Bia.Az

Putinə sədaqət göstərənlərin son şansı - GƏLİŞMƏ

Dünya
 3-03-2024, 13:01     220

Hitlerin hakimiyyəti illərində Almaniya ilə əməkdaşlığa qadağa qoyan hüquqi və siyasi sənədlər mövcud deyildi. Buna baxmayaraq, müharibədən sonra faşizmlə əməkdaşlığa görə məsuliyyət gündəmə gəldi. İkinci dünya müharibəsindən 79 il keçməsinə, bu müddətdə ən azı üç nəsil dəyişikliyi baş verməsinə baxmayaraq, faşizmlə əməkdaşlığa görə hüquqi, siyasi və mənəvi təqib bu gün də davam edir. Putinə və Rusiyaya münasibət isə 80 il əvvəl Hitlerə və Almaniyaya olan münasibətdən daha pisdir. Barəsində çoxsaylı ittihamlar, Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi olan Putin barəsində indi də Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıdığını müəyyən edən qanunvericilik aktları qəbul edilməyə başlanılıb. Avropa Parlamenti Aleksey Navalnının ölümünə görə hüquqi və siyasi məsuliyyətin şəxsən Putinin daşıdığını təsdiqləyən qətnamə qəbul edib.

Putin və onun rəhbərlik etdiyi Rusiyaya bağlılığın təhlükəli olduğunu dərk edən hər kəs bu bağları kəsməyə çalışır. Rusiya ilə bağlarını kəsməyə, Putinin cinayətlərinə görə gələcəkdə məsuliyyət daşımaq istəməyən zəngin rusiyalılar Rusiya vətəndaşlığından da imtina edirlər. “Rusiyanın 200 ən varlı iş adamı” siyahısına daxil olan “Veem Software” şirkətinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşevin Rusiya vətəndaşlığından imtina etdikləri haqqında məlumat yayılıb. Andrey Baronov və Ratmir Timaşevdən öncə isə başda 7.3 milyard dolar sərvəti olan Yuri Milner, 7.1 milyard dollar sərvəti olan Nikolay Storonski olmaqla, milyarderlər Vasili Anisimov, Timur Turlov, İqor Makarov və Oleq Tinkov bu günə kimi Rusiya vətəndaşlığından imtina edən zənginlərdir. Rusiya vətəndaşlığından imtina edən alim və mütəxəssislərin, ədəbiyyat və sənəd adamlarının, idmançıların sayı on minlərlədir.

Rusiya vətəndaşlığından imtina edən zənginlər Putinin cinayətlərinə görə gələcəkdə məsuliyyət daşımamaq üçün köçkün düşmüş ukraynalılara kömək edən nüfuzlu humanitar təşkilatlara milyonlarla dollar bağışlayırlar. Rusiya vətəndaşlıından imtina edənlərin məxfi şəkildə Ukraynaya başqa yardımlar göstərdikləri də istisna deyil, hətta məntiqə uyğundur.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Qərb dövlətlərinin çox böyük məbləğdə pul xərcləməsinə səbəb olub. Rusiya Ukraynanın şəhər və kəndlərini xarabazara çevirib, mülki infrastrukturuna və iqtisadiyyatına böyük zərər vurub. Bütün bu zərərin böyük hissəsini Rusiyaya, təzminat şəklində ödətdirəcəklər. Amma müharibədən sonra Rusiyanın həmin zərəri təkbaşına ödəməsi mümkün olmayacağı üçün Moskva ilə işbirliyində olanları da hansısa təzminatı ödəməyə məcbur edəcəklər.

Rusiya ilə işbirliyində olanlar Moskva ilə münasibətlərinin səviyyəsinə uyğun cəzalandırılacaqları halda, bu gün Ukraynaya dəstək olanlar təqdir ediləcəklər. Sərmayə dünyasında canlı əfsanə hesab olunan Uorren Baffetin oğlu Hovard Baffet Ukraynaya milyard dollara yaxın yardım edib. Bu xidmətinə görə Hovard Baffet Ukraynanın yüksək dövlət mükafatlarından olan Knyaz Yaroslav Mudrıy ordeni ilə təltif olunub. Knyaz Yaroslav Mudrıy ordeni Ukrayna dövləti qarşısında müstəsna xidmətləri olan şəxslərə verilir.

Putinin Ukraynaya qarşı cinayətkar müharibəsinə görə ilk növbədə Aleksey Navalnının komandası tərəfindən hazırlanmış “korrupsioner və müharibə qızışdıranlar” siyahısında adları yer almış altı min şəxs cəzalandırılacaq. Navalnı hesab edirdi ki, bu şəxslər Putinin siyasətinə görə məsuliyyət daşıdıqları üçün sanksiyaya məruz qalmalıdırlar.

Putinə sədaqətli təbəə olduqlarını nümayiş etdirənlər çar II Nikolaya sona kimi sədaqətli qalan general Hüseyn xan Naxçıvanskinin fəlakətli sonluğundan dərs almalıdırlar.

General Hüseyn xan Naxçıvanski çar II Nikolaya sona kimi sədaqətli qalan, müvəqqəti hökumətə sədaqət andı içməkdən imtina edən iki generaldan biri olub. Tarixi məlumata görə, çar II Nikolay 15 mart 1917-ci ildə taxt-tacdan imtina etdikdən sonra general Hüseyn xan Naxçıvanski keçmiş hökmdarına teleqram göndərək, “sevimli monarxı üçün ölməyə hazır olduğunu” yazıb. Bu həmin dövr idi ki, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçilirdi. Azərbaycan xalqının hərbi işləri bilən insanlara ehtiyacı bütün peşə sahiblərinə olan ehtiyacından çox idi. Yüksək səviyyəli sərkərdə olan general Hüseyn xan Naxçıvanski isə taxt-tacdan imtina etmiş birinə sədaqət göstərərək, Moskvada yaşamaqda davam edirdi. Taxt-tacdan imtina etmiş hökmdara sədaqət general Naxçıvanskiyə həyatı bahasına başa gəldi.

Ukraynaya qarşı çoxsaylı cinayətlər törətməkdə ittiham olunan Putinin daha fəlakətli cinayətə əl atacağı ehtimalı var. Ukraynaya atom bombasının atılacağı, kosmosda nüvə başlığının partladılacağı və dinc insanlara qarşı qanlı repressiyaların törədiləcəyi kimi fikirlərin gerçəkləşmə ehtimalı hər ötən gün artır. Bu sadalanan cinayətlərdən hər hansı biri gerçəkləşsə, Putinin adı Hitlerdən də önə keçirək, şərin əsas mücəssəməsinə çevirəcək. Putinin sonuncu cinayəti onunla bərabər mühakimə olunmaq istəməyənlər üçün də tövbə qapısını bağlayacaq.

Xaqani Cəfərli - pressklub.azскачать dle 12.1