Bia.Az

"HƏR ŞEYİ RAZILAŞDIRA BİLMƏDİK..." - Üçtərəfli görüşün yekunları üzrə birgə BƏYANAT açıqlandı + VİDEO( Yenilənir)

Gündəm
 31-10-2022, 23:03     265

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşünün yekunları üzrə birgə bəyanat dərc olunub.

Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik.
Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq".
Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır.
"Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq", - sənəddə bildirilir.
Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir.
Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək.
Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər.
Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar”.




***
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.
Bu barədə TASS  xəbər verir.
Putinin sözlərinə görə, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.
O, görüşün yekunları ilə bağlı birgə bəyənatın qəbul olunduğunu söyləyib: "Ümumi fikir bundan ibarətdir ki, çox faydalı görüş oldu. Bu, bəzi fundamental məsələlər üzrə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı".
"Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdıra bilmədik. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam", - Rusiya Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu, bütövlükdə vəziyyətin həlli üçün növbəti addımların atılmasına şərait yaradır.
“Ümumilikdə deyəndə indiki vəziyyəti və yaxın keçmişi, iki il bundan qabaqkı hadisələri nəzərdə tuturam. O zaman biz prinsipial məsələlərlə bağlı razılığa nail olmuşduq. Bugünkü müzakirələr də onu deyir ki, biz ölkələrimizin gələcəyi barədə razılığa gələ bilərik. Ölkələrimiz deyəndə həm Rusiyanı, həm Azərbaycanı, həm də Ermənistanı, regionun bütün ölkələrini nəzərdə tuturam. Çünki münasibətlərin normallaşmasında bu ərazilərdə yaşayan bütün xalqları maraqlıdırlar. Rusiya öz tərəfindən hər şeyi edəcək ki, yekun və hərtərəfli nizamlanmaya nail olunsun”, - deyə Putin vurğulayıb.
Putin əlavə edib ki, Rusiya öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün hər şeyi edəcək.
Rusiya Prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkürünü də bildirib.
“Mən Ermənistan baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, siz Rusiyaya - Soçiyə gəlməyə və bu müzakirələri aparmağa razılıq verdiniz. Razılaşdığımız kimi biz təmasda olacağıq, bu dialoqu davam etdirəcəyik və bu cür uzun sürən münaqişəyə nöqtə qoymaq üçün lazım olan həlləri axtarmağa davam edəcəyik”, - deyə Putin əlavə edib.
V.Putin qeyd edib ki, Rusiya Federasiyası regionda dialoqun davam etdirilməsi və münaqişəyə son qoyulması üçün Ermənistan və Azərbaycanla təmasdadır.

***
Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
“Report” xəbər verir ki, görüş “Rus” sanatoriyasında keçirilir.
Görüş V.Putinin təşəbbüsü ilə keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.скачать dle 12.1