Bia.Az

Erməni cəmiyyəti heç kimə inanmır -ŞƏRH

Dünya
 8-02-2024, 14:07     161

"Ermənistanın Baş naziri Nikol Paşinyan real sülh naminə qətiyyət və siyasi iradə nümayiş etdirmək əvəzinə, gündə bir təkliflə çıxış edir. Gah “Sülh kəsişməsi” adlı absurd layihəni piar edir, gah da sülh müqaviləsinə yeni əlavələrini Bakıya ünvanlayır".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, sülh demaqogiyası ilə məşğul olan erməni baş nazir absurd təklifləri təkrar-təkrar dilə gətirməklə guya həm özünün, həm də Ermənistanın "sülhsevər" imicini formalaşdırmağa çalışır:


"Lakin “ağıllı” quş dimdiyindən tələyə düşdüyü kimi, Ermənistanın populist baş naziri də yersiz və ziddiyyətli açıqlamaları ilə özünün sülhsevər olmadığını ifşa edir. Real sülhdə maraqlı olan ölkə lideri heç vaxt sülh sazişinin imzalanmasının əvəzinə söz oyunu ilə məşğul olmaz və hansısa paktın imzalanmasını təklif etməz. Paşinyanın təklifləri Ermənistanın özünə əmin dövlət olmadığını göstərir. Özünə əmin olan və siyasi iradə nümayiş etdirən tərəf “sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi”ndən niyə narahat olmalıdır ki?".


Analitikin fikrincə, sülh müqaviləsinin imzalanmasını süni surətdə yubatmaq üçün Bakıya vaxtaşırı təkliflər, əlavə və düzəlişlər göndərən İrəvan sülh müqaviləsinin bağlanmasının gecikdirilməsində bizi suçlayaraq, sülh prosesindən imtina edə bilər:
"Bir sözlə, görünən budur ki, Ermənistanın sürüşkən liderinin heç bir sözünə inanmaq olmaz. Əslində, sülh bizdən daha çox Ermənistanın özünə lazımdır. Lakin bunu anlamaq istəməyən Paşinyanın öz sələflərinin yolunu tutması və müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatması təəssüf hissi doğurur. Əgər Paşinyan bu cür sərsəm üsullarla Ermənistanın güclənməsinə qədər sıgortalanmağı düşünürsə, ciddi səhvə yol verir. Ermənistanın yenidən silahlanması və revanşizmə can atması ermənilər üçün ən ağılsız seçimdir".
скачать dle 12.1