Bia.Az

Hindistandan Ermənistana nəhəng köç başlayıb - GƏLİŞMƏ

Dünya
 3-01-2024, 13:56     103

Hindistandan Ermənistana yollanan şəxslərin sayı hər gün az qala həndəsi silsilə ilə artır. İrəvanla yanaşı, Ermənistanın digər şəhərlərinin küçələrində az qala addımbaşı hindus görmək artıq adi, trivial hala çevrilib.

2023-cü ilin əvvəlindən bəri Hindistandan Ermənistana yollanmış şəxslərlə bağlı rəsmi statistika yoxdur. Ermənistanın Dövlət Miqrasiya Xidməti "müvafiq rəqəmlər hələ hazırlanmayıb - hesablamalar başa çatmayıb" deyir, Nazirlər Kabineti susur, nazirliklər isə, ümumiyyətlə, açıqlama vermirlər.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk etmiş vətəndaşlardan olan fotoqraf Aleksandr Patrinin "Facebook"dakı profilində paylaşdığı kiçik yazısı və fotoları Ermənistanda "bomba partlayışı" effekti doğurub.

A.Patrinin paylaşımını olduğu kimi təqdim edirik: "İrəvanın mərkəzi, 2024-cü ilin qarşılanması. Gecəyarıya yarım saat qalmış küçəyə çıxanda özümü sanki başqa ölkəyə teleportasiya olunmuş şəxs kimi hiss etdim. Respublika Meydanı və mərkəzi küçələr minlərlə əcnəbi, əsasən, Hindistan vətəndaşları ilə dolu idi. Onların əksəriyyəti sərxoş idilər.

Gecəyarı. Respublika Meydanında hərəkət açıqdır. Nə bayram proqramı var, nə atəşfəşanlıq, nə fişənglər. Halbuki dekabrın 19-da İrəvanın mərkəzində yolkanın işıqlarının yandırılması mərasimi miqyasına görə sanki Olimpiya Oyunlarının təntənəli açılışı idi. Bu Yeni İl bütünlüklə İrəvandakı hindusların əlində oldu. Onlar meydanlarda və küçələrdə milli mahnılarını oxuyur, rəqs edir, ora-bura qaçışırdılar. Elə davranırdılar ki, sanki Yeni İli yox, Ermənistanın Hindistana birləşməsini bayram edirlər".

Rusiyalı fotoqrafın paylaşımı Ermənistan cəmiyyətində və xüsusilə də mass-mediada böyük qıcığa, narazılığa və qəzəbə səbəb olub.

Fotolar sübut olduğundan, faktı dana bilməyən ermənilər "biz ermənilər Yeni İli evdə, ailəmizlə qeyd edirik, sonra qohumlarımıza qonaq gedirik: bu səbəbdən mərkəzi meydanda ermənilər az idi" tipli bəraətlərlə özlərinə haqq qazandırmağa çalışıblar.

İstənilən dövlətdə turistlərin və ya miqrantların sayının az olmaması ekstraordinar hal deyil. Hətta ABŞ, Yeni Zelandiya, İslandiya, Avstraliya, Malayziya, Sinqapur kimi dövlətlər ümumiyyətlə, əsasən mühacirlərdən, müxtəlif səbəblərlə həmin məkana üz tutmuş miqrantlardan formalaşıblar.

Ermənistanda da Hindistan vətəndaşlarının olması humanitar fəlakət deyil. Tam tərsinə, adi və trivial hadisədir.

Anormal olan Hindistandan Ermənistana axın edən şəxslərin sayı və ən başlıcası, bu sayın sürətlə artmasıdır.

Cənub-Şərqi Asiya ölkələrində milyonlarla, on milyonlarla insan aclıqda və səfalətdə yaşayır. Onlar malik olduqları bütün imkanlardan istifadə edərək yaşadıqları ölkələri tərk etməyə, iş və nisbətən normal həyat üçün başqa ölkələrə üz tutmağa can atırlar.

Hindistan vətəndaşlarının Ermənistana axışması da səbəbsiz deyil. Onların bir qismi Ermənistanda qalaraq ən ağır və azmaaşlı işlərdə çalışır, özlərinə yeni həyat qurmağa, ən əsası isə vətənlərində qalmış ailə üzvlərinə hər ay müəyyən məbləğdə pul yollamağa çalışırlar.

Digər hinduslar isə Ermənistandan aralıq mərhələ qismində istifadə edərək, Qərbə üz tuturlar və təkrar mühacirət edirlər.

Ermənistan iqtisadiyyatının vəziyyətini, cəmiyyətdəki irqçilik, neonasizm, ksenofobiya, ifrat millətçilik kimi problemləri nəzərə alsaq, erməni cəmiyyətinin hinduslarla birgəyaşam, əməkdaşlıq və inteqrasiya potensialının yüksək olmadığını vurğulaya bilərik.

Ermənistan İş Yeri Sahibləri İttifaqının sədri Qagik Makaryan da bu fikirdədir. Onun sözlərinə görə, ölkədəki Hindistan vətəndaşlarının sayı artıq 60 min nəfəri keçib.

"Onlar gəlməyə davam edirlər və təbii ki, Ermənistandakı hindusların sayı sürətlə artır. İrəvanla Nyu-Dehli arasında birbaşa aviareys işə düşəndən sonra isə bu statistikada artım daha da sürətlənəcək", - Q.Makaryan söyləyib.

Onun sözlərinə görə, Ermənistana axın edən hindusların tam əksəriyyəti Hindistanın əyalətlərinin sakinləridir ki, yaşadıqları yerlərdə aylıq gəlirləri 25-100 ABŞ dolları arasındadır.

"Ermənistanda isə bu hinduslar bir neçə dəfə çox pul qazanırlar. Onlar çox sadə həyat sürürlər və qazanclarının böyük miqdarını Hindistana, ailələrinə yollaayırlar. Ölkəmizdəki hinduslar, əsasən, yemək çatdırma, inşaat sahələrində və təmizlik xidmətləri sektorlarında işləyirlər. Nadir hallarda isə pullu yoqa kursları açırlar", - Q.Makaryan bildirib.

Ermənistana üz tutan hindusların tam əksəriyyəti paytaxt İrəvanda qalırlar və tikinti sektorunda işləmək istəyirlər. Amma 2024-cü ilin ilk ayından etibarən İrəvanda inşaaat həcmi azalacaq, regionlarda isə artacaq. Bu səbəbdən Hindistan vətəndaşları ya Ermənistanın əyalətlərinə yollanmalı, ya da özlərinə başqa sahələrdə iş axtarmalıdırlar.

Hindistan vətəndaşlarının peşə məziyyətlərinin aşağı olması, erməni dilini bilməmələri də onları ciddi problemlərlə üzləşdirəcək.

Digər problem vizalarla bağlıdır. Hindistandan Ermənistana üz tutanların təqribən 90 faizi İrəvanda az müddət qalandan sonra Avropa ölkələrinə və ya Şimali Amerikaya yollanmağı planlaşdırırlar. Ancaq Qərb ölkələrinin İrəvandakı səfirlikləri Hindistan vətəndaşlarına viza verməyərək, onlara bu sənədi almaq üçün Nyu-Dehliyə yollanmağı məsləhət bilirlər.

Hinduslar hətta Gürcüstan vizası almasalar, İrəvan-Tbilisi qatarına da əyləşə bilməzlər.

Fəqət, bütün obyektiv problemlərlə rəğmən, Hindistan vətəndaşları Ermənistana axışırlar.

Rəsmi Dehli bu amili Ermənistanda mövqelərinin möhkəmlənməsi və sonradan Cənubi Qafqazdakı proseslərə təsir mexanizmlərinə yiyələnmək imkanlarından biri kimi dəyərləndirir.

Hinduslar ermənilərlə normal münasibətlər qurduqlarını deyirlər. Onlar yanılırlar, çünki erməni dilini bilsəydilər, barələrində sosial şəbəkələrdə yazılanları, təhqirləri və aşağılayıcı ifadələri oxuya bilərdilər.

Ermənistan cəmiyyəti etnik zəmində dözülməzlik və ksenofobiya mərəzlərindən qurtulmaq istəmədiyi üçün də ölkəyə gələn Hindistan vətəndaşlarına ikinci, hətta üçüncü dərəcəli insanlar kimi baxırlar.

Hindistan Cənubi Qafqazda müttəfiqini yanlış seçib, çünki ermənilər adi hinduslara olan səbəbsiz nifrətlərini və eqosentrizmini hələlik pərdələyirlər. Ermənistanın necə müttəfiq və tərəfdaş olduğunu isə Hindistanın siyasi elitaları bir müddət sonra anlayacaqlar.

Ümid edirik ki, həmin zamanda ermənilərlə bağlı rəsmi Dehlinin geosiyasi itkiləri və təəssüf hissi böyük olmaz.

Elçin Alıoğlu
TREND
скачать dle 12.1