Bia.Az

Demokl qılıncı: Ermənistan KTMT-ni tərk etməyə risk etmir - ŞƏRH

Dünya
 1-02-2024, 19:09     161

Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əməkdaşlıq olmadan mümkün deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib.

“Rusiya Qərbin Ermənistandakı vəziyyətdən istifadə edərək təkcə orada deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərini görür. Ermənistan tərəfinin diqqətini Qərbin bu siyasətinə yönəltmək üçün KTMT çərçivəsində müzakirələr aparılır”, - Vasilyev bildirib.

Ermənistan və KTMT arasında yaşananları "Sherg.az" üçün dəyərləndirən Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın KTMT-dən gözləntilərinin çox böyük olduğunu, amma narazılıqlarının da azalmadığını söyləyib:

"İkinci Qarabağ müharibəsində Ermənistan KTMT-nin onu qoruyacağını düşünürdü. Lakin gözlədikləri kimi olmadı, çünki Azərbaycan öz ərazisində savaşırdı. Bu səbəbdən İrəvanda sözügedən təşkilata qarşı narazılıqlar səngimir. Bütün yaşananlara rəğmən Ermənistan KTMT-ni tərk edə bilmir. Buna səbəb alternativinin olmamasıdır. Belə ki, Paşinyan Qərblə yaxınlaşmaq üçün çox çalışır, amma Qərb Ermənistana təhlükəsizlik təminatı verə bilmir. Nəticə etibarı ilə Ermənistan hakimiyyət mənsubları KTMT və Rusiyanı nə qədər sərt tənqid etsələr də təşkilatı tərk etməyə risk etmirlər".
скачать dle 12.1