Bia.Az

TƏBİB 1500 təcili yardım maşını alır, tibb sektoruna böyük kadr cəlb edilir - yeni savaş iddiaları...

Gündəm
 22-12-2022, 11:59     274

Ekspertlər müharibənin olmayacağını deyir, amma təcili yardım maşınlarının yenilənməsini vacib sayırlar

“Paytaxt və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub”. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib. O bildirib ki, indiyə kimi tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib: “Bugünlərdə ölkə başçısına təqdim edilən ”Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq".
Bu açıqlamadan sonra sosial şəbəkələrdə “TƏBİB 1500-ə yaxın təcili yardım sifariş edib. Yenə böyük müharibə ehtimalı var” kimi iddialara da rast gəlinir. Bu iddiaları gücləndirən səbəblərdən biri də ölkənin səhiyyə sisteminə tibb personalı cəlb edilməsi ilə bağlı çoxsaylı elanlardır. Həmin elanlarda tibb bacıları və tibb qardaşları axtarıldığı bildirilir, bundan əlavə, yararlı könüllülər, vətəndaşlar işə dəvət olunur.
Üstəlik, iki il öncə bitmiş Vətən müharibəsindəki zəfərimizi sülh müqaviləsi vasitəsilə Ermənistana qəbul etdirməmizdə də ciddi problemlər yaşayırıq. Bu sahədə bütün proseslər və danışıqlar dalana dirənib. Çoxsaylı ekspertlər hərbi zəfərimizin siyasi fakta çevrilməsi üçün yenidən güc tətbiqini qaçılmaz sayırlar. Qarabağda cərəyan edən hadisələr də müharibə versiyasını və bu barədə iddiaları gücləndirir. Odur ki, hər kəs əlamət axtarır. TƏBİB rəhbərinin dedikləri isə savaş iddialarını gücləndirən detal kimi qəbul olunub.
Bəs əslində məsələnin mahiyyətində nə dayanır? Azərbaycan səhiyyə sisteminə milyonlarla yatırımı nə üçün qoyur? 
Ekspertlərdən biri ‘’Yeni Müsavat’’ın müxbirinə deyib ki, İkinci Qarabağ müharibəsi zamanı, habelə postmüharibə dövründə xeyli sayda təcili tibbi yardım maşınlarımız sıradan çıxıb, köhnəlib. Habelə, elə rayonlar var ki, orada çağırışa həkimlər hələ də 70-80-ci illərin istehsalı olan furqon QAZ-24-lə gedirlər. Fakt budur ki, TTY maşın parkı çox köhnə idi, yenilənməsi zəruri idi.
O zaman aydınlaşdırmağa çalışdıq -  bizi müharibəmi, yoxsa keyfiyyətli tibbi xidmətmi gözləyir? 1500 təcili tibbi yardım maşını nə üçün alınır?
Cəlil Xəlilov (polkovnik) — Vikipediya
 Cəlil Xəlilov
Ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini, dosent Cəlil Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələnin müharibə ilə heç bir əlaqəsi yoxdur: “Müharibə dövründə bütün hərbçilərimiz tam olaraq tibbi ləvazimatlarla, maşınlarla təmin olunmuşdu. Onların ehtiyat imkanları da genişdir. Sadəcə, insanların sağlamlığına TƏBİB tərəfindən diqqətin artması müşahidə olunur. Həm də avadanlıqlar müasirləşdirilir. O avtomobillərin çoxu köhnəlib, uzun müddət işlədilib, indi müasir avtomobillərin içərisində lazımi tibbi avadanlıqlar təchiz edilir. Bir çox hallarda tibb personalı tıxac səbəbindən xəstəxanaya yetişə bilmir. Yəni avtomobilin içərisində  onlara müəyyən yardımlar göstərilir ki, insan sağlamlığını qoruya bilsinlər. Hətta içərisində əməliyyat etmək imkanı olan avtomobillər də var.  Lazımdırsa, bu cür avtomobillər alınacaq.  Prezident son zamanlar səhiyyə sahəsinə xüsusi diqqət ayırır. Dövlət tərəfindən atılan bu addımlar olduqca təqdirəlayiqdir. Bunun da xeyrini xalq hiss edəcək. Fikrimcə, burada başqa məqsəd yoxdur”.
Ekspert yaxın gələcəkdə müharibənin olub-olmayacağı ilə bağlı deyilənlərə belə fikir bildirib: “Laçın dəhlizində Azərbaycan dövlət qurumları, DİN, DTX, Dövlət Nəzarət Məntəqəsi yaradılmalıdır. Laçın dəhlizində separatçıların, erməni qanunsuz hərbi birləşmələrinin fəaliyyətinə son qoyulmalıdır. Qeyri-qanuni olaraq Azərbaycan sərhədlərindən keçib terror aktları törətməyə cəhd edənlərin qarşısı alınmalıdır.
Azərbaycan Prezidenti bütün imkanlardan istifadə edir. Diplomatik imkanlardan, beynəlxalq təşkilatların gücündən istifadə edir, dünyanın aparıcı ölkələri ilə danışıqlar aparır, dövlət maraqlarını ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyırsa, təbii ki, bu məsələlər də həllini tapmalıdır. 30 il bütün beynəlxalq təşkilatlar arasında, xarici dövlətlər qarşısında təkliflər verdik. Birləşmiş Millətlər Təşkilatı qərarlar qəbul etsə də, yerinə yetirmədi. Amma Azərbaycan bunun öz yolunu tapdı. Buna görə BMT Azərbaycana təşəkkür etməlidir ki, onların qərarının icra mexanizmini biz tapdıq. Əgər təkliflər verilirsə, bunu icra etmirlərsə, yenə təxribatlar törədirlərsə, terror aktları törədirlərsə, cavabını Azərbaycan dövləti verəcək. Azərbaycanın buna imkanları var, Azərbaycan güclü orduya malikdir. İqtisadi imkanlara malikdir. Orada yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul edirsə, bizim pasportumuzu daşıyırsa, burada yaşamaq arzusu varsa, onlar üçün də qapı açıqdır. Amma dinc yaşasınlar, ərazi iddialarına düşməsinlər. Təbii ki, bunlar yerinə yetirilmədikdə Azərbaycan məcburdur hərbi gücü ilə bu məsələləri həll etsin. Hələ danışıqlar davam etdirilir. Xarici dövlətilər, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini müdafiə edirlər, təkliflər verirlər. Yəqin ki, bu, prosesə öz təsirini göstərəcək. Sülh şəraitində bu məsələlər həll olunacaq. Delimitasiya və demarkasiya məsələsi həll olunacaq. Dəhliz də açılacaq. Bu, beynəlxalq tələblərdir. Bu, təkcə Azərbaycanın tələbi deyil. Bu, beynəlxalq hüquq normalarıdır ki, qonşu dövlətləri də buna riayət etməlidir".
Jurnalist Səxavət Məmmədin həbs səbəbi bilindi - Unikal.az
 Səxavət Məmməd
Hərbi ekspert, jurnalist Səxavət Məmməd də bizimlə söhbətdə dedi ki, insanların belə iddialarda olması bəzi reallıqları əks etdirir: “Çünki 44 günlük müharibəsindən əvvəl də Azərbaycana təcili tibbi yardım avtomobilləri gətirilmişdi. Səhv etmirəmsə, Prezident baxış da keçirmişdi. Amma reallıq budur ki, Azərbaycanda təcili tibbi yardım maşınlarının bərbad vəziyyəti ilə bağlı kifayət qədər narazılıqlar var. Hətta Xaçmazda maşının arxası açılıb, xəstənin aşağı düşməsi də günlərlə müzakirələrə səbəb olmuşdu. Bu dərəcədə ciddi və problemli məsələlər var. Ümumiyyətlə, Azərbaycanı müharibə gözləyirmi? Bu suala gələndə, reallıqlara baxanda Azərbaycanda müharibə olacağı ehtimalı yoxdur. Faktiki olaraq adicə Laçın dəhlizində məlum bir aksiya keçirilib. Bu aksiyaya görə az qala bütün dünya ayağa qalxıb. Ermənistana yaxın təşkilatlar, dövlətlər Azərbaycana qarşı bəyanatlar səsləndirirlər. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra demək olar ki, dövlət sərhədində də götürə biləcəyi bütün yüksəklikləri əldə edib və nəzarət edir. O həddə gəlib çatıb ki, birbaşa ermənilərin yaşayış məntəqələrinə giriş olub. Aksiya zamanı bu qədər ayağa qalxırlarsa, yaşayış məntəqəsinə giriblərsə, vəziyyət tamamilə nəzarətdən çıxa bilər. Bu yeni müharibənin başlanğıcı ola bilər. Mən hətta iddia da etmişdim ki, bundan sonrakı müharibə Azərbaycanla Ermənistan arasında olmayacaq. Hazırda Qarabağda Rusiya sülhməramlıları var, orada Fransaya, İrana, təbii ki Ermənistana bağlı qüvvələr var. Monitorinq Mərkəzi adı ilə olsa da, Türkiyə də bu ərazidə var. Ona görə də bura Ukraynanın ikinci variantına çevrilə bilər. Mən inanmıram ki, Azərbaycan tərəfi bu riskə getsin. Çünki bu, nəticəsi bəlli olmayan müharibəyə gətirib çıxaracaq. Yenə deyirəm, məsələ Ermənistanla Azərbaycanın üz-üzə qalması ilə bağlı deyil. Ona görə də təcili tibbi yardım maşınlarının bu səbəbdən alınması fikrini doğru saymıram. İnsanlar 44 günlük Vətən müharibəsindən əvvəl alınan təcili tibbi yardım maşınlarını ilə  eyniləşdirirlər, amma yanlışdır. Rayonlarda TTY maşınlarının vəziyyəti hər kəsə bəllidir. Hətta orduda olan TTY avtomobilləri də bərbad gündədir. Müharibə olmasa belə, bu avtomobillərin yenilənməsinə ehtiyac var”.
Nazirliyin sabiq mətbuat katibi: "Öz xahişimlə ayrıldım" » Kanal14.az
Zamirə Adilova 
TƏBİB-in mətbuat katibi Zamirə Adilova məsələ ilə bağlı “Yeni Müsavat”a deyib ki, TƏBİB tərəfindən tabeli tibb müəssisələrinə,  eləcə də tibb sahəsində həyata keçirilən bütün işlər tibbi xidmətin əlçatanlığına, keyfiyyətinin artırılmasına, vətəndaş məmnunluğunun təmin olunmasına və yüksəldilməsinə hesablanıb:  “Yəni tibb sahəsində həyata keçirilən işlər çərçivəsində müasir, tam təchiz olunmuş ambulanslar da alınır və istifadəyə verilir”./“Yeni Müsavat”/скачать dle 12.1