Bia.Az

Müxalif bloqçuya 18 il iş kəsildi

Dünya
 15-12-2021, 18:14     210

Belaruslu müxalif bloqçu Sergey Tixanovski 18 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, hökmü dekabrın 14-də Qomel Vilayət Məhkəməsi çıxarıb.

Sergey Tixanovski kütləvi iğtişaşların və ictimai asayişin pozulmasının təşkilində, sosial düşmənçiliyə çağırışlarda, rəsmi seçki qurumunun fəaliyyətinə maneə törətməkdə təqsirli bilinib.
1978-ci il təvəllüdlü Sergey Tixanovski 2020-ci ildə Belarusda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürməyə hazırlaşdığı dövrdə – may ayında həbs olunub.
Bundan sonra onun həyat yoldaşı Svetlana Tixanovskaya namizədliyini irəli sürüb və 2020-ci il avqustun 9-da keçirilən prezident seçkisi zamanı müxalifətin əsas namizədinə, dövlət başçısı Aleksandr Lukaşenkonun başlıca rəqibinə çevrilib.
Seçkinin rəsmi yekununda Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib elan edilib, Svetlana Tixanovskayanın 10,1 faiz səs yığdığı bildirilib.
Müxalifət və ictimaiyyətin əhəmiyyətli qismi seçkinin rəsmi nəticələrini qəbul etməyib, ölkədə davamlı etiraz aksiyaları keçirilib, hakimiyyət isə buna cavab olaraq repressiyalara əl atıb.
Svetlana Tixanovskaya seçki başa çatandan dərhal sonra ölkədən çıxarılıb, Litvada məskunlaşıb.
Bəzi ölkələr Svetlana Tixanovskayanı Belarusun həqiqi lideri kimi qəbul edir, Aleksandr Lukaşenkonu legitim dövlət başçısı saymır.
Aleksandr Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir.

Mənbə: Belta.byскачать dle 12.1