Nobel mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verilib

Dəkkə məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu əmək qanunlarını pozmaqda ittiham edərək 6 ay həbs cəzasına məhkum edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Banqladeşin "Dhaka Tribune" qəzeti məlumat verib.
Nəşrin yaydığı məlumata görə, Yunusla birlikdə onun təsis etdiyi "Grameen Telecom" telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də məhkum edilib. Onlar həmçinin bir maddə ilə 5 min taka (45 dollar), digər maddə ilə isə 25 min taka (227 dollar) cərimə cəzasına məhkum ediliblər. Cərimələrin hər birinin ödənilməməsinə görə onları müvafiq olaraq daha 10 və 15 gün həbs gözləyir.
İqtisadi inkişaf sahəsində fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülən 83 yaşlı iqtisadçı 1983-cü ildə təsis etdiyi "Grameen Bank" vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikro kreditlər verməyə başlayanda beynəlxalq səviyyədə tanınıb. Tezliklə onunla baş nazir Şeyx Hasina arasında münaqişə yaranıb. Baş nazir Yunusu kəndliləri maliyyə əsarətində saxlamaqda günahlandırıb. O qeyd edib ki, kəndlilər alınan kreditlərə görə "Grameen Bank"a illik təxminən 20% faiz ödəməlidirlər. Hkumət rəhbəri bildirib ki, bu kəndlilər üçün ödənilməsi mümkün olmayan faizdir və buna görə də onlar bankdan aslı vəziyyətə düşürlər.
2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Nobel mükafatı laureatının xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb.