Qırğızıstan rusdilli kanallarla bağlı qərar verdi
Qırğızıstanda rusdilli televiziya yayımının həcminin azaldılması istiqamətində addımlar atılır.
Globalinfo.az xəbər verir ki, ölkə telekanallarında qırğızdilli proqramların payının minimum 60 faizə çatdırılması tələb olunur. Bu norma qanunvericiliklə təsbit edilib və icrası məcburi xarakter daşıyır.
Qırğızıstanın mədəniyyət nazirinin müavini Marat Taqayev bildirib ki, televiziya şirkətləri bu tələbi ciddi şəkildə yerinə yetirməlidirlər. Onun sözlərinə görə, fevral ayının sonuna qədər telekanallar dövlət dilində məzmunun təmin edilməsi məqsədilə “Qırğızfilm” və “Qırğızserial” studiyaları ilə müqavilələr imzalamalıdırlar.
Rəsmi məlumatlara əsasən, hakimiyyət orqanları artıq televiziya şirkətlərinə pulsuz olaraq 400-dən çox film, 40 cizgi filmi və 10 teleserial təqdim edib. .
Eyni zamanda vurğulanır ki, ölkədə fəaliyyət göstərən xarici media qurumları arasında Rusiya televiziya kanalları hələ də üstün mövqedədir. “Birinci Kanal”, “Rossiya 24”, “Kultura” və “Zvezda” kimi rus kanalları Qırğızıstanın televiziya məkanında dominantlığını qoruyub saxlayır.








