Bia.Az

Ali Məhkəmənin kollegiya sədri sahibkarın əmlakına “çöküb” : MƏHKƏMƏLƏR BİR ADAMIN SİFARİŞİ İLƏ İŞLƏYİR

Fakt
 20-06-2021, 20:23     349

Azərbaycanın ən böyük şirkətlərindən birində səhmdarlar arasında illərdir məhkəmə çəkişmələri davam edir. Şirkətin pay sahiblərindən biri xarici ölkə vətəndaşdır. Milyonlarla dəyəri olan şirkətin 50 faizlik hissəsi 10 min manata satılıb.

BİA.AZ Musavat.com-a istinadən xəbər verir ki, söhbət ölkədə plastik və alüminium məhsulların istehsalı ilə məşğul olan “AZPROF” MMC ətrafında yaranan qalmaqaldan gedir.
İran vətəndaşı Hacı Reza Əkbər “Tulu Fəcr Tehran Limited” şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsidir. Bu şirkət “AZPROF” MMC-nin həmtəsisçisi olub və nizamnamə kapitalının 50 faizinə malik olub.
Cəmiyyətin nizamnamə kapitalında olan “Tulu Fəcr Tehran Limited” şirkətinə məxsus 50 faiz pay etibarsız əqd əsasında digər şəxslərə satılıb.
Milyonlarla dəyəri olan 50 faizlik pay 10 min manata satılıb. Bu satış gələcəkdə şirkətə investisiya qoyulması və xarici şirkətin səhmdar olmasının qarşısını alıb.
Bundan sonra cəmiyyətin nizamnaməsi yenidən qeydiyyata alınıb və nizamnamə kapitalındakı paylar 50 faiz Məmmədov İdris Əsəd oğlu, 25 faizi Hacı Reza Əkbər, 25 faizi isə Qasımova Tamilla Cavanşir qızı arasında bölüşdürülüb.
Lakin bu alqı-satqı müqaviləsi, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib. Bu qətnamədən qarşı tərəfin verdiyi apellyasiya və kassasiya şikayətləri yuxarı məhkəmə instansiyaları tərəfindən təmin olunmayıb və qüvvədə saxlanılıb. Ardınca Nərimanov Rayon Məhkəməsi tərəfindən qətnamə icraya yönəldilib və icra işi Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilib.
Qeyd edilən qətnaməyə əsasən, “AZPROF” MMC-nin nizamnamə kapitalında olan “Tulu Fəcr Tehran Limited” şirkətinə məxsus 50% payın Hacı Reza Əkbərə və Qasımova Tamilla Cavanşir qızına satılmasına dair alqı-satqı müqaviləsi etibarsız hesab edilib.
Qətnamə qanuni qüvvəsini aldıqdan sonra aylarla icra edilməyib. Lakin sonradan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində cəmiyyətin nizamnamə kapitalında paylar 50 faiz “Tulu Fəcr Tehran Limited” şirkətinə, 50 faiz isə Məmmədov İdris Əsəd oğlunun adına qeyd olunub.
Lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq “Tulu Fəcr Tehran Limited” şirkəti həmin müəssisədə faktiki olaraq fəaliyyət göstərə və özlərinə məxsus payı tam şəkildə idarə edə bilmirlər.
Şirkətin nümayəndəsi Hacı Reza Əkbər aidiyyatı qurumlara müraciət edərək qətnamənin icra edilməməsindən şikayətini bildirib. Bundan sonra isə cavabdeh Qasımova Tamilla Cavanşir qızı Konstitusiya Məhkəməsinə müraciət edib.
İşin ilginc və maraqlı tərəfi qalmaqalda tanınmış hakimlərdən Xəqani Məmmədovun adının hallanmasıdır.
Belə ki, Hacı Reza Əkbər iddia edir ki, qətnamənin icra olunmamasının və məhkəmə instansiyalarında süründürməçiliyə məruz qalmalarının səbəbi Xaqani Məmmədovdur.
Onun sözlərinə görə, uzun müddət Konstitusiya Məhkəməsində çalışmış, Konstitusiya məhkəməsinin hakimi Sona Salmanovanın yerlisi və yaxını olan, indi isə Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov bu işdə maraqlıdır və qətnamənin ləğv edilməsini istəyir.
“Hazırda bizim şirkətdə Xəqani Məmmədovun Xanlar adlı əmisi oğlu oturub. Amma biz 50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik. Şirkətin digər pay sahibləri də bizə açıq şəkildə deyir ki, qətnaməni ləğv etdirəcəyik, sizə məxsus pay artıq Xaqani müəllimindir. Qeyd edim ki, nadir hallarda bu cür işlər Konstitusiya Məhkəməsinə çıxarılır. Bunu da Xəqani Məmmədov bacardı və Konstitusiya Məhkəməsinə işin ləğv edilərək yenidən apellyasiya instansiyasına göndərilməsinə nail oldu. Hətta bu iş üzrə Ali Məhkəmənin Plenum iclasında yeganə əleyhimizə sual verən hakim də Xəqani Məmmədov idi.
Hara şikayət ediriksə, bir yerdən kimlərsə tapıb, bu məsələyə müdaxilə edirlər. İllərdir qanuni qətnamə icra edilmir, biz zavoda tam şəkildə daxil ola və öz halal payımızı istifadə edə bilmirik. İndi isə məqsədləri qətnaməni apellyasiya instansiyasında və ali məhkəmədə ləğv etdirməkdir.
Eyni zamanda 25 ildir ki, Azərbaycanda yaşamağıma və həyat yoldaşımın azərbaycanlı olmasına baxmayaraq müxtəlif təzyiqlərlə qarşılaşıram və cavbdehlər də sırf İran vətandaşı olduğum üçün mənim şikayətlərimə heç kimin baxmayacağını bildirir”- deyə Hacı Reza Əkbər məhkəmələrdəki çıxışında və rəsmi qurumlara müraciətində yazır.
İddialarla bağlı Xəqani Məmmədovun da mövqeyini öyrənməyə çalışdıq.
Ali Məhkəmədən bildirildi ki, səsləndirilən iddialar əsassızdır və Xəqani Məmmədovun bu işdə marağı yoxdur.
“Ali Məhkəmədə qərar İran vətəndaşının xeyrinə çıxarılıb. Əgər bu işdə maraq olsaydı, elə orada İran vətəndaşının əleyhinə qərar çıxarılardı. Onların əleyhinə qərarı Konstitusuya Məhkəməsi verib”- deyə iddialara cavab olaraq Ali Məhkəmədən bildirilib.
Redaksiyamıza müraciət edən zərərçəkən xarici vətəndaş Hacı Reza Əkbər bildirib ki, qeyd edilən xəbər KİV-ində dərc edildikdən sonra əvvəl olduğundan daha da sərt şəkildə özünə qarşı təzyiq və təhdidlər başlamışdır.
Hacı Reza Əkbər qeyd edir ki, “Sözügedən şəxslər tərəfindən özünə məxsus hektarla torpaq sahələri zorla mənimsənmişdir. Onunla yanaşı aylıq kommunal xərcləri 20 mindən çox olan müəssisənin 50 faizlik hissəsinin 10 min manata satılması da absurd bir satışdır”.
Qeyd edək ki, hakim Xaqani Məmmədovun qardaşı Nəsib Məmmədov Biləsuvar Rayon Polis Şöbəsinin rəisidir. Qardaşların atası isə ictimayyətə o qədər də yad olmayan Səyyad Ağbabalıdır.скачать dle 12.1