Bia.Az

"Mənim şeirim də mən ağıldadı..." - Elbariz Məmmədlinin YENİ ŞEİRLƏRİ

Ədəbiyyat
 3-08-2025, 16:08     1 455

DÜNYAYA QURAQLIQ HAVASI GƏLİR

Quruyur nəfəsi dağ çaylarının,
Aranda torpağın sinəsi yanır.
Rəngi sozaldıqca dağın, meşənin,
Elə bil dünyanın binəsi yanır.
Dünyaya quraqlıq havası gəlir.

Dalğalar sahili tərk edib gedir,
Dəniz də köçünü çəkir içinə.
Qışın qar yükünü tutan zirvənin,
Əsəbi, hikkəsi çökür içinə.

Göyün xəsisliyi yerə bəladı,
Quraqlıq hər yerə görk olub gedir.
Şoran torpaqların son kölgəsi də,
Qızmar gün altında tərk olub gedir.

Uzaqda yenə də qanlı savaşlar,
Torpaq qan ağlayır, üzünü tutub.
Hansısa namərdin atdığı güllə,
Sonuncu bulağın gözünü tutub.

Yanır səhraların bağrında daş da,
Quruyan dəryalar qu həsrətində.
Hardasa harınlar it çimizdirir,
Hardasa məzlumlar su həsrətində.

Daha göyərməyə ümidi yoxdu,
Quruyub gözlərdə dağ olanların.
Bu dərd günahının əvəzidirmi,
Allahın üzünə ağ olanların?

Elə çəkilir ki, yerin təkindən,
Elə bil sular da yel qanadlıdı,
Haqqa biganəlik üzündəndi ki,
Bəşər piyadadı, çörək atlıdı.

Dünyaya quraqlıq havası gəlir,
Qapı önündədi su üsyanları.
Bircə ağaca da qıymayaq ki, biz,
Torpaq nəmliyini saxlasın, barı.

HALINA

İstisindən bağrı yanır içində,
Yağan oddu yay, kasıbın halına.
Çörəyini döyüb daşdan çıxarır,
Belə düşüb pay, kasıbın halına.

El-obanın halal olan vaxtları,
Kənd-kəsəkdə su tutmazdı arxları,
Quruyubdu dəyirmanda çarxları,
Yoxdu verən hay, kasıbın halına.

Yaz keçməmiş saralıbdı çəmənlər,
Üzü göydə - yağışlarda çimənlər,
Bu torpağın nəşəsini əmənlər,
Toy tutublar toy, kasıbın halına.

Əkdiyinin dəyəri yox bazarda,
Canı yanır ehtiyacdan, azardan,
Kürsülərdə peysərini qızardan,
Vay veribdi vay, kasıbın halına.

Hər səhəri qəmli notla başlayır,
Hara gedir, zaman onu daşlayır,
Ehtiyacdan yaz günü də qışlayır,
Vallah, yoxdu tay, kasıbın halına.

BU BELƏ DÜNYADI

Mən haqqın yolunda əriyən şamam,
Fikrim nə dastanda, nə nağıldadı.
İllərdi çiynində ağrı daşıyır,
Mənim şeirim də mən ağıldadı.

Yolum doğruyadı, duyandan bəri,
Düşüb ovsununa getmərəm şərin.
Doğru düşünməyin  tamı başqadı,
Yaşantısı əzab, duyğusu dərin.

Haqqı haraylamaq dar ağacıdı,
Qulaqlar tutulur zülmün səsindən.
Doğru düşünməyi silib atıblar,
Bu məzlum millətin fəlsəfəsindən.

Gedib ürəyimə yaxın olanlar,
Nəfsinin ipindən asılıb, gedib.
Tamah kölgəsində daldalananlar,
Əyri qoltuqlara qısılıb, gedib.

Tənha düşüncələr yorur adamı,
İtirsən zamanın sınaqlarında.
Hardasa insanlar düz yaşayırlar,
Dünyanın əlçatmaz uzaqlarında.

Hamını özünə əsir eləyib,
Sərvət xəstəliyi, şan xəstəliyi.
İllərdi bu xalqın yaralı ruhu,
Torpağı-daşı da dərd bəstələyir.

Yolun var, yolunu tutub gedirsən,
Bu belə dünyadı, yükü dağ yükü.
Tanrıdan düzlərə verilən paydı,
Haqqa ünvan olub yaşamaq yükü.

Elbariz Məmmədli

BİA.az
скачать dle 12.1