Bia.Az

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzini “bataqlığa” çevirən şəxsin keçmişi də qaranlıqdır

Fakt
 27-06-2023, 13:30     837

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzini “bataqlığa” çevirən şəxsin keçmişi də qaranlıqdır

Hesablama Palatasının audit yoxlamalarının nəticələri Baş Prokurorluğa təqdim olunub

Hesablama Palatası tərəfindən 2022-ci il üzrə İş planına uyğun olaraq, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində audit yoxlamaları aparılıb.

Yaxınlarda bu barədə palata məlumat yayıb. 

Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq, funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir edən amillər təhlil olunub…

Yoxlamalar zamanı aydın olub ki, dövlət sifarişinə dair müqavilələrin bağlanılması təmin edilməyib, sifariş və hesabat formaları tərtib olunmayıb. Bu isə, öz növbəsində, dövlət büdcəsindən ayrılmış vəsaitlərin peşə mərkəzləri tərəfindən hüquqi formasına uyğun olmayaraq, büdcə təşkilatları ilə analoji şəkildə idarə olunması ilə nəticələnib, eyni zamanda, vəsaitlərin istifadəsinə nəzarət mexanizmlərinin tətbiqinə çətinlik yaradılıb…

Müəllimlərin, hüquqi aktların tələblərinə tam əməl edilmədən, tədrisə cəlb olunması, əvəzetmə qaydasında tədris olunan dərslərin qeydiyyatının aparılmaması və faktiki olaraq digər şəxslər tərəfindən tədris olunması keyfiyyətli peşə təhsilinin təqdim edilməsi, səriştəli kadrların yetişdirilməsi və əmək bazarına inteqrasiyası ilə bağlı hədəflərin tam və vaxtında reallaşdırılmasına təsir göstərən amil kimi qiymətləndirilib, artıq ştatlar saxlanılmaqla dövlət vəsaiti israf edilib… Və sairə…

Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda əməyin ödənilməsi ilə bağlı xərclərdə cinayət ehtimalı diqqətə alınaraq, müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Eləcə də, qərarın icrasının təmin edilməsi məqsədilə peşə təhsili ilə bağlı hüquqi aktlarda müəyyən edilmiş uyğunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, digər maliyyə pozuntu halları üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilib.

*Göründüyü kimi, Hesablama Palatasının audit araşdırmaları peşə məktəblərindəki ciddi qanun pozuntularını aşkara çıxarıb. Əlbəttə ki, sadalanan qanun pozuntuları bir günün işi olmadığı kimi, fəaliyyətində əyintilərə, səhlənkarlığa yol verən peşə təhsili məktəbləri də az deyil. Bu məktəblərdən biri də Göytəpə şəhərində yerləşən Cəlilabad Dövlət Texniki Peşə Mərkəzidir (DPTM).

Mərkəzin direktoru Etibar Sadıqovun daha əvvəllər lisey direktoru, Göytəpə şəhər icra nümayəndəsinin müavini, dərs hissə müdiri vəzifələrində çalışdığı bildirilir. O da qeyd olunur ki, Etibar Sadıqov fəaliyyət göstərdiyi sahələrdə indiyədək ciddi bir uğura imza atmayıb, lakin şəxsi karyerası üçün geninə-boluna “zəhmət” çəkib. Məsələn; Etibar Sadıqovun hələ ərazi idarəetmə nümayəndəsinin müavini işləyən zamanlarda bir neçə gəncin “xəstə” adı ilə xidmətdən yayınmasına kömək etdiyi bildirilir. Və sairə...

Qüsurlu fəaliyyətlərinə baxmayaraq, “şansı” Etibar Sadıqovu Cəlilabad Dövlət Texniki Peşə Mərkəzinə direktor olaraq gətirib çıxarıb. Üstəlik, Etibar Sadıqov “Əməkdar müəllim” adını da əldə edə bilib.

Vurğulayaq ki, adı çəkilən peşə mərkəzi dövlət tərəfindən müasir emalatxanalarla, avtotəmir və idman korpusları ilə, istixana və kənd təsərrüfatı maşınları üçün qarajla, anbarla, eləcə də əsaslı təmir olunmuş 5 mərtəbəli yataqxana binası ilə təmin olunub. Yəni, mərkəzin fəaliyyəti üçün ideal şərait yaradılıb. Lakin, gəlin görək, bu komfort təminatla təchiz olunmuş peşə mərkəzində proseslər təyinatı üzrəmi aparılır?..

Sözügedən rayondakı məlumatlı mənbə bildirir ki, Cəlilabad Dövlət Texniki Peşə Mərkəzində tədris və təlimlərin peşəkarlıqdan kənar aparılması, eləcə də qurulan əməkdaşlıqların səthi xarakter daşıması əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığına birbaşa mənfi təsir göstərir. Bu sahələrdə təşkilatçılığın həddən-ziyadə zəif olması peşə mərkəzinin keyfiyyət göstəricilərini heçə endirir. O cümlədən, müəllimlərin və tələbələrin tədris və təlim proseslərindən yayınmaları adi hal aldığından, intizamsızlıq bir meyyar olaraq formalaşıb. Müəllim və tələbələrdən vaxtaşırı toplanan “ianələr”, təlim üçün nəzərdə tutulan avtomobillərin yanacaq və ehtiyat hissələrinə tamah müdaxilələri isə mərkəzdə əsl bazar abu-havası yaradıb. Odur ki, mərkəzin bir çox tələbəsinin bilik səviyyəsinin minimumdan da aşağı olması işəgötürən müəssisələrdə istehsalat təcrübələri zamanı aşkarca ortaya çıxır. Mənbə qeyd edir ki, sadə bir yoxlama deyilənlərin dərhal ortaya çıxmasına zəmin yaradar. Mənbənin verdiyi bilgiyə əsasən, belə götürəndə, kagız üzərində hər şey qaydasınca görünür, amma “saman altından axan su”lar peşə mərkəzini Etibar Sadıqovun “bataqlığına” çevirib. 

“Bu gün Azərbaycan dövlətinin, onun rəhbərliyinin apardığı daxili siyasətdə qeyri-neft sektorunun, bu mənada həm də peşə təhsilinin inkişafı prioritet məsələyə çevirilib. Paralel olaraq, peşə təhsili və təliminin inkişafına dair dövlət tərəfindən Strateji Yol Xəritəsi hazırlanıb və ölkə üzrə həyata keçirilir və sairə... Amma “Etibar Sadıqovun məktəbi” bu xətdən kənarda qalmaq yolu tutub. Bəli, məhz “Etibar Sadıqovun məktəbi”! Çünki, o, peşə mərkəzinə şəxsi biznes sahəsi kimi baxır”, - deyə, mənbə vurğulayır.

 Hesablama Palatasının açıqladığı hesabatda olduğu kimi və mənbənin verdiyi məlumatlara əsasən, Cəlilabad Dövlət Texniki Peşə Mərkəzinə (ümumiyyətlə, Cəlilabad peşə litseyinə) ayrılan küllü miqdarda dövlət vəsaitinin təyinatı üzrə sərf olunduğu, mərkəzdəki davamiyyət və nizam intizam qaydalarının düzgünlüyü, peşə ixtisasları üzrə tədris və təlimlərin keyfiyyətləri böyük şübhələr doğurur. Ola bilsin ki, Hesablama Palatasının audit yoxlamalarının nəticəsində əks olunmuş yeyinti rəqəmlərində Cəlilabad DPTM-nin də öz payı var, sadəcə, hesabatda adlar açıqlanmadığından, bunu indidən dəqiq söyləmək çətindir. Əlbəttə ki, prokurorluq orqanı hələlik qaranlıq qalan məqamlara aydınlıq gətirəcək. Lakin indidən bunu demək mümkündür ki, “Etibar Sadıqovun məktəbi” barədə mənbəmizin verdiyi məlumatların da böyük faizlə təsdiqini tapacağı gözləniləndir.

KİV olaraq, mövzunu diqqətimizdə saxlayacağıq. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
скачать dle 12.1