Türkiyə Amerikanı ikiyə “böldü”: senatorlar "Altay"a görə qorxu içərisindədir

Hərbi keçmişi olan bəzi senatorlar Türkiyənin daha çox tanka sahib olmasından narahatdır. Senatorların əksəriyyəti Türkiyənin ərazilərinə müdaxilə edə biləcəyini düşünsə də, Ankaranı müttəfiq kimi görənlər “Altay” döyüş tankı layihəsinin NATO-nu gücləndirəcəyinə ümid edirlər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “National Interest” (NI) jurnalındakı məqalədə bildirilib.
Yazıda Türkiyə ilə bağlı Konqres lobbilərində baş verən hadisələr yer alıb. Həmçinin Türkiyənin 700-ə yaxın müasir, 1500-ə yaxın modernləşdirilmiş tankı olduğu bildirilib. Hərbi və kəşfiyyat keçmişi olan Konqres üzvləri “Türkiyədə niyə bu qədər döyüş tankı var?” sualı ilə narahatlıqlarını açıq şəkildə ifadə ediblər.
Kulis məlumatlarına görə, ABŞ Konqresində hərbi və kəşfiyyata əsaslanan şəxslər hesab edirlər ki, Türkiyə Osmanlı İmperiyasının bir vaxtlar Balkanlar, Şimali Afrika və Yaxın Şərqdə malik olduğu güclü təsirə sahib olmaq istəyir.
ABŞ və Almaniyanın Türkiyə ilə uzunmüddətli gərgin münasibətləri səbəbindən Türkiyə gözlənilməz addım ataraq quruda, dənizdə və havada milli silah, nəqliyyat vasitələri, texnika və proqram təminatı yaratmağa başlayıb.
Ekspertlərin fikrincə, Türkiyə-Yunanıstan münasibətləri Ankaranın malik olduğu tankların sayını izah edir. Yunanıstanın 850-dən çox tankı var ki, bu da Britaniya və Fransanın tanklarının sayından çoxdur. İki ölkənin tanklarının sayı həm qarşılıqlı inamsızlığı, həm də quru ordularına əsaslanan rəqabəti ortaya qoyur. Konqresmenlərə görə, ABŞ son zamanlarda Yunanıstanın lehinə olacaq hərbi qərarlar və müqavilələr imzaladığı üçün Türkiyənin milli silah və döyüş maşını layihələri sürətlənir.
Bəzi Konqres üzvləri isə Türkiyənin NATO-da müstəqil müdafiə sənayesi gücünə çevrilməsini alqışlayır və dəstəkləyir. Türkiyənin silahlarının qlobal ixrac bazarına çıxması, xüsusilə aviasiya sahəsində əldə etdiyi irəliləyişlər sayəsində NATO üzvü ölkələrə silah satmasının ittifaqı gücləndirdiyi bildirilir.
Konqres üzvləri Türkiyənin milli “Altay” döyüş tankı layihəsinin 2025-ci ildə tamamlanacağını və təxminən 1 000 “Altay” tankının Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacağını bildirib. Onlar son olaraq, NATO-nun ən kritik cəbhəsi olan Şərq cinahının gücləndirildiyini vurğulayıblar.
Roza Şəfiyeva