Bia.Az

Putinin düşməni türmədən ismarış göndərdi – Sürpriz rəqiblə bağlı müəmma

Dünya
 24-01-2024, 19:19     154

Sabiq deputat Boris Nadejdin Rusiya prezident seçkilərində Vətəndaş Təşəbbüsü Partiyasının namizədi olacaq. Diqqətçəkən məqam isə hazırda həbsdə olan Aleksey Navalnının hamını ona dəstək olmağa səsləməsidir. Navalnının çağırışından sonra bir saat ərzində 100 mindən çox imza toplanılıb. Paytaxt Moskva və Sankt-Peterburqda minlərlə insan Nadejdinə dəstəyini ifadə edib.

Digər diqqətçəkən məqam isə Nadejdinin dedikləridir. O bildirib ki, “Rusiya Qərb ailəsinin bir parçasıdır və bizə müharibə lazım deyil”.
Hazırda ortaya bəzi suallar çıxıb: Boris Nadejdin kimdir? Aleksey Navalnı onu niyə dəstəkləyir? Onun Ukrayna ilə bağlı dedikəri Qərbin dəstəyini qazanmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Kreml Rusiyada seçkiqabağı demokratiyanın simulyasiyasında maraqlıdır və bu mənada Boris Nadejdinin Vladimir Putinə qarşı cəbhədə dayanması rəqabət illüziyası şəklində qiymətləndirilə bilər:

“Rusiya ictimai-siyasi və media mühitində Nadejdinin Putinin adamı olub-olmaması ilə bağlı debatların getməsi Nadejdinə inananlar qədər ona skeptik yanaşmaların da bolluğunu göstərir. Üstəgəl Boris Nadejdin hələ prezidentliyə namizəd kimi qeydə alınmayıb, onun təqdim etdiyi seçici imzalarının etibarlılığına şübhə toxumu səpmək Vladimir Putinin əlində elementar bir maneradır.

Hər halda Nadejdinin Kremlin layihəsi, yoxsa Putin hakimiyyətinə qarşı həqiqi bir mübariz olması gündəmdə ikən ortaya çıxan dəstək bəyanatları məsələni daha da qəlizləşdirir.

Çünki mühacirətdə olan Mixail Xodorkovski, hazırda məhbəs həyatı yaşayan müxalifətçi Aleksey Navalnı tərəfdarlarını Nadejdini dəstəkləməyə çağırırlar.

Bu dəstək fonunda Nadejdinin özünü sahibkar, hüquqşünas və siyasətçi, Rusiyanı avtoritarizm və militarizasiya xəttindən çıxarmaq istəyən biri kimi təqdim etməsi diqqəti Qərbin seçki prosesindəki iştirakına yönəldir”.


Aqşin Kərimov

Siyasi şərhçi deyib ki, üçversiyalı cavablar tələb edən suallar doğur:

“Görəsən, Nadejdin müstəqildirmi? Yoxsa onun pultu Kremlin əlindədir? Bunların heç biri deyilsə, o zaman Nadejdinin fikir ataları Qərbdəmi əyləşib?

Bu suallara cavab axtarışlarına çalışsaq da, Nadejdinin Putinə qarşı mübarizədə qələbə qazanacağı ehtimalının zəif olması vacib bir nəticəni qeyd edir: Nadejdin sadəcə texniki olaraq prosesə qoşulub və Rusiyanın Ukraynadakı müharibəsini pisləyərək anti-müharibə əleyhdarlarının etimadını qazanmağa çalışır.

Lakin Nadejdin müharibənin bitirilməsi suallarından bəhs etmir, bu o deməkdir ki, Rusiyada hakimiyyətdə kimin olmasının Moskvanın strateji ambisiyalarına elə böyük təsiri yoxdur.

Rusiyanın siyasətinin dəyişməsi üçün strateji doktrinasına əsaslı dəyişikliklər etməlidir, əks təqdirdə hakimiyyətdəki obrazların niyyət və məramları o qədər də əhəmiyyət daşımır”скачать dle 12.1