Macarıstan Ermənistan üçün ayrılan hərbi yardımı bloklayıb

Macarıstan Avropa İttifaqının Ermənistana Avropa Sülh Fondu vasitəsilə ayırmağı planlaşdırdığı 20 milyon avro məbləğində hərbi yardımı bloklayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın təklifi bütün üzv ölkələr tərəfindən dəstəklənsə də, Macarıstan bu qərara veto qoymağa davam edib. Sözügedən veto Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşü zamanı təsdiqlənib.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Ermənistan ilk dəfə Avropa İttifaqından hərbi yardım almışdı. 10 milyon avro məbləğində olan bu yardım iki il yarım ərzində istifadəyə verilməsi planlaşdırılan səhra hospitalı və bir batalyon şəxsi heyətin yerləşdirilməsi üçün infrastrukturun yaradılmasına sərf edilməli idi.