Sənsiz ürəyimə söz deyəmmirəm... - Səyavuş Sərxanlının şeirləri
Sənsiz soyuq dəyir gecələrimə
Daha hər çağırışı dinliyəmmirəm,
Ağzım yaman yerdə dirənib dağa.
Sənsiz ürəyimə söz deyəmmirəm,
Başlayır özünü yumruqlamağa.
Karvan səsidimi yenə yüksələn -
Ağ varaq önündə bir səhra kimi.
Sənsiz bir dəvəyəm, ərəbi ölən -
Qalmışam səhrada müqəvva kimi.
Durum necə girim, necə, yerimə?
Olan-qalanı da qəm ayaqlayır.
Sənsiz soyuq dəyir gecələrimə.
Bulud yatağında ay sayaqlayır...
Qayıt ömrümə sən
Diqqət hədəfisən hələ çoxunun,
Elə ki, bu qayğı bezdirər səni –
Həyat yenə alar dalğalarına
Başsız qayıq kimi gəzdirər səni.
Büdrəyə-büdrəyə keçib gəldiyin
Bu əyri yollardan doyduğun zaman –
Yatan ürəyini ayılda bilsən
Küsülü illərin toranlığından –
Sıyrılıb gün kimi, çıxıb gün kimi
Əsil bayram kimu, toy-düyün kimi
Qayıt ömrümə sən! –
Qayıda bilsən!
Ana həsrətinlə körpə quzu tək
Görüş yollarında ayaq döyürsən.
Soyuyub soluxan qütüb ulduzu tək
Üzümə əlacsız gülümsəyirsən.
Mənə bu uzaqlıq – illi-əsrli!
mənə bu soyuqluq – qılınc kəsərli!
Günəş ol – mən işıq arzulayıram,
Ömrümə yaraşıq arzulayıram.
Əgər nəfəsinlə isidib məni,
Donan ürəyimi oyada bilsən –
Od kimi, nur kimi, hərarət kimi
Məhəbbət adlanan cəsarət kimi
Əvvəlki ürəklə, əvvəlki qəmlə,
Əvvəlki sirr dolu şirin aləmlə
Qayıt ömrümə sən! –
Qayıda bilsən!
Ötəri buludtək dolmağa nə var,
Ömür istəyirəm gurşadla yağsın.
Dünyada arxasız qalmağa nə var –
Heç kəs məhəbbətdən yetim qalmasın!
Nəğmə aparmısan özünlə birgə –
Ömrüm səssiz qalıb, sədasız qalıb.
Dəniz aparmısan gözünlə birgə –
Ürəyim tufansız, dalğasız qalıb.
Bir iblis qanıma yaman giribdir,
Çeşmə ürəyimi lilləndiribdir.
Nələr çəkməmişəm bu yolda, bilsən...
Ağrı-acıları unutdurmağa,
İkimiz isti bir yuva qurmaqğa
Çıxım yollarına sənə tuş kimi –
Hardasan?
Qanadlan qaranquş kimi
Qayıt ömrümə sən! –
Qayıda bilsən!
Dünya haqqında qoşma
Nə müddətdi üz sürtürəm üzünə,
Köksü geniş, yolları dar dünyadı.
Ana deyib baş qoymuşam dizinə,
Can desə də, bietibar dünyadı.
Uşaq olub şirni aldım əlindən,
Cavan olub yerə dəydim belindən,
Baş açmadım fitnəsindən, felindən,
Qəmində gül, gülündə qar dünyadı.
Göz qamaşır günəşinin gözünə,
Evindəyik, nə deyək ki, üzünə?
Eh, məni də oxşadıbdı özünə,
Yazda xəzan, qışda bahar dünyadı.
Kimə yoldu, kimə yükdü, kimə at,
Kimə dostdu, kimə yardı, kimə yad,
Nar bağına oxşayırsa kainat
Qoynundakı ən şirin nar dünyadı.
Onun bulaq dodaqları bizik, biz,
Onun yarpaq qulaqları bizik, biz,
Onun torpaq qonaqları bizik, biz,
Gözü gülər, köksü ağlar dünyadı.
Milyon-milyon yuva quran o quşdu,
Milyon-milyon sorğulardan sovuşdu.
Asta yeri, dörd yan eniş-yoxuşdu,
Ömür kimi çox nahamvar dünyadı.
Yiyə çıxan ona görən kim idi?!
Küləkləri talelərin simidi;
Gah müdriklər, gah keflilər kimidi,
Gahdan ayıq, gahdan xumar dünyadı.
Ey Səyavuş, oddan köynək geyirik.
Yarat deyə, ömrümüzü yeyirik;
İnanma ki, qoca dünya deyirik
Əlində gül, dilində yar dünyadı...
Necəsən?
Günlərim leysandı, ürəyim çadır,
Döyülür aylarım, ilim, necəsən?
Nə əlim yetişir, nə ünüm çatır,
Mən kimdən öyrənim, bilim, necəsən?
Həsrətin keçilməz ormanlar təki,
Döyüldüm, sovruldum xırmanlar təki,
Gah yıxıb, gah da ki quranlar təki
Özümə dağ çəkir külüm, necəsən?
Sənə inanmışam, yenə inanım,
Oda qalanmışam, yenə qalanım,
Necəsən, başına dönüm, dolanım,
Necəsən, küsənim, gülüm, necəsən?
Təkliyim dağ olar, çənə bürünər,
Döşündə yol azan eşqim sürünər,
Yataram, yanımda yerin görünər,
Özünə yetişməz əlim, necəsən?
Qalanar dumanım, çənim yolumda,
Ömrümə, sevgimə qənim yolumda;
Sən ey qurban olan mənim yolumda,
Gəlim qabağında ölüm, necəsən?!
Bu gələn qatar
Dilsiz baxışlarda dil açır bahar,
Çiçəyə bələnər dünya deyirəm;
İlk görüş gətirir bu gələn qatar,
İlk görüş gətirir...
Mən gözləyirəm.
Yayı qarşılayır nərgizli dağlar,
İstək olan yerdə nə kədər, nə qəm;
Məhəbbət gətirir bu gələn qatar,
Məhəbbət gətirir...
Mən gözləyirəm.
Payız yağışına qoşulur bağlar,
Hər qonan yarpağda inildəyirəm;
Göz yaşı gətirir bu gələn qatar,
Göz yaşı gətirir...
Mən gözləyirəm.
Rəhimlə, hüzünlə səpələnir qar,
Kəfənə bələnir gözümdə aləm;
Ayrılıq gətirir bu gələn qatar,
Ayrılıq gətirir...
Mən gözləyirəm
Görüşlər, ayrılıqlar
Mənim görüşlərdən acığım gəlir,
Görüşlər sevgini boğur dünyada.
Mənim görüşlərdən acığım gəlir -
Görüşdən ayrılıq doğur dünyada!
Həsrətə düşürəm sevirəm ancaq,
Sevirəm - işığam,baharam demək!
Qoy hicran ömrümdə çatsın min ocaq,
Hicranım var isə Mən varam demək!
Vüsal çənə bənzər, dumana bənzər,
Uca duyğulan aldadıb boğar;
Həsrətdünya görmüş insana bənzər,
Arzuya çağırar, eşqə çağırar.
Dünyadan ləzzət al, kam al deyən kəs,
Görüş - ədalətdi,hicran - yüksəliş.
Ömrü görüşlərə həsr eləyən kəs
İtirib -Özünü tapa bilməmiş...
Ey ağlı yuxulu, qəlbi ayıqlar,
Mən gördüm dünyanı qansızlayanda:
Görüşə gələndə uçan ayaqlar
Görüşdən dönəndə halsızlayanda.
Görüşlər... kim deyir xoşqılıqlıdı,
Xəzan duyğuları aparar gedər;
Görüşlər ölümü yaxşılıqlıdı -
Yazıq bənövşəni qoparar gedər.
Dünya - görüşlərlə bir qəmxanadı,
Ayrılıqsız həyat - ömrün asanı...
Ey dad! Ayrılıqlar əsl anadır -
Dünyaya o doğur əsl insanı!
Günəş həsrətiylə fırlanır yer də,
Ulduz yanıb-sönür yolları üstə;
Doğulmamış neçə mütəfəkkir də
Ölüb görüşlərin qolları üstə.
Kəsib daşıdıqca ömürü günlər,
Ötəri hisslərə qaçmasın insan.
Yaranar dağ yüklü ən böyük əsər,
Ən böyük hicranın ağrılarından...
Pəncərə önünə həmişə sən gəl
Saçın dan yeritək şehdə yuyunsun,
Sən oyan nəğməli quşlardan əvvəl.
Qəlbimin dərdləri bir az uyusun,
Pəncərə önünə həmişə sən gəl.
Bu təmiz, bu sadə təbiətinlə
Ucal gözlərimdə, göylərə yüksəl.
Məni yandırmağa məhəbbətinlə
Pəncərə önünə həmişə sən gəl.
Dünyaya qəlbimdən baxır pəncərəm,
Onun gözlərinə dəyməz kənar əl.
Qəlbimdən dünyaya baxmaq istəsəm -
Pəncərə önünə həmişə sən gəl.
Eh, yenə həsrətin gözümə dəydi
Yarpaqlar töküldü yağış, qar kimi,
Meşəni həsrətə bələdi payız.
İl boyu yazdığı məktublardımı -
Eşqini torpağa ələdi payız?
Sənin həsrətinə büründü aləm,
O qumral saçların gözümə dəydi.
Düşən yarpaqların biri deyirəm,
Məktuba dönəydi, səndən gələydi.
Sözümü doğru bil, səmimiyyət bil,
Dünya bağışlamaz hər avaz mənə;
Məhəbbət xətrinə qismətim deyil,
Nəzakət xətrinə məktub yaz mənə.
Yaz, Xəzər eşqi var - sənsiz hönkürən,
Sən keçən yerlərin kefi duruldu;
Sən minən avtobus bildimi görən
Şəhərin ən şirin mahnısı oldu!
Yaz, ömrün yolunu qəfildən kəsən
Bir qəfil məhəbbət ağrılarından.
Yaz,bircə qızının üstünə əsən
Dalğasaç ananın intizarından.
Yetər, üzdü məni adilik, yetər!
Qeyri-adiliyə əvəz ol, əvəz.
Eh, səni aldatmaq - ölümdən betər,
Özümü aldatmaq - ağlıma gəlməz!
Sərin ahlarımı öpsün duman, çən,
Bir də bu intizar düşərmi ələ?
Səni tanımışam - sevdiyim gündən,
Özümü tanıya bilmirəm hələ.
Yaz... nədən dərdini udar, ovudar,
Eşqin ayağına döşənər insan?
Onu sevənləri atar, unudar,
Onu sevməyəni düşünər insan?
Özgədən umuruq sevincimizi,
Karıq qəlbimizin bayram səsinə.
Görə bilməyirik öz incimizi,
Möhtacıq özgələr sədəqəsinə!
Bir payız saraldı - gözündə bahar,
Yay günü qəfildən yağan qaram mən.
Şeirlər qalırsa səndan yadigar -
Bəxtimə gör necə minnətdaram mən.
Uzaq duyğuların dalğası kimi,
Hərdən pəncərəmə külək dəyirdi.
Saralan bir nərgiz topası kimi,
Günəş də mənimtək qəribsəyirdi.
Məktub yaz, əzizim, məktub yaz mənə,
Onu qəlbim kimi açım oxuyum.
Bir dəfə, beş dəfə, on dəfə yenə
Öpüm, gözlərimin üstünə qoyum...
Məhəbbət yarımçıq nəğmə kimidir
Yolumuz ayrılır, ayrılır yaman,
Ana balasından ayrılan kimi.
Qartal qayasından, Şimşək buluddan,
İnsan obasından ayrılan kimi.
Çox soyuq olubsan, çox buz olubsan,
Məhəbbətmi söndü, şaxtamı düşdü?
İndi ki, bu qədər ucuz olubsan,
Unut, unutmağın vaxtı yetişdi.
Bilməmiş olmazsan: Məhəbbət, əzab
Ürək yanğısıdır, quru ad deyil.
Ömür ağrılara gətirmirsə tab
Əzizim, o həyat bir həyat deyil.
Bir küsən gəlintək etibar gedir,
Ağrılar, hicranlar göyərdir izi;
Məhəbbət -yarımçıq nəğmə kimidir,
Yazar davamını başqa birisi...
***
Təzəlik istəyir yenə ömür-gün,
Narahat, çağlağan düşüncələrdən.
Təzədən sevməyim, yanmağım üçün
Sən məni rədd elə, rədd elə hərdən.
Çəkilsin qapımdan şaxta, qar, soyuq,
Bir isti yağıştək yağa-yağa gəl.
Təzədən bir görüş çırağını yox,
Sən bütün ömrümü yandırmağa gəl!
Mən səni həsrətdən tapmışam axı,
Təzədən divan tut dərdi-sərimə.
Ürəyim -sevgilər qəbristanlığı,
Təzədən baş çəkim sevdiklərimə.
Aydan, ulduzlardan asım eşqimi,
Dönüm dağ selinə, daşım, tələsim,
Ürəyin yaratmaq havası kimi
Təzədən nurlanım, təzədən əsim.
Dünyada təzə bir sevgi var deyə,
Doğulum təzədən, ölüm təzədən;
Sevməsək, düşmənlər şadlanar deyə,
Təzədən sev məni, gülüm, təzədən...
***
Ha sənə desinlər kimin qadını
Ha sənə desinlər kimin anası
Mənəm elə çəkən sənin adını
Mənəm yada salıb belə yanası
Mənəm dan yerini çıraq eləyən
Ozan məhəbbətlər gülzarı üstə
Mənəm qürubları bayraq eləyən
Asan məhəbbətlər məzarı üstə
Hardan biləydim ki,ayrılıq varmış
Dərin duyğuluca,sərin gözlücə
Elə sevməklə də ölmək olarmış
Ayaq üstüdəcə,diri gözlücə
Hardan biləydim ki,ocaq həsrətin
Qaçaq duyğulara ox olacaqmış
İkinci anaymış ilk məhəbbətim
Ondan məhəbbətlər doğulacaqmış
Sellə çağlamışam,yellə əsmişəm
Ələnib getmişəm yağış,qar təki
İlk eşqim mən sənə çox tələsmişəm
Bayrama tələsən uşaqlar təki.
***
Ömür bir aləmdir, qayğı min aləm.
Qayğıdan don biçək düzə, dağa da.
Di gəl, başqaları küsməz deyirəm,
Bir az gün ağlasaq özümüzə də.
Bir az gün ağlasaq - dünya dağılmaz,
Eldə yetim qalan işıqlara da.
Sübhəcən gözlərə qanlar sağılmaz,
Bir az gün ağlasaq aşıqlara da.
Bir az gün ağlasaq varaqlara da,
Şam kimi əriyən qələmə də biz;
Gecəyə göz olan çıraqlara da,
Söz adlı bu yazıq aləmə də biz...
Bir az gün ağlasaq ötən çağlara,
Bir az gün ağlasaq qeyrətimizə -
Bu düşmən deyilən qalar ağlara,
Yad əli ömründə qalxmazdı bizə.
Bir az gün ağlayaq - diz çökürəm mən,
Qoruyaq millətin körpələrini;
Onları göz üstə saxlasın vətən -
Bu gündən sabaha körpülərini...