Bia.Az

Xınalıqdakı qəzalı evlərin təmir-bərpasına ayrılan yüz minlər haralara gedə bilər… - İTTİHAM VAR!

Fakt
 26-09-2022, 12:05     60

Hazırda Dövlət Turizm Agentliyi daha çox ölkəyə xarici turistlərin cəlb olunması üzərində layihələr həyata keçirməklə yanaşı, tabeliyində olan tarixi-memarlıq qoruqlarında təmir-bərpa işləri də aparır. Son illər İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasına, İsmayıllı rayonu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən 5 memarlıq abidəsində bərpa işlərinə, Şəki şəhəri, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinə və”Kiş” Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti, bərpa və abadlıq işləri üçün külli miqdarda dövlət vəsaitləri ayrılıb. Qurum bu məqsədlə bir neçə tender proseduru həyata keçirib ki, onlardan biri diqqətimizi daha çox çəkdi.

Dövlət Turizm Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 06.09 2022-ci il tarixdə yerləşdirilmiş məlumata görə Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınmasının qalibi “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı olub və sözügedən şirkətlə Agentlik arasında 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, şirkətin hansı ölkəyə məxsus olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİŞİR NƏVAİ, ev 17. qanuni təmsilçisi kimi isə Emrah Ucar qeyd olunub.

Göründüyü kimi filial kimi MMC Azərbaycanda cəmi 1 il 4 aydır fəaliyyətə başlayıb. Buna baxmayaraq 2022-ci ilin son 4 ayı ərzində Azərbaycanda “Azərsu” ASC-nin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 49 476 059.86, “Azergold” QSC-nin isə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 40 757 001 manat udub. Yəni son 4 ayda tam 90 milyon manat. Dövlət Turizm Agentliyinin keçirdiyi tenderi də bura əlavə etsək bu 94 630 678 manat təşkil edir. Ümumi dəyəri milyonlarla ölçülən dövlət satınalmalarında iştirak edən, lakin barəsində heç bir məlumat olmayan bu şirkətin qalibi olduğu tenderlərə baxdıqda isə qəribə mənzərə yaranır, birində su təchizatı və kanalizasiya sistemi işləri, digərində qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri, başqa birində isə qəzalı evlərin təmiri işləri.

Bunları hələlik qoyaq bir kənara. “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti Xınalıq kəndindəki qəzalı evləri Dövlət Turizm Agentliyi üçün neçəyə təmir edəcək? Bir evin bərpasına 99 945 manat. Yüz mindən 55-cə manat manat aşağı qiymətə. Çox şişirdilib, deyilmi?

Aktualinfo.org xatırladır ki, ötən il də Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsait ayrılmışdı. Onda Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsini 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdı. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Dövlət Turizm Agentliyi Xınalıqdakı qəzalı evlərin təmiri və bərpası (16 ev) işlərinin satın alınmasına 04.05.2021-ci ildə də 876 181.18 manat məbləğində bir satınalma müqaviləsi də “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Onda belə çıxır ki, Xınalıqdakı 16 qəzalı evlərin təmir bərpasına 2021-ci ildə 2 milyon manatdan çox vəsait ayrılıb?

Xınalıq kəndində ötən il hər bir evin təmir-bərpasına Dövlət Turizm Agentliyi təxmini hesablamalarımıza görə orta hesabla 73 938 manat ayırmışdı. Həmin dövrdə yaydığımız məqaləyə Agentliyin cavabı belə olmuşdu ki, “Qışı sərt keçən Xınalıq kəndi ərazisində evlərin əksəriyyətində uçqunlar olmuşlar və vətəndaşların həyatı ciddi təhlükə altında qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iş həcmi mərhələlərə bölünmüşdür. İlkin mərhələdə ən təhlükəli 16 ev seçilib təmir-bərpa layihəsi hazırlanmışdır. Görüləcək işlərin 16 evlə bu ildə məhdudlaşdırılmasının digər əsas səbəbi dağlıq və sərt iqlimi olan Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay olmasıdır (May- Sentyabr). Evlərin təmir-bərpa layihəsi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin layihə institutu tərəfindən hazırlanmışdır. Layihə institutu tərəfindən hazırlanan layihələr FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə müvafiq rəy verilməsi üçün təqdim edilib.

Layihə smeta sənədlərinə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müvafiq rəyi alınıb. Bu rəy və smetaya uyğun olaraq FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən cari qiymətlər səviyyəsində ehtimal dəyəri tərtib olunub. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən verilən qiymət əsasında Dövlət Turizm Agentliyi tərəfindən tender keçirib.”

Göründüyü kimi Agentlik qanun tələb etdiyi qaydaları sadalayır. Yəni, hər şey qanunda nəzərdə tutulan qaydada təşkil olunur. Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərə də söz yox, öz yerində. Amma bu dəfə də Xınalıqdakı qəzalı evlərin təmiri və bərpasına ayrılan vəsait ötən yazıda da qeyd etdiyimiz kimi, heç inandırıcı gəlmir bizə. Biz kəndin dağlıq ərazidə yerləşdiyini, relyefini, mal-materialların daşınmalarını və işçi qüvvəsini də nəzərə alırıq. Bununla belə ayrlan vəsait yenə də həddindən çox görsənmirmi? Bir qəzalı evin təmir bərpasına ötən il təxminən 74 min manat, bir ildən sonra isə təxminən 100 min manat vəsaitin ayrılması şişirdilmiş rəqəmlərdən başqa bir şey deyildir. Müqayisə üçün Dövlət Turizm Agentliyi tərəfindən redaksiyamıza göndərilmiş təmirli və təmirsiz evlərin şəkillərini diqqətinizə çatdırırıq. Birinci şəkildə evin tavanı köhnə qaydada olduğu kimidir. İkinci şəkildə isə tavan dəyişdirilib, divarlar isə sadəcə ağardılıb. İndi sizcə ayrılan vəsaitlərlə görülən bu işlər üst-üstə düşürmü?

Digər tərəfdən, Dövlət Turizm Agentliyi Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay, may-sentyabr aylarının olduğunu göstərir. Elə isə tenderlər nə üçün sentyabrda keçirilir. Axı, sentyabrdan sonra Xınalıqda tikinti işləri aparmaq olmur. Sentyabrda tender keçirib, gələn ilin may ayında işə başlanılırsa ortada olan 8 ay müddətinə ayrılan pullar necə olur? Tenderləri ilin əvvəllindən, mart-aprel aylarından keçirib, may ayından işlərə başlamaq olmazmı? Hesab edirik ki, burada da bir çox qaranlıq məsələlər var.

Otən yazımızda da qeyd etdiyimiz kimi, biz kəndin qədimliyini başa düşürük. Buranın sadəcə qədim bir kənd olmaqla bərabər, həm də Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu olduğunu da unutmuruq. Amma sadəcə kəndin qədimliyini qorumaqla qəzalı evlərdə təmir-bərpa işlərinin aparılması xatirinə ayrılan milyonları başa düşmürük. Hər şey Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərdən asılı deyil ki. Bunun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var, bunun Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti var. Bəs bu qurumlar hara baxır?

Xatırladaq ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli ” mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Elə 21 aprel 2018-ci il tarixdən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.Onun bu sahəyə rəhbərliyinə necə qiymət vermək olar? Bunun üçün sosial şəbəkələrdə və elektron media resusrslarında turizm obyektlərindən olunan çoxsaylı şikayətlərə baxmaq kifayət edər. Dövrü mətbuatda həmçinin yazırlar ki, Fuad Nağıyevi “yaxından tanıyanlar deyir ki, agentlik rəhbəri içki masasına oturdumu, onu oradan qaldırmaq çətin məsələdir, ayaqları sözünə baxmayanadək içəcək, yekunda isə sürücüsünün və ya masa yoldaşlarından ayıq olanların dəstəyi ilə maşına salıb evinə göndərəcəklər. İddia olunur ki, bu vəziyyət demək olar, hər gecə təkrar olunduğundan cənab Nağıyev işə adəti üzrə nahardan sonra gəlir.”

Mətbuatın yazdığından belə çıxır ki, Dövlət Turizm Agentliyinin sədri hər axşam yeyib-içməkdə olur. Hər axşam yeyib-içməyə xərclənən puların haradan gəldiyi isə bəlli deyil. Olmaya, Fuad Nağıyevin hər axşam yeyib-içməyə xərclədiyi pular Xınalıqdakı hər qəzalı evin təmir-bərpa işlərinə ayırdığı 100 minlərdən gəlir?

Aktualinfo.org
скачать dle 12.1