Xamenei 3 nəfərin adını verdi: “Əgər öldürülsəm…”

İsrailin hücumlarından sonra bunkerdə gizlənən İranın Ali lideri Seyid Əli Xamenei öldürüləcəyi təqdirdə yerinə keçə biləcək 3 din xadiminin adını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın fövqəladə müharibə planları ilə tanış olan üç rəsmi “The New York Times”a məlumat verib.
Bildirilir ki, Xamenei həm hərbi komandanlıq zəncirindəki əsas şəxslərin yerinə təyinatlar edib, həm də özünün öldürülməsi halında hakimiyyətin tez və nizamlı şəkildə ötürülməsi üçün addımlar atıb.
Ayətullah yerinin müəyyənləşdirilməməsi üçün bütün elektron kommunikasiya kanallarını dayandırıb və komandirlərlə yalnız etibarlı elçi vasitəsilə əlaqə saxlayır. Mənbələrin bildirdiyinə görə, o, öz həyatına qarşı potensial sui-qəsddən xəbərdardır və bunu şəhidlik kimi qəbul edəcəyini deyib.
Xamenei həmçinin ölkənin rəhbərini təyin edən Xübrəqan Məclisinə tapşırıq verib ki, müharibə şəraitində zaman itkisinə yol vermədən onun təqdim etdiyi üç din alimi arasından sürətli seçim etsinlər. Proses adətən aylarla çəkir.
Qeyd edək ki, Xameneinin təqdim etdiyi üç nəfərin adı açıqlanmasa da, bəzi mənbələrin iddiasına görə, həmin siyahıda oğlu yer almayıb.