Bia.Az

İran XİN-dən ABŞ və Böyük Britaniyaya: "Regionun qəzəbinə düçar olmayın"

Dünya
 5-02-2024, 11:55     133

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaxın Şərq dövlətləri ərazisində hərbi əməliyyatlar aparan ABŞ və Böyük Britaniyanı “regionun qəzəbinə tuş gəlməməyə” çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial platformasındakı səhifəsində yazıb.

"ABŞ və Böyük Britaniyanın Yəmənə hərbi hücumlarını, eləcə də ABŞ-ın İraq və Suriyadakı təcavüzünü qətiyyətlə pisləyirik. Regionun qəzəbinə düçar olmayın", - deyən İran diplomatiyasının rəhbəri əlavə edib ki, ölkəsi İraq, Suriya, Yəmən və Fələstinin (Qəzza zolağı və İordan çayının qərb sahili) təhlükəsizliyinə bütün regionun təhlükəsizliyi kimi baxır.

Fevralın 4-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani Çafi bildirib ki, ABŞ və Böyük Britaniya qiyamçı Yəmənin Ənsar Allah hərəkatının (husilərin) mövqelərinə hücumları davam etdirərək, bütün regionda təhlükəsizliyi təhdid edir. Kənani Çafi ABŞ-ın İraq və Suriyaya zərbələrini “strateji səhv” adlandırıb.

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib.

Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər. İraq və Suriyadakı şiə silahlı qrupları isə öz növbəsində “ABŞ-ın dəstəklədiyi İsrailin Fələstin əhalisini qətlə yetirməsinə cavab olaraq” bu ölkələrdəki Amerika hərbi bazalarına hücumlar həyata keçirməyə başlayıb.

Fevralın 4-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ənsar Allah hərəkatının husi üsyançılarının beş qanadlı raketini hədəfə alaraq Yəmənə növbəti zərbələr endirib. Fevralın 3-də ABŞ və Britaniya qüvvələri husilərlə əlaqəli 36 hədəfə zərbələr endirib.скачать dle 12.1