Bia.Az

KREMLİN QAFQAZI “UKRAYNALAŞDIRMAQ” CƏHDİ – Moskvanın hədə-qorxuları Bakı ilə İrəvanı yaxınlaşdıra bilərmi?

Gündəm
 26-10-2022, 20:21     220

“Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoq davamlı sülhə nail olmağın açarıdır”.

Bu, ABŞ-ın mövqeyidir və bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Putinin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvətini şərh edərkən deyib. Yəni, ABŞ xüsusilə də Rusiya kimi işğalçı bir dövlətin timsalında vasitəçilikdənsə, rəsmi Bakı ilə İrəvanın birbaşa danışıqlarının daha effektiv olacağına inanır…
“Qardaş Ermənistan misli görünməmiş təzyiq altındadır. Bizi Qərbin Ukraynada işlətdiyi qarşıdurma sxemlərini gətirmək istədiyi Cənubi Qafqazdakı tendensiyalar narahat etməyə bilməz”.
Bunu isə Rusiya XİN-in “yarıalkoqolik görünüşlü” sözçüsü Mariya Zaxarova Bakı ilə İrəvanın Qərbin, Avropa İttifaqının vasitəçiliyilə sürdürülən dialoquna münasibət bildirərkən söyləyib.

 Moskvanın bu prosesdən məyusluğunu və qəzəbini gizlətməyən Zaxarova daha sonra deyib:“Xalqlarımız və ölkələrimiz arasında əlaqələri dağıtmaq məqsədilə Rusiyanın regiondakı siyasətinin diskreditasiyası istiqamətində addımlar atılır. Vaşinqtonun və Brüsselin tapşırığı ilə işləyən bir çox fondlar, ictimai təşkilatlar və KİV-lər ikiqat səylərlə cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi yaratmağa çalışırlar”.
Birincisi, guya Qərb tərəfindən “Ukraynada işlədilən qarşıdurma sxemlərinin Cənubi Qafqaza gətirilməsi” ifadəsi heç də Kremlin yaxşı niyyətlərindən xəbər vermir. Çünki Moskva bununla da bir növ Ukraynadakı bəhanələrini Cənubi Qafqaza daşımaq niyyətini ortaya qoyur. Hazırda Rusiyanın əlində bu niyyətlərə nail olmaq imkanları və vasitələrinin nə dərəcədə mövcud olduğu, əlbəttə ki, başqa söhbətin mövzusudur. 

Lakin bununla yanaşı, Kremlin demək olar, eyni bəhanə ilə Ukraynada başlatdığı savaşın dəhşətli nəticələri göz önündədir. Bu hədə-qorxularda xüsusi olaraq Ermənistanın adının çəkilməsi isə Moskvanın bu ölkədəki hərbi bazası da nəzərə alınsa, hərbi müdaxilə də daxil olmaqla, Paşinyana qarşı hansısa radikal addımlara getməsi ehtimalını xeyli dərəcədə artırır. Ukraynadakı məğlubiyyətdən başını itirmiş və azğınlaşmış Kremldən nə desən gözləmək olar. Ona qarşı mümkün müqavimətə gəlincə, nəzərə alaq ki, nə Ermənistan Ukrayna, nə də ermənilər ukraynalılar deyillər… 
Unutmaq lazım deyil ki, Zaxarova hər nə qədər Qərbin Ermənistana təzyiqindən danışsa da, əslində, məhz Rusiyanın özü dəstək adı altında Ermənistanı əsrlərdir öz təsiri və təzyiqi altında saxlayıb, ondan regionu qarışdırmaq üçün Türkiyəyə, türklərə, hətta yeri gələndə gürcülərə qarşı təzyiq vasitəsi kimi istifadə edir. 
Yəni, başa düşsələr, dünən də, bu gün də ermənilərin bədbəxtliyinin əsas banisi və baiskarı məhz Rusiya olub və deyəsən, bunu yavaş-yavaş da olsa, anlamağa başlayırlar… 
Rusiya XİN-in “Xalqlarımız və ölkələrimiz arasında əlaqələri dağıtmaq məqsədilə Rusiyanın regiondakı siyasətinin diskreditasiyası istiqamətində addımlar atılır” fikrinə gəlincə, Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsi və əsrlər boyu Qafqazda atdığı məlum addımlar Cənubi Qafqaz xalqları və dövlətlərinə nəticə çıxarmaq üçün kifayət qədər əsaslar verir. 
Ona görə də Rusiyanın regiondakı siyasətinin kənardan Qərbin, yaxud başqa birisinin diskreditasiyasına heç bir ehtiyac yoxdur. Zatən Rusiyanın regionumuzla bağlı məqsəd və məramları, Azərbaycana da, Gürcüstana da, hətta tədricən ayılmağa çalışan Ermənistana da yaxşı bəllidir…
Ermənistandakı revanşistlərin, Kreml təbliğatçılarının və nəhayət, Rusiya XİN-in rəsmi mövqeyindən belə aydın olur ki, Qərbin, Avropanın təklif etdiyi format və danışıqlar gündəliyi Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qəbul edilməsini və bu əsasda tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutur.
Rusiya isə əksinə, ölkəmizin ərazi bütövlüyünü sual altına alan və özünün Qarabağdakı ermənilərə havadarlığını sürdürməsini, deməli, həm də öz hərbi qruplaşmasının burada davamlı olaraq qalmasını təmin edən çirkli, dolaşıq bir “həll variantı” üzərində “işləyir”. Yəni, guya ermənilərə onların özündən də artıq “canı yanan” Kreml bir tərəfdən Ermənistanın milli maraqlarının ayaq altına alındığını və onun Qərbin caynağına keçmək üzrə olduğunu bildirir, digər yandan isə Qarabağdakı ermənilərin gələcək taleyindən “bərk narahatlıq keçirir”.
Heç kimə sirr deyil ki, son günlərdə Rusiyanın dövlət kanallarının Azərbaycana qarşı növbəti açıq hücumu Kremlin rəsmi Bakının siyasətilə bağlı nədənsə narazı olduğunu, maraqlarımızın üst-üstə düşmədiyini (heç zaman düşə də bilməzdi-red.) göstərir. Ancaq Bakı da Kremlin öz şər maşını ilə həyata keçirdiyi bu təxribatları artıq cavabsız qoymur. Azərbaycanın dövlət televiziyasında rusiyalı təbliğatçılara verilən cavab bunun göstəricisidir.

Maraqlıdır ki, buna paralel olaraq, Ermənistanda da Kreml təbliğatçılarına qarşı əsl savaş başlanıb. Uzun illərdir Ermənistanın işğalçılıq maraqlarını, eyni zamanda Ermənistandakı Rusiya kölələrini müdafiə edən, Azərbaycana olmazın şər-böhtanlar yağdıran Konstantin Zatulin və Marqarita Simonyan kimi çirkin Kreml ruporları rəsmi İrəvan tərəfindən “persona non-qrata” elan edilib, ölkəyə girişlərinə qadağa qoyulub.
Bununla ermənilər göstərirlər ki, “ağıllanıblar” və anlayırlar ki, Kremlin erməni təəsübkeşliyi sabun köpüyü kimi bir şeydir və ermənilərə yox, yalnız Rusiyanın imperiya maraqlarına xidmət etməklə, Cənubi Qafqazda düşmənçilik toxumu səpməkdən başqa heç nəyə yaramır. 
Belədə, hətta kənardan kimlərdəsə elə təəssürat yarana bilər ki, Azərbaycanla Ermənistan sanki eyni cəbhədən çıxış edərək, Kremlə mümkün qədər tutarlı cavablar verməyə, onu regiondan uzaqlaşdırmağa çalışırlar. Ancaq bu təəssüratın reallıqda öz əksini tapmasına yəqin ki, hələ çox var…
Ardınca, Azərbaycan Prezidentinin Gürcüstana səfəri və üstörtülü də olsa Gürcüstanın mümkün vasitəçiliyilə bağlı orada səslənən fikirlər, onun Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli məsləhətləşmələrin başlanması məsələsini gündəmə gətirməsi də qətiyyən Rusiyanın Qafqazdakı “parçala - hökm et” siyasəti və maraqları ilə üst-üstə düşmür. 
Bütün yuxarıda qeyd olunanlardan çıxış etsək, belə nəticə yaranır ki, Putinin Azərbaycan və Ermənistan rəhbərlərini Moskvaya dəvət edərək, növbəti sammit təşkil etmək təklifi və niyyəti nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğun deyil və tərəflər real sülhün Moskvanın vasitəçiliyilə əldə olunmasının mümkünsüzlüyünü yaxşı anlayırlar…/“AzPolitika.info”/скачать dle 12.1