Bia.Az

Zatulin əslində Rusiyanın İÇ ÜZÜDÜR... - Çomağı əldən yerə qoymamalıyıq...

Dünya
 1-06-2024, 12:30     353

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə Azərbaycan əleyhinə danışıb.

Belə ki, Konstantin Zatulin Moskvada keçirilən “Lazarev klubu”nun 6-cı iclasında son günlər Ermənistanda baş verən hadisələrə, o cümlədən keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi etiraz aksiyalarına münasibət bildirib, Baş nazir Nikol Paşinyanı repressiyalar törətməkdə ittiham edib.

O bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti iki şeyə - hüquq-mühafizə orqanlarının repressiyalarına və erməni xalqına aşılanan “Paşinyan olmasa, müharibə başlayacaq” qorxusuna söykənir.

Konstantin Zatulin sonrakı açıqlaması ilə bir daha təsdiqləyib ki, Azərbaycanın Qarabağın dağlıq hissəsinə nəzarəti tam ələ almasını heç cür həzm edə bilmir.

Rusiyalı deputat həyasızcasına bildirib ki, guya Qarabağ ərazisindəki “erməni kilsələri” albanlaşdırılır.

Zatulin Azərbaycanda yaşayan udinlərin Qarabağdakı alban kilsələrinin qanuni varisləri kimi təqdim edilməsinə qarşı çıxıb.

O bildirib ki, Qarabağdakı alban kilsələri guya, əslində, erməni kilsələridir.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Zatulinin çıxışları daha çox İrəvanın ziyanına işləyir:

“Zatulinin Azərbaycana qarşı sərsəm bəyanatlarla çıxış etməsi heç bir təəccüb doğurmur. Ermənipərəst rusiyalı deputat bundan öncə dəfələrlə anti-Azərbaycan mövqeyini nümayiş etdirib. Ümumiyyətlə, Zatulinin bu cür sərsəm bəyanatları Ermənistanın özünə ziyan vurur.

Nəticə etibarı ilə bu, Ermənistanda revanşist əhval-ruhiyyənin daha da canlanmasına şərait yaradır və Ermənistanın təhlükəsizliyini təhdid altına qoyur. Məhz bu səbəbdən də Nikol Paşinyan Zatulinin Ermənistana girişinə qadağa qoyub.

Hazırda Zatulinin son çıxışına gəlincə, ermənilərin və rusların birgə yaratdığı “Lazarev” klubunda toplaşan şəxslərin əksəriyyəti anti-Azərbaycan mövqeyi ilə seçilən insanlardır.

Konstantin Zatulin və onun timsalında olan şəxslər erməni təşəbbüskeşliyi ilə çıxış edərək Ermənistanda keçmiş hakimiyyətə simpatyasını gizlətmir və “Qarabağ klanı”na açıq şəkildə dəstək verir”.

Politoloq qeyd edib ki, Zatulin erməni diasporasından aldığı maliyyə qarşılığında ermənilərin maraqlarına xidmət edir:

“Hər kəsə məlumdur ki, Qarabağ ərazisindəki tarixi kilsələr qədim alban kilsələridir və onların ermənilərlə heç bir bağlantısı yoxdur. Zatulinin özü də bunu çox yaxşı bilir. Sadəcə olaraq, deputat erməni diasporasından aldığı pulların qarşılığını ödəmək üçün ermənipərəst çıxışlar edir. Bildirim ki, Zatulinin bəyanatları daha çox Ermənistanın özünə ziyan vuracaq.

Ermənistan ictimaiyyətinin bu cür çağırışlara etimad etməsi və Azərbaycan əlehinə revanşist əhval-ruhiyyənin davam etməsi regionda yeni münaqişəyə gətirib çıxaracaq. Bu isə Ermənistanın dövlət olaraq mövcudluğuna son qoya bilər”.
скачать dle 12.1