"Türkiyədə yaşamaq icazəsi almaq istəyən tələbələrimizə, Azərbaycanın diplomatik korpusu dəstək göstərə bilər"

Türkiyə qardaş ölkədir. Əksər azərbaycanlı gənclər təhsil almaq üçün məhz Türkiyəni seçirlər. Amma son zamanlar tələbələrimiz Türkiyədə ciddi problemlərlə üzləşməyə başlayıblar. Belə ki, Türkiyədə müəyyən təhsil müəssisələrində təhsil alan tələbələrimiz orada yaşamaq icazəsi almaqda çətinlik çəkirlər. Problem isə, Köç İdarəsinin tətbiq etdiyi yeni qaydalarla bağlıdır. Belə ki, fərdi evlərdə yaşayan tələbələrdən ayrı-ayrılıqda kirayə müqaviləsi və adlarına abunəlik tələb edilir. Məlumdur ki, Türkiyədə bir evdə bir neçə tələbə yaşayır ki, onlar ayrı-ayrılıqda kirayə müqaviləsi və abunəlik əldə edə bilməzlər. Köç İdarəsi isə, bu sənədləri təqdim edə bilməyən tələbələ bir mənalı olaraq “rədd” cavabı verir. Əslində, Türkiyə Azərbaycanın və azərbaycanlıların çox sevdiyi ölkədir. Çünki biz də Azərbaycan Türküyük. Türkiyə bizə ikinci Vətən kimi olsa da, təəssüf ki, öz vətənimizdə yaşamaq üçün icazə ala bilmirik. Aidiyyatı qurumlar isə, bu məsələdə sadəcə “sus” pozisiyasını tutur...
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə tələbə olan və Türkiyənin təhsil sistemində mövcud mümkün qanuni yollarla bu ölkədə tələbə statusu almış şəxslər, yaşayış icazəsi almaqda elə də çətinlik çəkmirlər.
Azər Allahverənov
“Yəni burada ola bilər ki, müəyyən çətinliklər olsun. Məsələn; siz qeyd edirsiniz ki, evin kirayə kontraktı ilə bağlı ola bilər. Mənim yaxın çevrəmdə çox saylı insanlar var ki, onlar Türkiyədə yaşayarkən, onların müəyyən bir qismi yataqxanaya qeydiyyatda olurlar. Yəni həmin o ali təhsil müəssisəsinin yataqxanasında qeydiyyatda olur, digər bir qismi də evlərdə yaşıyırlar. Evlərdə qeyri-qanuni şəkildə və kirayə müqaviləsi olmadan yaşayan insanlar müəyyən çətinliklərlə üzləşə bilərlər. O da şəhərlə bağlı məsələdir. Bəzi şəhərlərdə şəhər meyriyasının qoyduğu qaydalar ola bilər ki, orada qaydalar nisbətən sərt ola bilər. Bu da xüsusilə o şəhərlərdədir ki, orada çox sayda tələbə var. Və bir nizamsızlıq var. Bu nizamın təmin olunması baxımından əlavə qaydalar tətbiq olunur. O şəhərlərdə ki, tələbələr azdır, orada bu kimi problemlərlə insanlar rastlaşmırlar. Ayrı-ayrı faktlar varsa, bunları aradan qaldırmaq mümkündür. Dövlət qurumları ola bilər ki, dərhal cavab verməsin. Bunun üçün də biz digər resursları işə salmalıyıq”-deyə ekspert vurğulayıb.
Sədrin sözlərinə görə, bizim tələbələrimizə Azərbaycanın diplomatik korpusu bu prosesdə köməklik göstərə bilər. Eyni zamanda tələbələrimizə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar da çox yaxından dəstək ola bilər.
“Bir də ayrı-ayrı şəhərlərdə şəxslər var ki, bizim tələbələr onlara mütəmadi olaraq, müraciət edir. Onların əksər problemlərini həmin şəxslər həll edə bilir. Onlar tələbələrin yataqxana məsələlərində, bilet məsələlərində, uçuş məsələlərində dəstək olurlar. Yəni ayrı-ayrı şəxslər var ki, təmənnasız olaraq bizim tələbələrə köməklik göstərirlər.
Eyni zamanda burada 3 seqment görünür. Bura diplomatik korpus, diaspora təşkilatları, bir də fərdi şəxslər və ya qruplar daxildir.
Bizim tələbələr olduqları şəhərlərdə bizim diaspor təşkilatlarını, mərkəzləri tapmalıdırlar. Orada diplomatik korpus səfirlik və ya konsulluq olmasa belə, konkret şəxslər var ki Azərbaycan icması ilə çox yaxından işləyirlər. Və ya Azərbaycan icmasının üzvləridir. Yəni ayrı-ayrı şəxslərə müraciət edərək, bizim tələbələrimiz müəyyən dəstək əldə edə bilərlər”- deyə ekspert vurğulayıb.