqtisadi xarakter daşıyır. Çin keçən ilə qədər İran neftinin ən böyük idxalçısı idi və hər iki ölkə iqtisadi əməkdaşlığı genişləndirmək üçün 2021-ci ilin martında 25 illik yol xəritəsi imzalayıb. İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyandan deyib ki, “adalar İranın təmiz torpağının ayrılmaz hissələridir və əbədi olaraq bu vətənə aiddir”. İran həm də ona görə də narahatlıq nümayiş etdirdi ki, Çin-Körfəz Əməkdaşlıq Şurasının Birgə Bəyanatı “beynəlxalq hüquq qaydalarına uyğun olaraq ikitərəfli danışıqlara və bu problemi (üç adaya sahiblik) beynəlxalq legitimliyə uyğun həll etməyə” çağırıb və bu, adalarda heç bir danışıqlara getməyəcəyinə dair Tehranın mövqeyini faktiki olaraq sarsıdıb. İranın Çinin hərəkətlərindən narazılığını ifadə etməsi Baş nazirin müavini Hu Çunhuanın (bu yaxınlarda partiyanın qurultayında vəzifəsi aşağı salınıb) Tehrana gəlməsinə səbəb olub. İranın “Donyaye-Sanat” qəzetinin iddia etdiyi kimi, səfər çoxdan planlaşdırılsa da, səfərin vaxtı Prezident Si Cinpinin Səudiyyə Ərəbistanına səfərindən sonra gərginliyin artması ilə üst-üstə düşüb. Hu Çunhuanın səfəri və Prezident Seyid İbrahim Rəisi ilə görüşləri “Global Times”ın səhifələrində “bu səfər iki ölkə arasında ziddiyyət yaratmağa çalışan bəzi səs-küyləri dağıtmağa effektiv kömək edə bilər” başlıqlı yazı ilə əks-səda doğurub. “Sinxua” Agentliyi xəbər verir ki, Çunhua Perzident Rəisi ilə görüşündə Çinin İranla münasibətlərinə strateji perspektivdən baxdığını və hərtərəfli strateji tərəfdaşlıqlarını inkişaf etdirmək əzmində tərəddüd etməyəcəklərini bildirib və qeyd edib ki, Çin xarici müdaxiləyə qarşı çıxmaqda və onun suverenliyini, ərazi bütövlüyünü və milli ləyaqətini qorumaqda İranı qətiyyətlə dəstəkləyir.
İran mediasındakı xəbərləri izləmək İran idarəçiliyində hökm sürən əhval-ruhiyyəyə nəzər salmağa imkan verir. “Jomhouri-e lslami” qəzeti yazıb ki, Çinin BƏƏ-nin üç adaya olan iddiasını dəstəkləməsi iranlı siyasətçilər və ekspertlər tərəfindən kəskin tənqid edilib. İranın digər qəzeti “Mardom Salari” isə İran hökumətinin cavabından narazılığını bildirib və qeyd edib ki, daha sərt cavab gözlənilirdi.
“Ebtekar “qəzeti İranın təcrid olunması səbəbindən Çinin ərəb ölkələrinə meyl etdiyini yazıb. Maraqlıdır ki, “Etemad” qəzeti Çinin yeni yanaşmasının “Çin rejimini Körfəz bölgəsində genişləndirmək məqsədi daşıdığını və lazım gələrsə, gərginlik yaratmaqdan çəkinməyəcəyini” iddia edib. “Hamshahri” qəzetinin baş redaktoru Abdullah Kencinin Çinin anti-İran mövqeyi ilə bağlı yazıb ki, “Çinin bizə təpik atması normaldır. O, ərəblərin etimadını qazanmaq və Amerikanı təxribata çəkməmək istəyir”.

“The Times of İsrael” vurğulayır ki, Çin açıq şəkildə İrandan imtina etmək qərarına gəlib. İndi o, strateji ehtiyatları üçün kifayət qədər İran nefti əldə edə bildiyindən, irəliləməyə və Səudiyyə Ərəbistanına daha çox diqqət yetirməyə (və onun elan edilmiş ən böyük neft idxalçısı olmaq) hazırdır. Buna qismən də ABŞ-ın İrandan neft idxal edən Çin şirkətlərinə qarşı sanksiyaları səbəb olub. Bayden administrasiyası neft transferlərində iştirak edən iki Çin şirkətinə 2022-ci ilin sentyabr ayında sanksiya tətbiq edib. “Reuters” daha əvvəl bildirmişdi ki, 2022-ci ilin martında Çin İrandan əvvəlkindən daha çox, əsasən də qeyri-qanuni yolla, gündə təxminən 700.000 barrel neft idxal edib.
Rəsmi olaraq, Çinin İrandan neft idxalı 2022-ci ilin noyabrında sıfıra bərabər idi. Eyni zamanda, onun BƏƏ və Malayziyadan idxalı artmaqda davam edib. Çünki Çin bəyan edilməmiş İran neftini idxal etmək üçün hər iki ölkədən vasitəçi kimi istifadə edib. Bütün bunlar 2021-ci ilin martında imzalanmış 25 illik Çin-İran müqaviləsindən heç nə ilə fərqlənmir. Daha sonra bəyan edilmiş məqsəd ticarət də daxil olmaqla bir sıra sahələrdə hərtərəfli əməkdaşlığı genişləndirmək olub. 2022-ci ilin əvvəlində İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan demişdi ki, saziş “tətbiq olunmağa başlayıb”, lakin bu günə qədər sazişin bir hissəsi kimi heç bir böyük müqavilə elan edilməyib./AzPolitika.infoскачать dle 12.1