Bia.Az

Parlament sədrindən nöqtə

Dünya
 4-06-2024, 00:41     446

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Rəsmi məlumat iyunun 3-də yayılıb.

Müxalif qüvvələr, ictimai fəallar və beynəlxalq birliyin pislədiyi qanuna əsasən, illik gəlirinin 20 faizindən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatı və media quruluşu reyestrdə qeydiyyatdan keçməli, ildə bir yol maliyyə bəyannaməsi verməlidir. Bu qaydanın pozulması cərimə cəzası nəzərdə tutur.

2023-cü ildə gündəmə gələn, parlamentin 2024-cü il mayın 14-də qəbul etdiyi layihə prezident Salome Zurabişvilinin vetosuna dirənmiş, buna görə mayın 28-də daha bir səsvermədən keçmişdi.

Gürcüstan Konstitusiyası parlament sədrinə prezidentin imzalamadığı layihələri rəsmiləşdirmək hüququ verir.

Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.

6 il müddətinə seçilən prezident dövlət başçısı funksiyasını yerinə yetirir. Salome Zurabişvili 2018-ci ildə hakim partiyanın namizədi kimi prezident postuna mandat alıb. 2022-ci ildən bəri hakim partiya ilə prezident arasında davamlı ziddiyyətlər yaşanır.

BİA.az
скачать dle 12.1