Bia.Az

Köçəryan cinayət təqibindən qurtuldu

Dünya
 28-12-2023, 14:49     201

Ermənistanın sabiq prezidenti Robert Köçəryan cinayət təqibindən qurtulub. Xətm qərarını dekabrın 27-si paytaxt Yerevanda aşağı instansiya məhkəməsi cinayət məsuliyyətinə cəlbetmə müddətinin bitməsi əsasında çıxarıb.

Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılırdı. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilmişdi. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.

1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

Robert Köçəryan dövlət başçısı olduğu vaxt, 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilib.

2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Köçəryan yenidən həbs edilib, sentyabrın 12-də mühakimə prosesi başlayıb.

Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.

2021-ci il aprelin 6-da konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı ilə cinayət təqibi dayandırılıb. Qərar Konstitusiya Məhkəməsinin 26 mart 2021-ci il qərarına əsaslanıb. Həmin qərarla Ermənistan Cinayət Məcəlləsinin dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə görə məsuliyyət müəyyən edən 300.1-ci maddəsi ölkə konstitusiyasına zidd sayılıb.

2023-cü ilin mayında xüsusilə külli miqdarda rüşvət almaq epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti bitib./novator.azскачать dle 12.1