Bia.Az

“ABŞ VƏ RUSİYA - DÜŞMƏN QARDAŞLAR” - “Onlar bir-birinə “quyu qazan” ölkələr kimi görünsələr də, əslində...”

Dünya
 23-03-2021, 16:08     415

ABŞ prezidenti Co Bayden onun ölkəsini tamamilə məhv edə biləcək dünyadakı yeganə dövlətin rəhbəri Vladimir Putini “qatil” adlandırandan sonra iki ölkə arasında çoxdandır yaşanmayan böyük böhran başlayıb.

Rusiya və onun rəhbəri Putin Donald Trampın prezidentliyi dönəmində hardasa praktiki toxunulmazlıq qazanmışdı. Lakin öncədən gözlənildiyi kimi, Vladimir Putin Bayden hakimiyyətində Amerikanın “hədəf taxtasına” çevrilib. Amerikanın “ABC” telekanalında Bayden tərəfindən söylənilən ifadə böhrana səbəb olub.

Müxbirin “Siz Vladimir Putini tanıyırsınız, Siz düşünürsünüzmü ki, o, qatildir?” sualına Bayden cavab verib: ”Bəli. O, törətdiklərinin əvəzini ödəyəcək, Siz görəcəksiniz”

Bayden Rusiyanın müdaxilə etdiyi və Trampın qələbə çaldığı 2016-cı il seçkilərini nəzərdə tutub. Təcrübəli siyasətçi olan Bayden belə bir təxribatçı sualdan diplomatik cavabla yayınmağı bacarmayıb, yoxsa, nəticəni öncədən görərək danışıb?

Hərçənd ki, bunu demək çətindir, amma çox güman ki, o, bilərəkdən bu cür danışıb. Onsuz da lap əvvəlcədən bəlliydi ki, yeni prezident Moskvaya qarşı sərt mövqe tutacaq. Ancaq heç kim onun bu cür davranacağını gözləmirdi.

“Soyuq müharibə” böhranlarla dolu olub və hətta hərdən ABŞ-la onun “Şər imperiyası” adlandırdığı Sovet İttifaqı arasında müharibə həddinə qədər çatmış böhranlar yaşanıb. Sovet lideri Leonid Brejnev 1970-ci illərdə okeanın o tayından gələn hücumlara qarşı səbrli davranırdı, lakin ümumi yekunda o da dözməyib Moskvanın “ayağını basan” Prezident Cimmi Karter barəsində demişdi: ”Mən anlamıram ki, o nə istəyir!” Əslində isə o, hər şeyi çox yaxşı anlayırdı...

ABŞ və Rusiya ilk baxışda bir-birinə “quyu qazan” ölkələr kimi görünsələr də, əslində hər iki tərəf baş verən gərginlikdən yararlanaraq, bundan daxili siyasətdə vasitə kimi istifadə edir. Ona görə də hardasa bir-birilərinin “mövcudluq səbəbinə” çevrilən ABŞ və SSRİ-ni, bizim günümüzdə isə ABŞ və Rusiyanı “düşmən qardaşlara” bənzətsək, heç nəyi şişirtmiş olmarıq.

Özünü dünya hegemonu rolunda təqdim etmək istəyən ABŞ öz fəaliyyətinə haqq qazandırmaq üçün “xarici düşmən” axtarır. Əgər xarici düşmən yoxdursa, onda onu yaratmağa çalışır.Bu “düşmən siyahısı” zamanla dəyişir, amma Rusiya həmişə ilk sırada dayanır.

Digər tərəfdənisə Rusiya rəhbərləri cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq və hakimiyyətlərini qorumaqdan ötrü ABŞ-ın sanksiyalarını, ittihamlarını ön plana gətirərək bunlardan çox bacarıqla istifadə edirlər. Hətta bəzən bunların hamısı Moskva üçün “xilasedici gödəkçə” rolunu oynayır.

Yeni dövr keçmişdə baş verənlərdən heç nəyi ilə fərqlənməyəcək. Müəyyən bir vaxta kimi Bayden və Putin bir-birinə qarşı həqarət söyləməkdən çəkinməyəcəklər. Ancaq elə gün gələcək ki, onlar bir-birinin əlini sıxmağa məcbur qaldıqları görüntüsünü verəcəklər. Əsl həqiqətdə isə bu iki “düşmən” bir-birilə çox yaxşı yola gedəcək.

“Cümhuriyyət” – Türkiyə
Tərcümə: “AzPolitika.info”скачать dle 12.1