Bia.Az

Polşada polis Prezident Sarayına basqın edib: Keçmiş daxili işlər naziri və müavini saxlanılıb

Dünya
 10-01-2024, 14:03     123

Polşada polis Prezident Sarayına basqın edərək keçmiş naziri həbs edib.


Bizimyol.info xəbər verir ki, Varşava polisi Prezident Sarayına daxil olaraq, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiyaya təhrik” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maciej Vasiki saxlayıb.
Bildirilib ki, Kaminski və Vasik axşam saatlarında prezident Anjey Duda Belarus müxalifətinin lideri Svietlana Tsihanouskaya ilə görüşərkən saxlanılıb. Polşa daxili işlər nazirinin müavini Çeslav Mroçek sosial media hesabından verdiyi açıqlamada Kaminski və müavini Vasikin Prezident sarayında saxlanıldığını təsdiqləyib.

Varşava Yerli Məhkəməsində 2007-2010-cu illərdə Polşada Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Mərkəzi Bürosunun rəhbəri olmuş Kaminski və onun müavini Vasik barəsində siyasi məqsədlər üçün “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiyaya təhrik” ittihamı ilə iddia qaldırılıb. 2015-ci ildə yekunlaşan işin nəticəsi olaraq məhkəmə Kaminski və Vasiki təqsirli bilərək, onları 3 il müddətinə azadlıqdan məhrum edib.

Həmin vaxt Kaminski və Vasikin üzvü olduğu Hüquq və Ədalət Partiyası (HƏP) hakimiyyətə gəlib. Həmin il HƏP-in namizədi olaraq prezidentliyə seçilən Duda amnistiya səlahiyyətindən istifadə edərək 2016-cı ilin martında Kaminski və Vasikin həbs cəzalarını əfv etdiyini açıqlayıb. Kaminski və Vasik Polşa parlamentində deputat kimi vəzifələrini davam etdiriblər. 2019-2023-cü illər arasında Mariuş Kaminski daxili işlər və inzibati işlər naziri, Maciej Vasik isə nazir müavini vəzifələrində çalışıblar.

Varşava Prokurorluğu Kaminski və Vasikin həbs cəzaları yuxarı məhkəmə tərəfindən yekunlaşana qədər prezident tərəfindən əfv oluna bilməyəcəyini əsas gətirərək Ali Məhkəməyə müraciət edib. Ötən ilin iyununda Polşa Ali Məhkəməsi prezidentin əfv səlahiyyətinin bu işdə etibarlı ola bilməyəcəyinə qərar verib və işi Varşava Rayon Məhkəməsinə göndərib.

Varşava Rayon Məhkəməsi 2023-cü il dekabrın 20-də keçirilən son iclasında Kaminski və Vasiki “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiyaya təhrik” ittihamı ilə hər birini 2 il müddətinə azadlıqdan məhrum edib. Varşava Dairə Məhkəməsinin qərarı qəti olduğundan, 15 oktyabr 2023-cü ildə keçirilən ümumi seçkilərdə yenidən deputat seçilən Kaminski və Vasikin yerləri parlamentin aşağı palatası olan Seymin sədri Szymon Holovnia tərəfindən Polşa Seçki Qanununa uyğun olaraq ləğv edilib.

Ana müxalifət partiyası olan HƏP üzvləri baş verənlərin hamısının hakim partiya Vətəndaş Platformasının (Platforma Obyvatelska) siyasi qisası olduğunu iddia edərkən, prezident Duda konstitusiyanın ona verdiyi amnistiya səlahiyyətindən istifadə etməkdə israr edib.скачать dle 12.1