Moldova “öz Qarabağı” olmadan AB-yə üzv ola biləcəyini deyir

Moldova hökuməti Avropa Birliyinə tanınmamış Dnestryanı ilə birgə üzv olmaq niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bunu Moldovanın baş nazirinin müavini Kristina Gerasimova deyib.
“Biz istəyirik ki, bütün Moldova dərhal Avropa ərazisinə qatılsın. Biz görürük ki, Dnestryanı regionu artıq Avropa iqtisadi məkanına çox yaxşı inteqrasiya olub” – deyə o bildirib.
Bununla belə o, Dnestryanısız da Moldovanın AB-yə üzv ola biləcəyini deyib. Lakin o, bunun AB rəhbərliyi ilə razılaşdırılmalı olduğunu söyləyib.
Qeyd edək ki, Dnestryanı Moldovanın tərkib hissəsidir. Ərazidə separatçı rejim var və o, Moskvaya yaxınlığı ilə seçilir. Dnestryanıdakı rejim Moldovaya inteqrasiyanı dəstəkləmir.