İsrail girovların ailələrinin təzyiqindən sonra Həmasa 2 aylıq atəşkəs təklif edib

Qərb müttəfiqlərinin “iki dövlətli həll”ə təzyiqlərini artırdığı bir vaxtda İsrailin baş naziri Benyamin Netanyahu da HƏMAS tərəfindən saxlanılan girovların ailələri tərəfindən sıx basqılar altındadır.
Bizimyol.info xəbər verir ki, Netanyahunun HƏMAS ilə razılığa gəlməsini istəyən girovların qohumları Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında çadır quraraq girov razılaşması imzalanana qədər oranı tərk etməyəcəklərini bəyan ediblər.Həftəsonu Təl-Əviv başda olmaqla bir çox şəhərlərdə minlərlə israilli “girovların dəyişdirilməsi razılaşması” tələbi ilə küçələrə çıxıblar, dünən aksiya iştirakçıları parlament binasının girişini bağlayaraq, “təcili növbədənkənar seçkilər” keçirməyə çağırıblar. Binaya daxil olaraq deputatların iclasını dayandıran girovların yaxınlarından biri deyib: “Siz burada oturursunuz, orada uşaqlarımız ölür”.
Bütün bu təzyiq altında Təl-Əviv rəhbərliyinin HƏMAS-ın əlində saxladığı bütün məhbusların azad edilməsi müqabilində Qəzza zolağına hücumlarını 2 ay müddətinə dayandırmağı təklif etdiyi iddia edilib. İsrailin Qəzzada daimi atəşkəsi ehtiva etməyən təklifi Qətər və Misir vasitəsilə çatdırdığı bildirilərkən, İsrail rəsmilərinin HƏMAS-dan cavab gözlədiyi bildirilib. Netanyahu bu yaxınlarda bəyan etmişdi ki, o, Həmas-ın israilli girovların azad edilməsi müqabilində müharibəni dayandırmaq təklifini rədd edib.
Digər tərəfdən İsrail ordusu dünən Qəzza zolağında baş verən qarşıdurmalarda 3 zabitinin şəhid olduğunu açıqlayıb. Xan Yunusda 2 binanın uçması nəticəsində 22 İsrail əsgərinin öldüyü bidirilib.
Oktyabrın 27-dən bəri davam edən quru əməliyyatında həlak olan İsrail əsgərlərinin sayının 198-ə yüksəldiyi bildirilib.
Netanyahu siyasi baxımdan da küncə sıxışdırılıb. Nəhayət, İşçi Partiyası İsrail parlamentində hökumətə etimad səsverməsi tələb edib. Tələb üçün digər müxalifət qruplarından dəstək istəyən partiya: “Qızlarımız və oğullarımız 108 gündür HƏMAS-ın əsirliyindədir. Hökumət onları xilas etmək üçün lazımi qərarlar qəbul etmir”,- deyə bəyanat verib.
Keçmiş baş nazir və müxalifət lideri Yair Lapid də Netanyahunu erkən seçkilər elan etməyə çağıraraq: “Onsuz da orada bitəcək”, - deyib.