Bia.Az

Əliyev Makrona "qapı"nı qapatdı: Fransa Türkiyə və Rusiya arasında "buterbrod dövlətə" çevrilir

Gündəm
 25-12-2022, 17:50     306

Prezident Emmanuel Makronun Bakıya son telefon zəngi Fransanın çarəsizliyini növbəti dəfə təsdiqlədi, Azərbaycan lideri İlham Əliyev ona ermənipərəst mövqeyini xatırlatdı, "sən heç nəyə qarışma" mesajı verdi... ABŞ-dan əliboş geri göndərilən Fransa lideri bir tərəfdən ölkəsini Cənubi Qafqazda geopolitik oyunçuya, digər tərəfdən isə yeni dünya düzəninin "arxitektura"sını təyin edən dövlətə çevirməyə cəhd göstərir...

Fransa Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək şansı qazanmaq üçün əlindən gələn hər şeyi edir. Rəsmi Paris hazırda bütün mümkün variantları sınaqdan çıxartmağa çalışır. Və Fransa hələlik bu məsələdə uğur qazana bilməsə də, açıq-aşkar israrlı davranır.
Bir müddət öncə rəsmi Paris Brüssel prosesində Fransanın iştirakına nail olmaq üçün sülh danışıqlarını da pozmaqdan çəkinmədi. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan vasitəsilə Brüssel prosesində Fransa prezidenti Emmanuel Makronun iştirakını əsas şərt kimi irəli sürdü. Və rəsmi Paris ümid edirdi ki, Azərbaycan bu şərti qəbul etmək məcburiyyətində qalacaq.
Ancaq rəsmi Parisin ümidləri özünü doğrultmadı. Çünki prezident E.Makron ermənipərəst ritorika ilə Azərbaycanı ittiham etdikdən sonra Prezident İlham Əliyev Fransanın Cənubi Qafqazda sülh prosesində daha heç vaxt iştirak etməyəcəyini bəyan etmişdi. Azərbaycan lideri İlham Əliyev bu mövqenin dəyişməz olduğunu növbəti dəfə sübuta yetirdi və Fransa prezidentinin iştirak etməyə cəhd etdiyi Brüssel görüşünə qatılmadı. Yəni, Fransa-Ermənistan tandeminin cəhdləri Brüssel prosesinin pozulmasından başqa heç nəyə yaramadı.
Makron-Macron-Aliyev-1002420310.jpg (36 KB)
Ancaq rəsmi Paris də geri çəkilmək istəmir. Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri davam etdirməyə çalışır. Şuşa-Xankəndi yolunda Azərbaycan ekoloqlarının dinc etiraz aksiyasına fərqli don geyindirilərək, BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması da Fransanın növbəti siyasi təzyiq avantürası idi. Və bu da rəsmi Paris üçün ümid bəslədiyi nəticədən çox-çox uzaq qaldı.
Belə anlaşılır ki, Fransa Cənubi Qafqaza "giriş qapısı" axtarsa da, tapa bilmir, sadəcə, regionun ətrafında fırlanmaqdan başqa heç nəyə gücü çatmır. Fransa prezidenti Emmanuel Makronun Azərbaycan lideri İlham Əliyevə son telefon zəngi də rəsmi Parisin çarəsizliyini növbəti dəfə təsdiqlədi. Şuşa-Xankəndi yolundakı hadisələri bəhanə edən Fransa prezidenti Emmanuel Makron Azərbaycan lideri İlham Əliyevə sülh prosesi üçün öz köməyini təklif edib. Azərbaycan Prezidenti İlham Əliyevsə ona Fransanın qatı ermənipərəst mövqeyini xatırladıb. Yəni, ona diplomatik dillə "sən qarışma" mesajı verib.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında BMT Təhlükəsizlik Şurasındakı çağırışlara əhəmiyyət verməyə ehtiyac olmadığını da bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu müzakirələrin və çağırışçıların arxasında Ermənistandan daha öndə gələn xarici dövlətlər var. O, həmin dövlətlərin rəhbərləri tərəfindən edilən telefon zənglərinə sadəcə, siyasi nəzakət xatirinə cavab verdiyini, ancaq Azərbaycanın mövqeyinin daim dəyişməz qaldığını qabardıb. Bununla da telefon zənginə cavablansa da, əhəmiyyət verilməyən xarici ölkə liderinin məhz Fransa prezidenti Emmanuel Makron olduğu ortaya çıxmış olur.
Belə anlaşılır ki, Fransa da Ermənistanın taleyini təkrarlamaq istiqamətində böyük sürətlə irəliləyir. Çünki rəsmi Paris də öz xarici siyasətini məhz Ermənistan kimi, yalan, böhtan və şantaj üzərində qurmağa çalışır. Halbuki, müasir dünyada bu taktika və metodların artıq keçərli olmadığı da qətiyyən diqqətdən yayınmır. Və bu səbəbdən də, Fransa dünyanın siyasi məkanında demək olar ki, Ermənistan kimi, əhəmiyyətsiz ölkəyə çevrilməyə başlayıb.
Məsələ ondadır ki, Fransa beynəlxalq məkanda nüfuzunu və avanqard dövlətlərdən biri kimi mövqeyini böyük sürətlə itirir. Rəsmi Parisin mövqeyi ilə hazırda beynəlxalq siyasi məkanda demək olar ki, artıq hesablaşmağı vacib hesab etmirlər. Hətta son on illik periodu Fransanın sıradan dövlətə çevrilmə dövrü kimi də xarakterizə etmək olar.
26dc-bidenfrance-facebookJumbo.jpg (106 KB)
Əslində, rəsmi Paris bu prosesin başlandığını illər öncədən nəzərə almaq məcburiyyətində qalmışdı. Fransa düşdüyü situasiyanı öz xeyrinə çevirmək, mövqelərini yenidən möhkəmləndirmək üçün müəyyən addımlar atmağa da çalışırdı. Prezident E.Makronun "Avropa ortaq ordusu" ilə bağlı ideyası da Fransanın süqutunu önləmək məqsədinə hesablanmışdı. Rəsmi Paris hesab edirdi ki, NATO-ya alternativ mexanizmlər yaratmaqla, ABŞ-ın Avropa üzərindəki təsir gücünü zəiflətməklə, Fransanın avanqard mövqelərini qorumaq mümkün ola bilər.
Ancaq rəsmi Parisin bu ideyanı reallaşdırmağa gücü və nüfuzu yetərli olmadı. ABŞ xüsusi xidmət servisləri Fransada "sarı jiletlilər"in qiyamını reallaşdırmaqla, prezident E.Makrona "öz başı üzərindən hoppanmaq" cəhdinin nə qədər təhlükəli olduğunu anladılar. Prezident E.Makronun dövrünə təsadüf edən bu sarsıdıcı zərbədən sonra rəsmi Parisin beynəlxalq mövqeləri daha da zəiflədi.
ABŞ və Fransa arasındakı kəskin ziddiyyətlər isə daha da dərinləşdi. Prezident Emmanuel Makronun bir müddət öncə ABŞ səfirindən əliboş geri göndərilməsi də Fransa üçün "qara günlər"in sürətlə yaxınlaşdığını göstərir. Rəsmi Paris bu səfərdən sonra ardıcıl olaraq, ziddiyyətli ideyalar ilə çıxış etməyə başlayıb. Belə ki, Fransa oyundan kənar vəziyyətə salınmaqda olduğu beynəlxalq prosesləri mümkün qədər qəlizləşdirməklə, vəziyyətdən çıxmağa çalışır. Və rəsmi Paris gec qaldığını, zamanın Fransanın əleyhinə işlədiyini artıq dəqiqləşdirmiş kimi görünür.
Ona görə də, prezident Emmanuel Makron bir tərəfdən Azərbaycan lideri İlham Əliyev ilə anlaşmağa və Cənubi Qafqazın "giriş qapısı"nın Fransanın üzünə açılmasına can atır. Çünki böyük ehtimalla rəsmi Paris Azərbaycana qarşı çıxmaqla, Fransanın maraqlarına necə böyük zərbə vurduğunu deyəsən, tədricən anlamağa başlayıb. Halbuki, rəsmi Bakı da yalan, böhtan və şantaj siyasəti üzrə ixtisaslaşmış Fransaya güvənmir. Və rəsmi Parisə şans tanımaq niyyətindən çox-çox uzaqdır.
Bu baxımdan, rəsmi Parisin yeni dünya düzəni arxitekturasında Ukrayna, Rusiya, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycana da təhlükəsizlik təminatının verilməsini təklif etməsi müəmmalı manevr təsiri bağışlayır. Çünki Fransanın etibarsız dövlət olması rəsmi Bakı üçün bu təklifə şübhə ilə yanaşmaq məcburiyyəti yaradır. Digər tərəfdən, Rusiya və Ukrayna da Fransanın davranışlarından qətiyyən məmnun deyil.
15344335315b7598fbaab619.57542393.jpg (90 KB)
Yəni, rəsmi Paris yalnız Ermənistan, Gürcüstan və Moldova ilə yeni dünya düzənin arxitekturasına müdaxilə edə bilməz. ABŞ-Fransa ziddiyyətlərinin dərinləşdiyi bir şəraitdə bu məsələdə rəsmi Parisin təşəbbüsü ələ almasına da imkan verilməz. Üstəlik, Fransanın yeni dünya düzənində aparıcı mövqelər uğrunda mübarizədə olduqca güclü digər rəqibləri də var.
Fransa prezidenti Emmanuel Makron Ukrayna savaşının sülh danışıqları ilə yekunlaşdırılması təklifinin məzmunu da rəsmi Parisin daha çox qarışıqlıq yaratmaq niyyətində olduğunu göstərir. O, hesab edir ki, Rusiya-Ukrayna sülh danışıqlarında bütün dövlətlər masanın arxasında olmalıdır. Ancaq Fransa prezidenti yalnız Türkiyə və Çini bu prosesdə görmək istəmədiyini vurğulayıb.
Göründüyü kimi, prezident Emmanuel Makronun bu yanaşma tərzi normal məntiqdən çox uzaqdır. Birincisi, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə normal dialoq imkanlarını qoruyub, saxlamış yeganə dövlətdir. İkincisi, Rusiya və Ukrayna Fransanı dəfələrlə riyakarlıqda ittiham ediblər. Və rəsmi Parisin sülh prosesində iştirakının yolverilməz olduğunu qabardıblar.
Ən əsasısa, Türkiyə Ukrayna savaşının nizamlanmasında yeganə vasitəçi ölkədir və rəsmi Ankara dünyanı aclıqdan xilas edən "taxıl dəhlizi"nin şəriksiz himayədarıdır. Nə qədər qəribə də olsa, indi Fransa prezidenti birdən-birə ortaya çıxıb, hər kəsə öz planını diqtə etmək niyyətinə düşüb. Halbuki dünyada prezident E.Makronun planı heç kimə maraqlı deyil, hətta ona əhəmiyyət vermək həvəsində olanlar da nəzərə çarpmır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupuскачать dle 12.1