ABŞ İsrailə dəstək üçün göndərdiyi təyyarədaşıyan gəmisini geri çəkəcək

ABŞ rəhbərliyinin Qəzzada böhranın başlanğıcında İsrailə dəstək məqsədilə Şərqi Aralıq dənizinə göndərdiyi "USS Gerald R.Ford" təyyarə daşıyan gəmisini yaxın günlərdə geri çəkəcəyi iddia edilib.
Bizimyol.info xəbər verir ki, Amerikanın "ABC News" kanalına açıqlama verən və adının çəkilməsini istəməyən iki ABŞ rəsmisi oktyabrın ortalarından etibarən bölgədə fəaliyyət göstərən təyyarədaşıyan gəminin missiya təlimatlarının tezliklə dəyişəcəyini bildirib.Sözügedən səlahiyyətlilər, ölkənin inventarındakı ən böyük və ən yeni təyyarə gəmisi olan "USS Gerald R.Ford" təyyarədaşıyıcısının və onu müşayiət edən kreyserlərin və hücum gəmilərinin Şərqi Aralıq dənizini “yaxın günlərdə” tərk edərək, əvvəlcə yerləşdikləri Virciniya ştatındakı Norfolk limanına dönəcəyini qeyd ediblər. Məlumat verən səlahiyyətli şəxslər bölgədə İsraili dəstəkləmək üçün bundan əlavə çoxlu gəmi və kreyser olduğunu və Təl-Əvivə dəstəyinin davam etdiyini əlavə edib.
Hələlik Pentaqondan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarından dərhal sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailə kömək etməyə hazır olduğunu nümaiş etdirmək məqsədi ilə təyyarədaşıyan donanmanın Şərqi Aralıq dənizinə göndərilməsi barədə göstəriş verdi.