Səni Göydən tanıyıram...
Səni Göydən tanıyıram...
(Vaqif Bayatlıya poetik ithaf)
Bilmirəm
ilk dəfə səni harada sevdim –
torpaqdakı sükutdamı,
yoxsa göydə susan bir səsdəmi özümün?
Bəlkə də sən
çoxdan var idin içimdə –
adını bilmədiyim bir yerin
göz yaşında.
Mən səni oxumadım,
səni eşitdim.
Səsin
kimsənin danışmadığı yerdən gəlirdi –
orda nə sətir var idi,
nə də qafiyə.
Təkcə ürəyim vardı –
səni dinləməyə çalışan.
Sənin misralarınla
özümə toxunurdum –
üzümə yox,
daxilimə.
Səni oxumaq
bir az da səssiz ağlamaq idi,
hər kəlmənlə
bir az da Tanrıya yaxınlaşmaq.
Göy üzünə baxanda
mən sənin gözlərini görürdüm,
deyəsən sən göyü
özünlə bir az gətirmişdin
mənə toxunmaq üçün.
Çünki bəzən –
göy buludlananda
sənin kədərin düşürdü içimə,
ya da Tanrı üzünü gizlədəndə
sən danışırdın mənimlə.
“Torpaq azad olmadan
göy də azad deyil” –
dedin...
O vaxt anlamadım.
Sonra torpaq azad oldu –
və mən azad göyün
sənin səssinlə necə danışdığını eşitdim.
Sən deyəndə –
“mən həsrətin həsrətiyəm” –
mən düşündüm ki,
bu misra
elə mənimlə danışır.
Elə bil
sənin sözlərin
məndə itib-axtarılmış bir şeyi
geri qaytardı...
kimliyimi,
yurdumu,
özümü.
Sən bu dünyanın şairi deyilsən,
amma bizi
bu dünyada yaşamağa inandıran səsisən.
Və bəlkə də Tanrı
bizə səni –
bir dua kimi göndərdi.
Ona görə də...
mən səni göydən tanıyıram,
Vaqif.
Səni göydən tanıyıram...
Ədalət Qarabulud.




