Bia.Az

Rusiyada metan qazı sızması – “Bloomberg”

Dünya
 3-11-2021, 03:12     206

Rusiyanın “Qazprom” neft-qaz şirkətinə məxsus boru kəmərində aparılan təmir işləri zamanı bir saat ərzində atmosferə 164 metrik ton metan qazı (CH4) sızıb. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Bloomberg” agentliyi yazıb. Agentlik “Kayrros SAS” ekoloji monitorinq şirkətinin peyk göstəricilərinə istinad edib.

“Bloomberg” Rusiyanın Nijni-Novqorod vilayətində baş vermiş bu sızmanın 8 min avtomobilin atmosferə buraxdığı karbon qazına bərabər olduğunu bildirir. Lakin “Qazprom” sızma faktını təsdiqləsə də, onun səviyyəsinin hökumətin müəyyən etdiyi limitı aşmadığını iddia edib.
Sızma oktyabr ayında olub. Bu, il ərzində Rusiyanın neft-qaz sektorunda qeydə alınan beşinci oxşar hadisədir. Həmin hadisələrin birində – iyunun 4-də Tatarıstan Respublikasında baş vermiş sızmanın ilk saatlarında atmosferə 395 ton metan qazı buraxılmışdı. “Qazprom” hadisəni iki həftə sonra etiraf etmişdi.
Rusiya hökuməti 2019-cu ildə neft-qaz sektorundakı metan tullantılarının ümumi həcminin 4 milyon ton olduğunu bildirib. Ancaq ABŞ-ın “Vaşinqton Post” qəzeti real göstəricinin bundan iki-üç dəfə çox olduğunu yazıb. Qəzet həmçinin qeyd edib ki, peyk müşahidələri Rusiyada əvvəllər aşkarlanmamış metan sızmalarının müəyyən edilməsində də əsas vasitə ola bilər.
Mütəxəssislər deyirlər ki, metan qazının qlobal istiləşməyə təsiri karbon qazının təsirindən 80 dəfə çoxdur.
BMT ekspertləri iqlim dəyişikliyinin sürətini zəiflətməyin yolunu metan tullantılarını azaltmaqda görürlər. Məsələ BMT-nin bugünlərdə Şotlandiyanın Qlazqo şəhərində keçirilən iqlim dəyişikliyi üzrə 26-cı konfransında da əsas müzakirə mövzularından olub.
Rusiya prezidenti Vladimir Putin konfransda iştirak etməsə də, o, metan tullantılarını bütün dünyada azaltmağa tərəfdar olduğunu vurğulayıb.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiya ABŞ-dan sonra dünyada ikinci ən böyük təbii qaz istehsalçısıdır. Ancaq Rusiyanın neft-qaz əməliyyatları zamanı havaya buraxdığı metan tullantılarının həcmi dünyanın digər ölkələrindən dəfələrlə çoxdur.
Mənbə: Bloomberg.comскачать dle 12.1