Vəziyyət dəyişdi: Bir neçə ölkə birləşir – Rusiya belə çökdürülə bilər

ABŞ-ın Ukraynaya bəzi mühüm silahların, o cümlədən Patriot, Stinger və 155 mm-lik mərmilərin tədarükünü dayandırması bir neçə gündür ki, dünya mediasında müzakirə edilir. Bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın yay aylarının sonuna doğru sözügedən münaqişədən geri çəkiləcəyi iddia edilirdi. Hazırkı proses də ilkin mərhələ hesab olunur. Digər tərəfdən, Rusiyanın avqust ayında genişmiqyaslı hücumlara hazırlaşdığı, məhz bu səbəbdən Şimali Koreyadan əlavə 25-30 min əsgər göndərildiyi vurğulanır.
Rusiya–Ukrayna cəbhəsində nə baş verir? Donald Trampın son qərarı Moskvaya “yaşıl işıq” hesab oluna bilərmi? Proseslər necə cərəyan edəcək?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya–Ukrayna müharibəsi öz tempi ilə davam edir:
“Rusiya müəyyən qədər geri çəkilsə də, vəziyyət hələ də gərgindir. Donald Tramp və Vladimir Putin arasında aparılan telefon danışıqları, diaspor diplomatiyası nəticə vermədi və proseslər gərgin bir mərhələyə keçdi. Belə bir zamanda ABŞ-ın Ukraynaya hərbi yardımları dayandıracağı ehtimal olunmur. Tramp Putinlə telefon danışığından bir gün sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxladı. Onlar Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı razılığa gəldilər. Tramp əsasən istəyir ki, Avropa ölkələri öz müdafiə xərclərini artırsın və bu sahəni gücləndirsin”.
Həmçinin oxuyun:
Kiyevlə bağlı müəmma: Tramp qərar verə bilmir
Məhəmməd Əsədullazadə
Politoloq qeyd edib ki, artıq Almaniya da bu istiqamətdə ciddi addımlar atır:
“İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Almaniya hərbi qüdrətini bərpa etməyə çalışır. Bu da Rusiya üçün mənfi bir inkişafdır. Böyük Britaniya, Fransa və digər Avropa ölkələri də müdafiə xərclərini artırır. Təbii ki, bu, Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş addımdır. Fikrimcə, Ukraynaya hərbi yardımlar da genişlənəcək. Avropa ölkələri ABŞ-dan silah alacaq və bunun bir hissəsi Kiyevə ötürüləcək”.